“Ölkə başçısı "Qaçkınkom"un keçmiş fəaliyyəti ilə bağlı dəqiq məlumata malikdir”
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Kəlbəcərin yeni icra başçısı Azər Qocayevi videoformatda qəbul edib.
Ölkə başçısı qəbulda son vaxtlar ölkədə aparılan islahatlardan və məmurların özbaşınalığından söz açıb. O, nitqində son illərdə qaçqınlara verilən evlər zamanı qanunsuzluğa, rüşvətxorluğa və korrupsiya hallarına yol verildiyini bildirib.
Qeyd edək ki, 1998-ci ildən 2018-ci ilin aprel ayına kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov olub.
Bununla bağlı Unikal.org-a açıqlama verən Milli Məclisin deputatı Fəzail Ağamalı ölkə başçısının qətiyyətli addımlar atdığını və qeyd edilən hallarla bağlı hüquq-mühafizə orqanlarının artıq araşdırmalara başladığını güman etdiyini deyib: “Cənab Prezidentin bu gün Kəlbəcər rayonuna yeni təyin edilən icra başçısı ilə onlayn qəbul zamanı bildirdiyi iradlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Bu gün ölkə miqyasında Prezident İlham Əliyevin aparmış olduğu islahatlar rüşvətxorluğa və korrupsiyaya qarşı geniş miqyas və mahiyyət daşıyır. Ölkə prezidentinin yeni icra başçısına verdiyi tapşırıqların içərisində bu cür məqamlara da toxunuldu. Belə ki, məcburi köçkünlərə verilən evlərdə başqa insanların yaşaması, qeydiyyatda olması, eyni zamanda tikintidə yol verilən korrupsiya faktlarının olması qeyd olundu. Artıq ölkə prezidenti bununla bağlı dəqiq məlumata malikdir. Bu sahədə olan özbaşınalıqlarla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparıldığına əminəm. Çox sahələrdə bu və buna bənzər hadisələrin şahidi olacağıq”.