Vətəndaşa “dovşan” deyən polis üzr istədi, işdən ÇIXARILDI - VİDEO
İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib: “Bu da bağışlanmaz hal kimi qiymətləndirilib. Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib”. Xatırladaq ki, iyunun 7-də Çevik Polis Alayı Yasamal rayonunda sərt karantin qaydalarını pozan vətəndaşların yaşadığı binada əməliyyat keçirib. Bu zaman polis əməkdaşlarından biri qayda pozan vətəndaşın xanımına “ərin də dovşandır, sən də dovşansan!” deyərək, onu aşağılayıb. Hadisə sosial şəbəkələrdə böyük narazılığa səbəb olub, polisin imicinə xələl gətirib. /"AzerTaym.az"