YOLUXMA SAYI PİK HƏDDƏ: XƏSTƏXANALAR DOLUB ... - Vəziyyətin təhlükəli həddə çatmasi nə ilə bağlıdır?

Azərbaycanda koronavirusla bağlı vəziyyət kritik olaraq qalır. Son günlər ölüm saylarının artması da vəziyyətin nə dərəcədə təhlükəli olmasından xəbər verir.

Hazırda ölkəmizdə yoluxma sayının çoxalmasını əsasən iki amillə əlaqələndirirlər. Birincisi, avtobuslarda insan sıxlığı, ikincisi isə virusa yoluxanların çölə çıxaraq digərlərini yoluxdurması. Koronavirus xəstələrinin evdən çıxmasını necə əngəlləməli? Sirr deyil ki, bəzi hallarda bütün ailə üzvləri xəstələnir, dərman almaq üçün kimsə evdən çıxmaq məcburuyyətində qalır...

“Yeni Müsavat”a danışan həkim-infeksionist Mərdan Əliyev son günlər yaranan vəziyyətlə bağlı narahatlığını ifadə edib: “Görünən odur ki, avtobusda yaranan sıxlıqla bağlı məsələni həll edə bilmədilər. Bakı Nəqliyyat Agentliyi bu işi tənzimləyə bilmədi. Burada mütləq şəkildə maskalardan istifadə etmək lazımdır. Heç olmasa, avtobuslarda M 95 tipli maskalardan istifadə etsinlər. Çünki orada sıxlığa görə yoluxma ehtimalı çoxdur. Bir nəfərdə olsa, digərlərini də asanlıqla yoluxduracaq. Çünki qapalı yerdir, qışdır, pəncərələr çox açılmır. Bununla əlaqəli yoluxma da artır. Xəstə insanların özlərinin apteklərdən dərman alması məsələsinə gəlincə, ambulator şəkildə müalicə alan xəstələr dərmanları özləri alır. Dövlət tərəfindən verilmir. Belə bir mexanizm yaxın gələcəkdə də gözlənilmir. Aptek işçiləri daha çox tədbirlidirlər, çünki bilirlər ki, ora gələnlər onsuz da xəstə adamlardır. İstənilən halda, maskadan istifadə edirlər. İçəri daxil olanların da maska taxmasını tələb edirlər. Orada yoluxma halının elə çox olmadığını düşünürəm. Amma təbii ki, virusa yoluxanlar sıxlıq olan yerə gedirlərsə, kimisə yoluxdurma ehtimalları çoxdur. Digər narahatlıq doğuran məsələ isə testlərlə bağlıdır. Bəzən insanların analizlərinin nəticəsi mənfi çıxır, əslində virusa yoluxmuş olur. Testlərin götürülməsi məsələsi keyfiyyətli olmaya bilər. Avropada da, Amerikada da belə bir problemlər var. Yəni testlər xəstə olduğun halda, neqativ göstərə bilir. Bu da yayılmaya səbəb olan faktordur. Bunun qarşısını almaq mümkün deyil”.

Müsahibimiz yeganə çıxış yolunu insanların özlərini qorumasında görür: “İnsanlar ehtiyatlı olmalıdırlar. Artıq bilirik ki, xəstəxanalarda yer yoxdur, təcili yardımlar da xəstələrin yanına çətinliklə gəlirlər, çünki xəstəxanalar hamısı doludur. Yalnız qorunmaq lazımdır. Bu dəqiqə ən düzgün variant xəstələnməməkdir. Maskalardan düzgün istifadə etmək, əl yumaq, məsafə saxlamaq lazımdır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də Operativ Qərargahı sərt karantin rejiminə qayıtmağa çağırıb. O bildirib ki, SMS icazəsi qaytarılsın, əks halda, iki həftəyə vəziyyət nəzarətdən çıxacaq. Deputat onu da əlavə edib ki, avtobuslarda sıxlığı azaltmaq mümkün olmur. O, ventelyasiya sistemini yaxşılaşdırmaqla metronun açılmasının mümkünlüyündən də danışıb.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, ictimai nəqliyyat pandemiya dövründə ən problemli sahələrdən biri kimi üzə çıxdı: “Doğrudan da biz bu sahədə nəzərdə tutulan, arzuladığımız səviyyənin heç yarısını əldə etməmişik. Bura təzə avtobuslardan, avtobusların sayından tutmuş, avtobus dayanacaqları, kart sistemi və sairə daxildir. Bu sahə Nəqliyyat Nazirliyinin əlində olub, qurum köhnə avtobusların qalmasına göz yumaraq, xaotik bir vəziyyətin hökm sürməsinə imkan verib. Onların diqqətsizliyi, səhlənkarlığı nəticəsində bu gün o problemləri həll etmək elə də asan deyil. Nəqliyyat Nazirliyinin 10 il ərzində töküb dağıtdığı bir sistemi Bakı Nəqliyyat Agentliyi 5 il ərzində tam qura bilmədi. Düzdür, Prezident tərəfindən vəsait ayrılır, yeni avtobuslar gətirilir. Amma bu gün avtobusların sayı təxminən 2100 civarındadır. Bizdə isə hələ metro işləyən dövrdə Bakı şəhərinin ictimai nəqliyyat yükünü həll etmək üçün təxminən 2400-2500 avtobus lazımdır. Avtobuslar gətirildikcə, istismar müddətini başa vuran avtobuslar xətdən çıxarılır. Ona görə problem özünü qabarıq şəkildə göstərir. İctimai nəqliyyatın digər növlərinin - yəni tramvay, trolleybus kimi daha ekonom, ekoloji cəhətdən də daha təmiz olan ictimai nəqliyyat növlərinin olmaması bizə çox böyük çətinliklər yaradır. Bu gün Prezident göstəriş verib ki, bu məsələləri bir daha layihələndirsinlər. Bu gün Bakı şəhərində imkanlar çox məhduddur. Təəssüf ki, bəzi acgöz məmurlar hətta səkiləri belə satıblar. Şəhərin elə yerləri var ki, səkidə aptek, dönərsatan var. Buna icra orqanları şərait yaradır. Bu gün hətta elə tikinti şirkətləri var ki, səkidə bina tikib. İndi bu fonda trolleybus xəttini necə yaradacaqlar? Ona görə indiki şərait üçün danışırıqsa, mən təklif edərdim, metronu müəyyən məhdudiyyətlər çərçivəsində işə salsınlar. Çünki o daha əlverişlidir. Məsələn, daxili qoşunların, polisin nəzarəti altında metroda normal hərəkəti təmin etmək mümkündür. Deyək ki, metroların girişlərində polis əməkdaşları dayansın, platformada da polis əməkdaşları xidmət aparsın. Məsələn, oradan xəbər etsinlər ki, sərnişin sıxlığı var, buraxmayın. İnsanlar lap yarım saat gözləsin, amma sıxlıq yaranmasın. Yarım saatdan sonra insanları az-az buraxsınlar. Heç olmasa, avtobusların bu yükü müəyyən qədər azalmış olar”. 






Fikirlər