Məhkəmə keçmiş nazirin şikayətinə baxmaqdan İMTİNA etdi
Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov onu yeyintidə suçlayan işçisini məhkəməyə verib. H.Bağırov nazir olduğu dövrdə nazirliyin Milli Hidrometeorologiya Departamentinin baş mühasibi işləmiş İlqar Hacıyevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Bu məqsədlə də ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Keçmiş işçisinin ona böhtan atdığını iddia edən H.Bağırov onun CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edir. Bu maddədə 2 ilə qədər islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hazırda həbsdə olan İ.Hacıyev baş mühasib işlədiyi dövrdə adı olub, özü olmayan işçilərin adlarına maaş yazıb mənimsəməkdə suçlanır. Ümumilikdə 451 min manatlıq yeyintidən söhbət gedir. Departamentin rəhbəri Əkbər Həsənov və daha üç işçisi də bu cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Amma onlar həbsdə deyil. Keçmiş baş mühasib məhkəmədə ifadəsində deyib ki, saxta işçilərin adlarına açılmış maaş kartlarından nazirin də xəbəri vardı. Hər ay o kartlardan çıxarılan vəsaitlərin bir hissəsi – 10 min manat nazirin özünə çatırdı. "2018-ci ildə - prezident seçkisinə hazırlıq dövründə nazir departamentin rəhbəri Əkbər Həsənovu çağırıb 265 min manat istədi. Bunun 215 mini nazirin Salyanda tikdirdiyi zavod üçün idi, 50 min də prezident seçkilərinə görə. Əkbər işlədiyimiz firmalardan birinin rəhbəri - Vüqardan faizlə pulu götürüb nazirə verdi. Elə oldu ki, prezident seçkisindən az sonra Hüseynqulu Bağırov vəzifədən çıxarıldı. Faizlə götürdüyümüz pulu o saxta maaşların hesabına qaytarmalıydıq. Biz dəfələrlə rayonlardan nazirin üzüm bağları üçün peyin axtarmışıq. Onun rəhbərlik etdiyi Qərb Universitetinin yeni korpusu tikiləndə nə qədər işləri biz görmüşük. Bunlar havayı deyildi. Pulsuz bu işləri görmək olardı? Daha susmaq yoxdur...", – İ.Hacıyev məhkəmədə belə demişdi. Keçmiş nazir isə onun dediklərinin böhtan olduğunu bildirir. Nəsimi rayon Məhkəməsi keçmiş nazirin şikayətinə baxmaqdan imtina edib. Hakim Babək Pənahov bu haqda qərarında yazıb ki, H.Bağırov ona böhtan atıldığını təsdiqləyən sübutlar əldə etmədən iddia qaldırıb. Məhkəmə hesab edib ki, şəxs qəsdən kütləvi çıxışlarda böhtan səsləndirdiyi halda cinayət məsuliyyətinə cəlb oluna bilər. İ.Hacıyev isə keçmiş nazirin narazılığına səbəb olan fikirləri öz məhkəməsində səsləndirib. 65-yaşlı H.Bağırov 2000-2001-ci illərdə Ticarət naziri, 2001-2018-ci illərdə isə Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsində işləyib. /Azadlıq.org