“Ya biz bəraət alacağıq, ya da Hüseynqulu Bağırov həbs ediləcək”

“Ya biz bəraət alacağıq, ya da Hüseynqulu Bağırov həbs ediləcək”

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri - Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və əməkdaşlar Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin icraatında olan prosesdə baxış iclası olub.

Əkbər Həsənov rəhbəri olduğu departamentin birbaşa nazirə tabe olduğunu deyib. O, mənimsənildiyi deyilən 451 min manatın internet, telefon xətləri, bütün kommunikasiya xətləri, alpinistlərin axtarışı üçün xərcləndiyini deyib: “Departamentdə 80 nəfərin adına kart açılmasından, aylıq maaş ayrılmasından xəbərim olmayıb. Mənim bildiyim 25-30 kart idi. Onlar üçün də aylıq 6-7 min manat yığılırdı. 80 kartdan xəbərim yoxdur”.

Əkbər Həsənov digər şəxslərə kart açılmasında İlqar Hacıyevi günahlandırıb. 

Təqsirləndirilənlərdən yalnız İlqar Hacıyev həbs edilib. O, məhkəmədə ifadə verərək deyib ki, sabiq nazir Hüseynqulu Bağırov onlardan aldığı 451 min manatı qaytarmadığı üçün işlər bu vəziyyətə düşüb: “2018-ci ildə nazir Hüseynqulu Bağırov Əkbər Həsənovu yanına çağırıb ondan 265 min pul istədi. Həmin məbləğin 215 mini Salyanda iki zavodun tikintisi üçün alınırdı. Əkbər Həsənov bunu mənə deyəndə dedim ki, mən işdən çıxıram. Çünki bu işi biz bacarmazdıq və çox riskli idi. Hətta Əkbər özü də işdən çıxmaq istəyirdi. Amma iki gün sonra Əkbər Həsənov gəlib dedi ki, Vüqar adlı şəxsdən bu məbləği ala bilər. Buna görə də Vüqara 10-12 faiz xeyir verilməlidir. Vüqar bizim işlədiyiniz firmalardan birinin rəhbəri idi və münasibətləri yaxşı idi. Hətta Əkbər deyirdi ki, çıxsaq da Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. Çünki o zaman Hüseynqulu Bağırov nazir idi və istədiyini edə bilirdi. Əkbər pulu alıb nazirə verdi. Sonra biz xərcləri qaytarmaq üçün kartların sayını atırdıq. Bütün işçilərin də bir siyahısı olub və hamısını da Əkbər imzalayıb. Siyahının sonunda da ümumi ayrılan məbləğ yazılırdı. Amma indi deyir ki, 80 nəfərin adına maaş yazılmasından xəbərsizdir. Bizdə elə vakansiyalar var idi ki, onlara işçi götürülmürdü. Məsələn, sovet dövründən qalan topçular, raketçilər, mühəndislər. Onların adına maaşlar ayrılırdı. Əkbər savadlı, maliyyəni bilən adamdır. Özü də yaxşı bilirdi ki, pul nə qədərdir və kimlərin adına ayrılır.

Mən dəfələrlə Əkbərə xəbərdarlıq elədim ki, bu pulu verə bilməyəcəyik. Əkbər dedi ki, nazirlə danışıb. Hüseynqulu Bağırov demişdi ki, yenidən nazir seçilsə, pulu tam olaraq qaytaracaq. Amma elə oldu ki, pulu verəndən bir neçə ay sonra Hüseynqulu Bağırov işdən çıxarıldı. 

Onu da deyim ki, Əkbər hər ay kartlardan çıxarılan pullardan 10 min manatı nazirə çatdırırdı. Ona görə də bizim işimizdə heç bir problem olmurdu. Yeni nazir gələndə işlər qarışdı. Biz tələsirdik ki, aldığımız borcu qaytaraq. Özümüzə qazanc belə götürmürdük. Yeni nazir dedi ki, heç bir qanunsuz iş görülməsinə icazə verilməyəcək. Audit yoxlamalarından sonra bu məsələlər üzə çıxdı.

Əkbərlə Hüseynqulu Bağırovun qəbuluna getdik. Qərb Universitetinin qarşısında gözlədik, amma bizi qəbul eləmədi. Sonra Hüseynqulu Bağırovun mətbuatdakı işlərinə baxan bir nəfərlə görüşdük. Mətbuata müraciət edəcəyimizi bildirdik. Bundan sonra Hüseynqulu Bağırovun vəkili bizimlə əlaqə saxladı. Həmin məbləği də Hüseynqulu Bağırov verdi. Əkbər Hüseynqulu Bağırovun verdiyi 300 mini öz adından ödədi. Hüseynqulu Bağırov qalan hissəsini də ödəməli idi. Amma son günə qədər gözləsək də, Hüseynqulu Bağırov pulu ödəmədi”.

İlqar Hacıyev ifadəsində departamentdə çalışdığı müddətdə nazirin bir çox qeyri-rəsmi göstərişlərini yerinə yetirdiklərini də açıqlayıb: “Mən bu günə qədər susdum. Amma gördüm ki, artıq hamı öz canına yanır. Ortada qalan isə bir mən olmuşam. Bu işə görə məsuliyyətə cəlb edilənlərdən digər üç nəfərin nə günahı var? Onlar niyə cəzalandırılmalıdır? Əkbər Həsənov işə rəhbərlik edib. O da göstərişi nazirdən alıb. Amma indi həqiqətləri danışmır, ad çəkmir.

Biz dəfələrlə rayonlardan nazir Hüseynqulu Bağırovun üzüm bağları üçün peyin axtarmışıq. Nazirin Qərb Universitetinin yeni korpusu tikiləndə nə qədər işləri biz görmüşük. Bunlar havayı deyildi. Pulsuz bu işləri görmək olardı? Daha susmaq yoxdur. Ya mən və digər təqsirləndirilən şəxslər bəraət alacağıq, ya da Əkbər Həsənov və Hüseynqulu Bağırov da həbs ediləcək”.

İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.






Fikirlər