Tibb işçilərinin maaşlarına gələn il də əlavələr OLACAQ
Ölkədə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi səhiyyə sahəsinə yönəldilmiş dövlət büdcəsi vəsaitlərinin həcminin artması, bu sahədə göstəricilərin əsaslı surətdə yaxşılaşdırılmasına və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradıb. Mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində, eləcə də özəl və təsərrüfathesablı tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşlarına müəyyən edilmiş (3–5 misli miqdarında) müddətli əlavələrin ödənilməsi üçün 2021-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait proqnozlaşdırılıb. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, növbəti ildə yoluxması ehtimal olunan şəxslərin karantin nəzarətinə götürülməsi, infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə ölkənin müvafiq bölgələrində quraşdırılmış modul tipli xəstəxanaların və stasionar müalicə tədbirlərinə özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tam təsərrüfathesablı tibb müəssisələrinin cəlb edilməsi işləri 2021-ci ildə də davam etdiriləcək. Bütün bunları nəzərə alaraq infeksiya ilə mübarizə üçün zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün növbəti ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.