Hərbçilər yaş həddi nəzərə alınmaqla tərxis olunacaq
Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanılıb. "AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb: "Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb. Əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək. Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq. Qeyd edək ki, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifələrə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir. Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir. Tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək".