Məmurların “qara günləri” başlayır

Məmurların “qara günləri” başlayır

Hakimiyyət komandasında “yarpaq tökümü” davam edir. 44 günlük Vətən Müharibəsinin başa çatması ilə rüşvətxor və korrupsioner məmurların fəaliyyəti yenidən təftiş obyektinə çevrilib. Yüksək rütbəli məmurların, stajlı YAP-çıların “qara günləri” təkrar başlayıb.

Təkcə karyerası ilə deyil, həm də azadlığı ilə vidalaşan vəzifəli şəxslərin sırasına “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov da daxil olub. Ötən gün vəzifədən azad olunan Vidadi Muradov artıq həbs edilib. Baş Prokurorluğun yaydığı məlumata görə, V.Muradov “Azərxalça”ya məxsus bir neçə milyon manatı talan edərək mənimsəyib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib.

Sözsüz ki, məsələyə hüquqi müstəvidə qiymət veriləcək. Amma Muradovun həbsi təkcə hüquqi deyil, həm də siyasi müstəvidə qiymətləndirilməlidir. Bioqrafiyası ilə tanış olanda onun ömrünü heç də ilmə vurmaqla keçirmədiyi aydın olur. Vidadi Muradov ixtisasca iqtisadçı olsa da, heç vaxt siyasi proseslərdən uzaq qalmayıb. O, ölkənin ən stajlı YAP-çılardan olmaqla yanaşı, hətta partiyadaşları arasında “Şöhrət” ordeni ilə mükafatlandırılan azsaylı funksionerlərdən biridir.

Elmlər doktoru, professor olan Muradov öz əməyinin bəhrəsini artıqlamasıyla görənlərdəndir. Belə ki, o, 30 may, 2014-cü ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adı, 7 mart, 2016-cı ildə "Şöhrət" ordeni və 27 may, 2019-cu ildə  "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib. Çox güman ki, tamahının qurbanı olmasaydı, yaxın illər ərzində sinəsindəki medalların sayını partiyadaşı Siyavuş Novruzovun medalların sayına çatdıra bilərdi.

Vidadi Muradovun həbsi iki vacib qənaət formalaşdırır. “Şöhrət” ordenli professorun dəmir barmaqlıqların arxasına göndərilməsi bir daha sübut edir ki, Azərbaycanda toxunulmaz adam yoxdur. Çoxsaylı orden və medallar, bir at arabasına sığmayan titullar belə insanı məhbəsdən sığortalamağa qadir deyil. Cinayət cəzasız qalanda mənfi presedent yaradır. Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalovun ardınca Vidadi Muradovun da həbsxana qapılarını aralaması bir daha göstərdi ki, cinayət cəzasız qalmır. Bunu məhbəsə düşmədən də anlamaq mümkündür.

İkinci və məncə, daha vacib məqam isə odur ki, məmurların “qoruyucu qalxanı” güllə keçirməyə başlayıb. Əvvəlki illərdən fərqli olaraq indi YAP-ın çətiri altında kölgələnmək asan deyil. Dövlətin və xalqın malına qənim kəsilmiş hər bir məmur hətta YAP-ın çətiri altında olsa belə “günvurmadan” həbsxanaya düşə bilər...

Seymur VERDİZADƏ






Fikirlər