COVID-19-a yoluxanların sayı kəskin artır - Xəstələri yerləşdirmək üçün çarpayı sayı yetərlidir?

COVID-19-a yoluxanların sayı kəskin artır - Xəstələri yerləşdirmək üçün çarpayı sayı yetərlidir?

Dünyadakı əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da son günlər koronavirusa yoluxanların sayı kəskin artıb. Artım tempi o qədər şiddətli hal alıb ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası yenidən koronavirus xəstəxanasına çevrilib. Belə ki, aprelin 5-dən etibarən xəstəxana sadəcə COVID-19 daşıyıcılarını qəbul edir. Yaranmış çətin vəziyyət epidemiyanın ölkəmizə ayaq açdığı ilk günlərdə üzləşdiyimiz çarpayı çatışmazlığı kimi məsələləri gündəmə gətirir. Yoluxma sayındakı artım belə davam edərsə, digər xəstəxanalar da karantin xəstəxanasına çevrilə bilərmi? Həmçinin çarpayı çatışmazlığının yaşanması mümkündürmü?

Məsələ barədə açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, əgər yenə də xəstələrin sayı kütləvi xarakter alarsa, məcburiyyətdən bütün klinikalar COVID-19-a görə bağlana bilər:

“Amma birinci, ikinci dalğada olan təcrübə göstərdi ki, hələlik xəstələri yerləşdirmək imkanı mövcuddur. Bunun üçün modul tipli xəstəxanalar da var”.

Həkimin sözlərinə görə, epidemiyanın hökm sürməsi onu deməyə əsas vermir ki, COVID-19 xaricində digər xəstəliklərə yoluxanlar evində qalsın:

“COVID-dən də ağır olan və təcili tədbirə ehtiyac yaradan elə kəskin xəstəliklər var ki, onun daşıyıcıları mütləq həkimə müraciət etməli, xəstəxanada müalicə almalıdır. Bu nöqteyi nəzərdən həmin şəxsləri hökümət nəzərə almalıdır. Amma təəssüf ki, bizdə bir az onlar nəzarətdən kənarda qalır. Çünki bəzən şəxs xəstəxanaya getmək istədiyi halda, təcili yardıma gedib görür ki, şəxs COVID daşıyıcısı deyil, “Yox, hara gedirsiniz, hər yer COVID-19-la mübarizə aparır, sizi götürməyəcəklər”, - deyir. Ona görə də insanlar mövcud vəziyyətdən bir qədər əziyyət çəkir”.

Həmsöhbətimiz hesab edir ki, aidiyyəti qurumlar hesablama apararaq mövcud çarpayı fondunun nə qədər olduğunu, o cümlədən artım tempinin hansı vəziyyətdə olduğunu müəyyənləşdirib ona uyğun tədbirlər görməlidir:

“Dövlət, Səhiyyə Nazirliyi, TƏBİB tərəfindən qabaqcadan yaxın günlərdə xəstələrin sayının nə qədər artma ehtimalı olduğu hesablanmalıdır. Ona uyğun müəyyən tədbirlər görməlidirlər. Əgər çarpayı ilə bağlı çatışmazlığın yaşanacağını güman edirlərsə, çarpayıları artırmalıdırlar”. /Yenisabah.az






Fikirlər