“Gizli toy edənlər düz edirlər!“ - DEPUTAT

“Gizli toy edənlər düz edirlər!“ - Deputat

Son günlər ölkəmizdə gizli keçirilən toylarla bağlı narazılıqlar səngimək bilmir. Bəzi vətəndaşlar karantin rejimi olmasına baxmayaraq ölkədə gizli toy məclisləri keçirməyə davam edirlər.

Maraqlısı isə odur ki, bu məsələyə münasibətdə fikirlər haçalanır. Gizli toy edənləri qınayanlarla yanaşı, onlara haqq verənlər də var. Milli Məcliisn deputatı Fazil Mustafa ikincilərin təmsil edir.

Yenisabah.az-a danışan deputat qeyd edib ki, iaşə məkanlarına kütləvi axın olduğu halda toylara qoyulan qadağa anlaşılan deyil:

“Vaxtilə keçmiş SSRİ-də Cinayət Məcəlləsində möhtəkirlik adlanan bir maddə var idi. Bu maddə hər hansı şəkildə gizli alver edən, ticarətlə məşğul olan insanlara şamil olunurdu. Amma faktiki olaraq cəmiyyətdə bu var idi, alver gedirdi. Cinayət Məcəlləsində bu maddənin olduğu, cərimələr tətbiq olduğu hər kəsə məlum idi, buna baxmayaraq hamı bilirdi ki, ticarət davam edir. İndi toy məsələsi də onun kimidir. Toy məsələsi var, bu reallıqdır və qaçınılmazdır. İnsanlar bunu etməlidir".

Fazil Mustafa deyib ki, vaxtında bu məsələni tənzimləməmək insanların günahı deyil. Onun sözlərinə görə, müvafiq qurumlar vaxtında məsələni tənzimləməli idi ki, sonralar “gizli toy” problemi yaranmasın: "Çox təəssüf ki, qadağa ilə bunu ötüşdürdülər və əhali də öz addımını atdı. Məncə, doğru etdilər. Vətəndaşların qaydalara əməl etmək və müəyyən dərəcədə özlərini qorumaqla gizli şəkildə də olsa, toy keçirməklərini normal qəbul etmək lazımdır. Çünki bu bir reallıqdır, insan həyatıdır. İnsanlarının həyatının elə bir mərhələsi ola bilər ki, toyu indi keçirməsə gələcəkdə həyatı alt-üst ola bilər, münasibətləri pozular və s. Ona görə də mən buna normal yanaşıram, hər hansı şəkildə əndazəni aşarlarsa, bu zaman cəzalandırma ola bilər, amma normal şəkildə, həyətində, sosial məsafəni qorumaq və az adam dəvət etməklə bunu edirlərsə, mane olmağı doğru hesab etmirəm. Qanun müəyyən dərəcədə bunu tələb etsə belə, toy insanların həyatında ən vacib məsələlərdəın biridir. Bu məsələdə vətəndaşların üzərinə bu dərəcədə gedilməsi doğru deyil. Sadəcə tənzimləmək lazımdır ki, məsələn filan sayda adamla etmək olar. Sayı aşarlarsa cəzalandırılsınlar. Amma ümumiyyətlə qadağa qoyanda insanlar təbii ki, bunu gizli şəkildə edəcəklər. Bu məsələdə kimisə qınamağın adı yoxdur”.






Fikirlər