“Bu gün biz martın 15-də isə “Aşıq Şəmşir və Qarabağ folklor mühiti” adlı dəyirmi masa keçirdik. Burda bizim əsas nəzərdə tutduğumuz məsələ ondan ibarət idi ki, biz Aşıq Şəmşir kafedrası vasitəsilə bütövlükdə Qarabağ xalq mədəniyyətini öyrənək”
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu deyib. Alim bu istiqamətdə görülən işlərdən danışıb:
"Folklor İnstitutunda “Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO Aşıq Şəmşir Kafedrası” yaradılıb. Bu kafedra xitabət kürsüsü mənasındadır. Həmin o kefadranın Folklor İnstitutu xəttiylə artıq ikinci tədbirini keçirdik. Birinci tədbirimiz kafedranın fəaliyyət prespektivlərinə həsr olunmuşdu, orda İsa Həbibbəyli, Qənirə xanım Paşayeva, Cavid Qurbanov, Türkiyədən iki görkəmli alim, Mədəniyyət və Xarici İşlər Nazirliyindən, YUNESKO-nun milli komissiyasi ilə bağlı olan dövlət rəsmiləri və təbii ki, müxtəlif yöndən məruzə edən alimlər iştirak etdilər.
Bu gün biz martın 15-də isə “Aşıq Şəmşir və Qarabağ folklor mühiti” adlı dəyirmi masa keçirdik. Burda əsas nəzərdə tutduğumuz məsələ ondan ibarət idi ki, biz Aşıq Şəmşir kafedrası vasitəsilə bütövlükdə Qarabağ xalq mədəniyyətini öyrənək. Yəni həm Aşıq Şəmşir irsini, həm də onunla paralel Qarabağ xalq mədəniyyətini öyrənək. Belə demək olar ki, Aşıq Şəmşir irsini Qarabağ mədəniyyəti fonunda və digər sənətkarların yaradıcılığı fonunda müqayisələr şəklində öyrənək. Bu istiqamətdə biz dediyim kimi dəyirmi masanı keçirdik. Mən o məruzələri də xatırlada bilərəm. Məsələn, Sönməz Abbaslının “19-20-ci əsrlər Qarabağ aşıq mühiti”, Səbinə İsayevanın “Aşıq Şəmşir və Qarabağ dastançılıq ənənəsi”, Adil Cəmilin “Aşıq Şəmşir və Qarabağ gülüş mədəniyyəti” və Ləman Süleymanovanın “Qarabağda xalq dilikası dünən və bu gün” məruzələrini dinlədik. Bu istiqamətdə müzakirələr apardıq və Aşıq Şəmşir yaradıcılığının Qarabağ mühitinə hansı istiqamətdə bağlı olmasından danışdıq. Burda Aşıq Şəmşirin Qarabağ xalq dili lirikası nəzərdən keçirildi, həm də onun bütövlükdə Qarabağ aşıq mühiti ilə əlaqələrindən danışıldı. Burda dastançılıq ənənəsi məruzənin bir predmeti oldu. Biz müzakirələr apardıq və nəzərdə tutduq ki, Aşıq Şəmşir Mədəniyyət Ocağıyla bu tədbirləri davam etdirək və o tədbirlər Azərbaycan xalq, Qarabağ mədəniyyətinin, aşıq sənətinin və o cümlədən Aşıq Şəmşir sənətinin öyrənilməsində əhəmiyyətli rol oynasın. Bununla yanaşı, biz bu əməkdaşlıqdan istifadə edib ayrı-ayrı sənətkarlarımızın irsinin tərcüməsiylə məşğul olaq. Yəni öz aramızda Qarabağ foklorunu öyrənməklə kifayətlənməyək, həm də Qarabağı folklorunun dünyada tanınması istiqamətində də işlər görək. Bizim tədbirimizin istiqamətləri bundan ibarət idi.
Tədbiri martın 15-də təşkil etməkdə məqsədimiz bu gün Aşıq Şəmşirin doğum günü olması idi. O, 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində, böyük bir sənətkarın Ağdabanlı Qurbanın ailəsində anadan olub. Aşıq Ələsgəri canlı şəkildə görüb. Yəni bir tərəfdə Göyçə, digər tərəfdə Kəlbəcər və o biri tərəfdən Qarabağ aşıq mühiti onun yaradıcılığına və sənətinə əsaslı şəkildə öz təsirini göstərib. Bu mənada biz Aşıq Şəmşir sənətini yüksək qiymətləndiririk və ona görə də kafedranı onun adıyla adlandırmışıq ki, o tribunadan istifadə edib biz xalq mədəniyyətimizi və onun qeyri-maddi irs tərəflərini öyrənək və təbliğ edək”.
Fikirlər