“Niyə qazilərin problemləri vaxtında həll edilmir?” — Deputat Sahil Babayevi TƏNQİD ETDİ

 Xəbər verdiyimiz kimi, Qarabağ müharibəsi iştirakçısı Etibar Məmmədli döyüşlərdə xəsarət alsa da, hərbi hospital onu müalicə etməyib. Qazi iki dəfə belindən əməliyyat olunsa da, müvafiq dövlət strukturlarının dəstək olmadığını bildirib. Bu səbəblə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək sosial yardım istəyən E. Məmmədliyə Məşğulluq Mərkəzi tərəfindən ümumi dəyəri 4 min manat olan 3 baş heyvan verilib ki, sonradan həmin heyvanların xəstə olduğu üzə çıxıb. Müharibə iştirakçısı heyvanları geri qaytarmaq istəsə də, onun bu tələbi qurum tərəfindən qarşılanmayıb.

Məsələylə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas müharibədən sonrakı dövrdə şəhid ailələri və qazilərin problemləri ilə bağlı olan qurumların fəaliyyətinə toxunub:



“Artıq müharibədən bir ilə yaxın vaxt keçir, amma təəssüf ki, hələ də məmurlar bəzi məsələləri həll edə bilmirlər. Əsas problem isə nazirliklərin öz aralarında məsələləri yoluna qoya bilməmələridir. Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi koordinasiyalı işləyə bilmir. Müdafiə Nazirliyi müharibədə iştirak edən, yaralanan və əmək qabiliyyəti məhdudlaşan şəxslərlə bağlı müvafiq sənədləri vermir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də lazım olan diqqəti ayıra bilmir. Dövlət tərəfindən müharibədən sonra şəhid ailələrinə və qazilərə xidmət göstərilməsi üçün bütün gücünü ortaya qoyub, lazımi addımlar atılıb. Amma yaradılan fondlar və nazirliklər arasında koordinasiya istənilən səviyyədə deyil. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilərlə bağlı məsələdə diqqətli olmalıdır. Niyə qazilərin haqlı müraciəti, tələbi qarşılanmamalıdır? Müharibə iştirakçısı işləyə bilmirsə, əməliyyat olunubsa, ona lazımi səviyyədə diqqət göstərilməlidir. Qazi dinlənilməli, tələbi qarşılanmalıdır. Dəfələrlə bildirilib ki, şəhid ailələrinə və qazilərə böyük diqqət ayrılmalıb və bu işi məmurlar davam etdirməlidirlər. Zaman-zaman qazilərin problemlərinin ictimaiyyətə çıxarıldığının şahidi oluruq. Bu zaman ictimaiyyət tərəfindən haqlı olaraq bildirilir ki, bu cür davranış, addım olmaz, yolverilməzdir. Niyə qazilərin problemləri vaxtında həll edilmir? Niyə onların problemi mətbuata çıxandan, ictimailəşdikdən sonra həll olunmalıdır? Onda demək, problemi olan, sosial yardım ala bilməyən bütün qazilərin problemlərini cəmiyyətə çıxarması lazımdır? Lazım deyil, əvəzində nazir öz işini düzgün qurmalı, bu məsələ ilə ciddi məşğul olmalıdır.  Qazilər problemlərini, dərdlərini deyəndə insanlar ona maddi kömək edir, pul verirlər. Düzdür, hər kəs onlar üçün əlindən gələni etməlidir, amma onlara yardım etməli olan qurumlar var, onların problemlərini həll etmək məmurların, nazirliklərin işidir. 300 ildən çoxdur seyidləri xalq dolandırır. Hər kəs onlara hörmətlə yanaşar, nəzir verər. Xalq kömək etməyi, hörmət bəsləməyi bilir və bacarır. Biz bunu qazilərə də edirik, amma bəzi nazirliklərdə məmurlar öz işləri ilə məşğul olmayanda qazilər tərəfindən belə narazılıq halları da olur.


 

 






Fikirlər