Universitetlərdə VİRUS yayılıb? – AÇIQLAMA

Universitetlərdə virus yayılıb? – Açıqlama

Son günlər koronavirusa yoluxma sayı gah aşağı düşür, gah da artır. Yeri gəlmişkən, COVİD-19 infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb. Yenə də ölkədə virusa yoluxanların 54,2 %-i Bakının payına düşür. Yoluxma göstəricisi Abşeronda 13,4 %, Aranda 12,1 %, Gəncə-Qazaxda 7 %, Şəki-Zaqatalada 3,6 %, Quba-Xaçmazda 3 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,3 %, Yuxarı Qarabağda 1,5 %, Naxçıvan Muxtar Respublikasında 0,7 %-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4 % təşkil edir.

Son günlər məktəblilər, tələbələr arasında yoluxma sayının artması barədə məlumatlar var. Məktəblilər arasında qrip virusunun daha çox yayıldığı deyilirsə, tələbələrin əsasən COVİD-ə yoluxduqları bildirilir. Hətta universitetlərdə dərslərin onlayn keçirildiyi xəbəri də var. Ali məktəblərdə mövcud durum necədir? Mövzu ilə bağlı ali təhsil ocaqlarına müraciət etdik.    

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Günel Orucəliyeva mövzu ilə bağlı bildirib ki, BDU-da COVİD-19 virusuna yoluxma faktı qeydə alınmayıb: “Ümumiyyətlə, 18 yaşından yuxarı tələbələrin hər birindən birmənalı olaraq universitetin inzibati binasına daxil olarkən COVİD pasportu tələb olunur. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına əsasən olur və 18 yaşından aşağı olan tələbələrdən bu pasport tələb olunmur. Mühazirə dərslərimiz ”Blackboard" sistemi üzərindən onlayn şəkildə, məşğələ dərsləri ənənəvi qaydada keçirilir".

İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Məmmədova “Yeni Müsavat”a mövzu ilə bağlı danışıb: “Yoluxma halı hələ ki qeydə alınmayıb. UNEC-də mühazirələr onlayn, seminarlar isə ənənəvi qaydada keçirilir”.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) mətbuat xidmətinin rəhbəri Ayşən Aslanova bildirib ki, institutda hazırda bütün dərslər əyani formada davam edir: “Tədrisin əyani formada davamlı olması üçün  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarına, həmçinin Təhsil Nazirliyinin müvafiq əmrlərinə riayət edilir. Hazırda ali təhsil müəssisəsində yoluxma halı yoxdur. Qeyd edim ki, institutun rəhbərliyi, müəllimləri və əməkdaşları hər iki doza, tələbələrdən isə bəziləri hər iki doza, bəziləri isə bir doza vaksin olunub. Əks-göstəriş sertifikatı təqdim edən əməkdaşlarımız və təhsil alanlarımız da mövcuddur”.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova da mövzu ilə bağlı danışıb: “Bildiyimiz kimi, AzTU-da tədris ili başlayandan məşğələlər ənənəvi, mühazirələr isə onlayn formada təşkil edilib. Proses davam edir. Koronavirusa yoluxma halları qeydə alınmayıb. Yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçən bütün tələbələr ənənəvi dərslərdə iştirak edir. Vaksinasiyadan keçməyənlər isə universitetə buraxılmır”.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova isə bildirib ki, kütləvi halda yoluxma qeydə alınmayıb: “Yalnız iki nəfərdə koronavirus olub. Onlar da xəstə vəziyyətində dərsə gəlməyiblər. Dərslər ənənəvi qaydada aparılır”.






Fikirlər