Məktəblər bağlanacaq? - AÇIQLAMA...
Son günlər ali və orta məktəblərdə koronavirusa yolxuanların sayı durmadan artır. Siniflər, qruplar hissə-hissə distant təhsilə keçir, bəzi məktəb və liseylər tamamilə bağlanır. Maraqlıdır ki, 14 günlük distant təhsildən ali və ya orta məktəbə qayıdan şagird və tələbələrin birində koronavirus aşkarlanarsa, deməli həmin sinif və ya qrupu yenidən distant təhsilə keçməlidir. Bəs görəsən, belə olan halda təhsil müəssisələri birdəfəlik onlayn təhsilə keçsə daha faydalı olmazmı? Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın sualını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirib ki, indi mövsümi soyuqdəymə xəstəlikləri uşaqlar arasında geniş yayılıb: "Deyə bilmərik ki, şagirdlərin hamısı koronavirusa yoluxur. Təəssüf ki, bəzən mövsümi xəstəliklər də koronavirus kimi qələmə verilir. Digər tərəfdən şagirdlərin davamiyyəti çox aşağı düşüb. Şagirdlər bu vəziyyətdən sui-istifadə edir. Həftəsonları şagirdləri əyləncə mərkəzlərində, kafe və restoranlarda görürük. Orada heç bir qaydalara riayət edilmir. Məncə təhsil müəssisələrindənsə, digər sahələri bağlamaq lazımdır. Yalnız bu halda yoluxma sayı azala bilər. Tədris prosesində yoluxma baş vermir. Lakn şagirdlərin tədris prosesinə qeyri-ciddi yanaşması davamiyyəti, təhsilin keyfiyyətini ciddi şəkildə aşağı salır”. Ekspert deyir ki, hazırda koronavirusa yoluxma ilə bağlı ölkədə vəziyyət yaxşı deyil. Amma problemi təhsildə görmək yanlışdır: “Məktəblərin bağlanması bu problemin həll yolu deyil. Sinifdə yoluxan bir şagirdə görə bütün məktəbi bağlamaq olmaz. Çünki bir sinif bağlandığı zaman bəzi siniflərdə distant təhsil keçirilmir. Elə müəllim var ki, üç, dörd sinifə dərs keçir. Həmin müəllimlər həm əyani, həm onlayn dərsi çatdıra bilmir. Hazırda əyani tədrisin dayandırılması koronavirusla mübarizədə effektiv üsul deyil”. Təhsil eksperti Nadir İsrafilov isə bildirib ki, bu mövzuda verilən bütün rəylər və açıqlamalar cəmiyyətdə çaşqınlıq yaradır: “Sosial mediada hətta konkret tarix verilir ki, filan gündən məktəblər bağlanacaq. Amma bu məsələ kiminsə arzusu ilə reallaşacaq bir iş deyil. Aidiyyatı qurumlar məsləhətləşmələr aparır və son qəarı Operativ Qərargah verir. Əyani tədrisin bərpası çoxsaylı vətəndaşların arzusu ilə olub. Hər kəs distant təhsilin keyfiyyətindən gileylənirdi. Hətta nazir özü də dəfələrlə İctimai Şura üzvləri və universitetlərin rektorları ilə müzakirələr apardı. Sosial şəbəkələrdə sorğular təşkil olundu. Böyük əksəriyyət əyani tədrisin bərpasını dəstəklədi. Bu təkliflər əsasında Nazirlər Kabineti belə bir qərar verdi. Təsdiq olunan qaydalarda birmənalı şəkildə qeyd olunurdu ki, əyani tərisəı keçidin davamlı olması vəziyyətdən asılı olacaq. Bu o demək deyil ki, əyani tədrisə keçmişiksə tədris ilinin sonuna qədər belə davam edəcək. Qərarda qyed olunurdu ki, yoluxma sayı ilə bağlı olaraq lokal qapanmalar ola bilər. Bu qapanmalar hazırda tətbiq edilir”. Ekspert bildirdi ki, məktəblərin bağlanması üçün sərt karantin rejimi bərpa edilməlidir: “Hələlik vəziyyət o dərəcədə kritik deyil. Bu mənada məktəblərin bağlanmasından söhbət gedə bilməz. Məktəblərin virus mənbəyi olması ilə bağlı fikirlər tamamilə əsassızdır. Şagirdlər məktəbdə xüsusi rejimdə saxlanılır. Məktəb bağlanarsa, şagirdlər əyləncə mərkəzlərinə üz tutacaq. Orada yoluxma isə daha çoxdur”.