“Hələ 2001-ci ildə bir yazımda dələduzluğu, korrupsionerliyi, anti-milliliyi, əxlaqsızlığı və s. açıq-aşkar bəlli olanlara qarşı İNFORMASİYA BOYKOTU təklif etmişdim...”
“İnnən belə Ramiz Mehdiyevi, Nəcməddin Sadıkovu kənarlaşdırmaqla, lap var-dövlətlərini də əllərindən alıb həbsə atmaqla məmləkət düzələcəkmi?..”
Neçə vaxtdır, yenə ölkənin aparıcı sayılan əksər saytları və “You Tube” kanallarında müəyyən olunmuş hədəflərə kampaniyaçı hücumlar başlayıb...
Doğrudan da neçə illərdir dediyimiz kimi, hər baxımdan çox gülünc durumdayıq... Dönə-dönə üzr istəyirəm, amma məcburam bir xalq misalını yenə deməyə... Tumanı batırırıq, sonra başlayırıq tuman bağını boşaltmaya... Birini vəzifəyə qoyuruq, deputat seçdiririk, illərlə, on illərlə yeyib-dağıdır, günlərin bir günü qəflətən hay qaldırırıq ki, ay aman, yaxalayın bu dələduzu, korrupsioner imiş...
Ramiz Mehdiyevlər də, Nəcməddin Sadıkovlar da, Əli Həsənovlar, Eldar Mahmudovlar da və s. 30 ildə öz işlərini gördülər, ölkənin yeraltı-yerüstü sərvətləri, xalqın cibi hesabına külli miqdarda varidat topladılar. Bəs biz niyə bir ictimaiyyət, bir media olaraq bütün bunlardan sonra “ayıldıq”? Xeyr, əksəriyyətimiz onların kim olduğunu o vaxtdan görürdük, bilirdik. Sadəcə, onların vəzifə başında olması karyera, məqam, kreslo, var-dövlət güdən bir paramızın işinə yarayırdı. Belələri onların əlinin altında işləməkdən, rüşvətlə başçı, deputat, nazir, elmlər doktoru, professor, zabit, general, korpus komandiri və yaxud qəzet, sayt redaktoru, telekanal rəhbəri və s. olmaqdan məmnun idi... Odur ki, susurdu... Bir qismimiz isə laqeydliyimizdən və ya qorxumuzdan “mənə nə” prinsipi ilə səsimizi çıxarmırdıq. Amma bu gün hansısa oliqarx qrupların toqquşması və bir güclü qrupun digərini əzməyə başlaması səbəbindən keçmiş və indiki bir neçə “bərkgedən”in “vurulması”na siqnal verilib. Odur ki, əksəriyyət dilini və ya qələmini itiləyib cumub bunların üstünə...
Ramiz Mehdiyev və Nəcməddin Sadıkova qarşı kampaniya ilə bağlı meydana çıxan əsas suallar məlumdur: niyə 30 il sonra, niyə əsas vəzifələrinin başında işlərini görəndən sonra?.. Bunların vasitəsilə həm siyasi, həm elmi, həm hərbi meydanda sıxışdırılıb kənara atılan atıldı, fiziki, maddi və ya mənəvi-psixoloji baxımdan əzilənlər əzildi, həbs edilənlər edildi, qətlə yetirilənlər qətlə yetirildi və s. İkinci sual isə budur ki, guya innən belə Ramiz Mehdiyevi, Nəcməddin Sadıkovu kənarlaşdırmaqla, lap var-dövlətlərini də əllərindən alıb həbsə atmaqla məmləkət düzələcəkmi?.. Rüşvətə, “yeyib-dağıtmağa” yönəlmiş eyni “ümummilli”əqiqə, düşüncə, davranış, fəaliyyət sistemi dəyişəcəkmi?..
Biz 90-cı illərdə Ramiz Mehdiyevdən, Nəcməddin Sadıkovdan yazanda, onları yetişdirən “KQB”-QRU”-korrupsiya rejimini gah realist, gah satirik üslubla qamçılayanda bir yandan yazılarımızı rəsmi hərbi-siyasi senzura silir, digər yandan da bu gün onları söyməyə başlamış bəzi ictimai şəxslər, deputatlar, eləcə də jurnalist sayılanlar bizləri az qala vətən xaini elan edir, o zamankı mətbuat və ədliyyə nazirliklərinə şikayətlər yazırdılar...
Biznesmen-deputat, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cavanşir Feyziyevə gəldikdə suallar bir az başqa yöndəndir. Birincisi, nədən məhz Cavanşir Feyziyev? Biz bu şəxsin vəkili deyilik... Amma axı hamı bilir ki, ölkədə ondan da çox talançılıqla məşğul olan deputat, oliqarx, eləcə də keçmiş və indiki yüksək vəzifə sahibləri var?.. İkincisi, nədən məhz indi? Üçüncüsü, Məşədi İbad demiş, məgər belələrini vəzifəyə gətirəndə, deputat, AJB İdarə Heyətinin və ya AYB üzvü seçəndə kimliklərini görmürdük, bilmirdik ki, bunlar dolayı işlərlə məşğuldur? Öncə dediyim kimi, hamısını yaxşı bilirdik, hamısını yaxşı tanıyırdıq, sadəcə, işimizə yarayırdılar, çoxumuz nəfsimizə uymuşduq. O cümlədən media nümayəndələri...
*** ***
Səhv etmirəmsə, hələ 2001-ci ildə bir yazımda dələduzluğu, korrupsionerliyi, anti-milliliyi, əxlaqsızlığı və s. açıq-aşkar bəlli olan yerli və xarici tanınmışlara qarşı İNFORMASİYA BOYKOTU təklif etmişdim. Demişdim ki, gəlin, iş fəaıliyyətləri, həyat tərzləri, davranışları, geyimləri və s. Azərbaycanın, türk və müsəlman dünyasının maraqlarına zidd olan məxluqları, eləcə də beynəlxalq qurumları mətbuatda, telekanallarda və s. təbliğ etməyək. Divin canı şüşədə olduğu kimi, onların da canı informasiyada, təbliğatdadır. Məsələn, açıq-aşkar görürsən ki, filan nazir, filan başçı, filan deputat rüşvətxordur, dələduzdur, belələrinə sərt suallardan başqa sual verməyək, cəsarətimiz, imkanımız çatırsa, onları sərt tənqid edək, yox bunu edə bilmiriksə, heç olmasa, günlərlə “filankəs müəllim, bəhmənkəs müəllim” deyə-deyə zəng etməyək, dallarınca sürünüb yalmanmaq, təbliğat xarakterli müsahibələr götürməyək. Çünki dələduzu, korrupsioneri təbliğ etmək, onun cinayətinə şərik olmaqdır...
Eləcə də məsələn, o illərdə meydan sulayan ATƏT-in Minsk Qrupunun həmsədləri... Hamı, dağda çoban da açıq-aşkar görürdü ki, bunlar Qarabağ məsələsində Azərbaycanı erməniləri xeyrinə yola verirlər. Amma bu məxluqlar Bakıya gələn kimi aparıcı qəzet və telekanalların əməkdaşları üzərlərinə tökülüşüb gic-gic, mənasız-mənasız suallar verirdilər. Bu minvalla da onlar təbliğ olunur, ölkədə və dünyada guya iş gördükləri təəssüratı yaradırdı... Televiziya, qəzet və saytlarımız onlar haqqında informasiya verməsə idi, onları təbli etməsə idi. Kim onların varlığından xəbərdar olacaqdı?...
*** ***
Ölkədə əksər media vasitələrinin korrupsionerlər, dələduz deputat və siyasilərlə yanaşı, şou-biznes nümayəndələrinə də qarşı münasibəti də o vaxt da, indi də eynidir. Deyirdik ki, məsələn, Aygün Kazımovanın “ANS” telekanalında üzr istəyirəm, ingilislərin “Kondoms of benetton” prezervativ şirkətinin sponsorluğuyla açıq-aşkar fahişəliyi təbliğ edir. Samir Bağırov kimilərə yeniyetmə və gənc oğlanlarımız baxdıqca ondan əxlaqsız geyim və davranış nümunələri götürürlər. Gəlin, bunları da təbliğ etməyək, uzaq duraq, onlardan... Fəqət, nə yazıqlar ki, İNFORMASİYA BOYKOTU təklifimə səs verən çox az oldu... Əksəriyyət, ümummilli maraqlarımızı da, əxlaqımızı da, namus-qeyrətimizi də pul, qazanc xatirinə tapdalayıb dələduz korrupsionerlərin, əxlaqsız şou-biznes əhlinin iyrənc anti-milli fəaliyyət və davranışlarına nəinki göz yumdu, üstəlik, onları geninə-boluna təbliğ etdi.... Odur ki, bu gün aygünlər, röyala faiqlər, eldarlar artıq ölkənin ən “hörmətli” məxluqlarına çevrilərək cəmiyyətə “əxlaq” dərsi keçir və artıq onların on minlərlə sadiq şagirdləri yetişməkdədir... Ona görə toliklər, pərvinlər hərbçiləri, xalqın kasıb təbəqəsini istehza hədəfinə çevirərək meydan sulayırlar... Və media, xüsusən telekanallarımız onları sanki Azərbaycan xalqının ən “nümunəvi” və “nüfuzlu” nümayəndələri kimi bəh-bəhlə, fəxrlə təbliğinə, doğum günlərinin keçirilməsinə davam edirlər...
Beləliklə, gəlin cavab verək, dələduz korrupsionerləri, əxlaqsız şou-biznes əhlini bu ölkənin başına çıxarılmasına şərait yaradan kimdir? Düzdü, belələrinin meydana çıxması üçün siyasi mühiti, “mədəni” şəraiti yaradan arxivləri bağlı qalan, gözümüz görə-görə kimliklərini sübut edə bilmədiyimiz “KQB”-“QRU”-korrupsiya şəbəkəsidir... Amma belələrinə nəfəs verən, onları təbliğ edən və sonda qudurub harınlayıb üzərimizə yerimələrinə, hürmələrinə şərait yaradan mediadır, özümüzük... Gəlin acı olsa da, bunu etiraf edək və heç olmasa, bundan sonra hər birimiz kimdən yazdığımıza, kimi təbliğ etdiyimizə, kimi təriflədiyimizə diqqət edək. Çalışaq ki, çörəyimiz dələduz korrupsionerləri, fahişə və maviləri təbliğ etməkdən çıxmasın...
Sultan Laçın