Gəncədə iflic vəziyyətə düşən PEŞƏ TƏHSİLİ - Nazirin nəzərinə...

Ticarət və Xidmət Üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi 3 saylı peşə liseyində təhsil özbaşınalıqları müşahidə edilir.

Demokratik.Az-a məktəbin müəllimlərindən verilən məlumata görə, deyilən ünvanda təhsil-tədris prosesləri Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyinin nəzarətindən çıxaraq bir neçə aydır liseyə rəhbər gətirilmiş Azər Rüstəmovun özbaşınalıqları və özfəaliyyət qabiliyyətlərilə idarə edilməkdədir.

Saytımızın əldə etdiyi bilgiyə görə, Gəncə Ticarət və xidmət üzrə Peşə mərkəzində fəaliyyət göstərən əksər peşə-ixtisas qruplarının şagirdləri dərslərdən yayındırılır, şagirdlərə məxsus təqaüd kartları mənimsənilməklə korrupsiya və maddi mənimsəmələrə yol verilir, işə götürülən bir neçə istehsalat-təlim ustaları günün əksər vaxtını məktəbdən kənarda keçirir.

Adlarının çəkilməsini istəməyən müəllimlər bildirir ki, cari ildə 3 illik təhsil üzrə 3 buraxılış qrupu – iki qrup “bərbər” və bir qrup "turizm agenti" üzrə təhsilə cəlb edilən şagirdlərin əksəriyyəti məktəbi tanımır. Hər qrupdan bir neçə şagird gözə dəyir. Digərlərinin də gəlmədiyi üçün təqaüd kartları dolayı yollarla direktor və əlaltıları tərəfindən mənimsənilir.

2021-22-ci tədris ili üçün birillik təhsil üzrə "bərbər" qruplarında təhsil alan şagirdlər də pandemiya bəhanəsi ilə əyani təhsildən yayındırılıblar. Liseyin 77 nömrəli 2-ci kurs "turizm agenti" və "dərzi" qruplarının şagirdlərinin də dərsə gəlmədən təhsil aldıqları bildirilir.

Lisey direktorunun özbaşınalığının şagirdlərə qarşı məhdudlaşdırılmadığı, müəllimlərə münasibətdə də meydan suladığı qeyd edilir.

Belə ki, Azər Rüstəmovun şəxsi maraqları müqabilində yeni işə aldığı bir neçə xanım istehsalat-tədris ustaları da var ki, başları xınayaxdılara qarışır, tabelə qol çəkdikdən sonra şagirdləri buraxıb hər gün öz işlədikləri gözəllik salonlarına və digər işlərinə yollanırlar. Nəticə də tədris prosesi pozulur, şagirdlər dərslərdən süni şəkildə yayındırılır, direktor və tədris ustaları arasında rüşvət mexanizmi qurulur.

56 nömrəli "turizm agentliyi" qrupunun ustası Mehri xanım İbrahimova isə məktəblə bərabər, həm "Millionerka" mağazasında satıcı, eləcə də özəl tədris kurslarının birində də dərs keçir. Təbii ki, müəllimsiz-ustasız qalan həmin qrupun şagirdləri də dərsə gəlməkdən yayına bilirlər.

Liseydə xəstə olan müəllimlərin əvəzçiliklə peşə məktəbini bitirmiş şagirdlərə verilməsi halları da yetərincədir. Mənbə bildirir ki, ali təhsilli müəllimlərlə qeyri təhsilli işçiləri seçib ayırmayan direktorun fəaliyyəti ciddi araşdırılmalı, liseydəki təhsil özbaşınalıqları aradan qaldırılmalıdır.
Lisey o haldadır ki, tikiş maşınlarının təmiri üzrə müxanik işə götürülmüş adamlar və ixtisaslarına uyğun olmayan, tamamilə öz işlərindən xəbərsiz olan müəllim və ustalar da vardır.
Xatırladaq ki, sözügedən lisey barədə dövri mətbuatda dəfələrlə oxşar özbaşınalıqlar işıqlandırılıb. Lisey rəhbərliyi dəfələrlə cəzalandırılmaqla dəyişdirilib, görünür, hazırki direktor üçün əvvəlkilərə verilən cəzalar deyil, onların oxşar özbaşınalıqları dərs olub.

Azər Rüstəmov vaxtilə sabiq direktor Fazil İsmayılovun müavini də işləmiş şəxsdir. Müavin olanda isə nöqsanlarına görə, məhz F.İsmayılov tərəfindən vəzifəsindən qovulmuş bir kadrdır.

Hesab edək ki, bu liseyin fəaliyyətinin araşdırılması, şagird kartlarının direktor tərəfindən mənimsənilməsi iddialarına aidiyyatı hüquq mühafizə orqanları da aydınlıq gətirməyə maraq göstərəcək.






Fikirlər