14.07.2014- Bərdə Peşə Liseyində qanunsuzluq.
Texniki peşə təhsilində mövcud olan problemlər gün keçdikcə daha da dərinləşir. Təhsil sahəsində aparılan islahatlara baxmayaraq, peşə liseylərində vəziyyət düzəlmir ki, düzəlmir. Qeyd edək ki, ölkəmizdə peşəkar kadr çatışmazlığının səbəblərindən biri də məhz texniki peşə məktəblərinin iflic vəziyyətdə olması ilə bağlıdır. Bu gün peşə məktəblərində maddi-texniki bazanın zəif olması tələbata uyğun tədris keçilməsinə imkan vermir. Əksər hallarda isə lisey direktorları üzərlərinə düşən vəzifənin öhdəsindən uğurla gələ bilmirlər.
Bir vaxtlar ən tanınmış təhsil müəssisələrindən sayılan Bərdə Peşə Liseyi bu gün özünün ən çətin günlərini yaşayır. Təxminən 400 nəfərə yaxın şagirdi olan liseyin direktoru Şəmil Şükürovdur. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, 6 ixtisas üzrə kadr hazırlığı aparmalı olan liseydə təhsilin durumu olduqca bərbad vəziyyətdədir: «Müəssisənin avtomobilləri köhnədir, buna görə də şagirdlər istehsalatda tətbiq olunan yenilikləri mənimsəyə bilmirlər. Maşın və mexanizmlərin təmirinə ayrılan vəsaitlər şəxsi məqsədlər üçün istifadə olunur. Liseyin binası uçuq-sökük vəziyyətdədir. Direktor cari təmir adı atında büdcədən vəsait alaraq mənimsəyir». Mənbə deyir ki, Şəmil Şükürov müavinlərini və tabeçiliyində çalışan digər şəxsləri işə götürərkən onlardan nəysə tələb edir: «Şəmil Şükürov bildirib ki, işə qəbul olunan şəxslərdən götürdüyü "şirinlik" Təhsil Nazirliyinin razılığını almaq üçün lazımdır. Lakin bir müddət sonra məlum olub ki, deyilənlər tamamilə yanlışdır. Yəni həmin pul Təhsil Nazirliyinə yox, məhz Şəmil Şükürovun özünə lazım imiş.
Buradan aydın şəkildə görünür ki, Bərdə Peşə Liseyinin direktoru heç kimə təmənnasız iş görmür. Bərdə Peşə Liseyində hər şagirdin qəbulu üçün valideynlərdən müəyyən miqdarda nəysə tələb olunur. Məhz bu kimi neqativ məqamlar liseydə təhsilin keyfiyyətini aşağı salıb. Direktor həyata keçirdiyi qanundankənar işlərdə daha çox Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifovun adı ilə bağlayır. Və deyir ki, yığdıqlarımın bir hissəsini onlara çatdırıram».
Məsələyə münasibət öyrənmək üçün direktorla əlaqə saxlasaq da, o kənarda olduğunu bəhanə gətirərək suallarımızı cavablandırmaqdan imtina etdi.
Hər halda hesab edirik ki, yazıda adı çəkilən icra başçısı Vidadi İsayev və şöbə müdiri Rzaqulu Şərifov Şəmil Şükürovun barəsində müvafiq ölçü götürəcəklər.
"AzerTaym.az"