“3D mobil xəritə” sistemini kommunal sferada ilk dəfə “Azərişıq” tətbiq etdi - VİDEO + FOTOLAR
“3D mobil xəritə” sisteminin tətbiqi üzrə ilk layihə Qəbələ rayonunun paylayıcı elektrik şəbəkələrində həyata keçirilib. Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a verilən məlumatda bildirilir ki, növbəti mərhələ üçün “Azərişıq” ASC üzrə müxtəlif ərazilərdə (Xırdalan, Gəncə, Şirvan, Zaqatala,Balakən və.s) 2800 km-lik məsafədə çəkilişlər aparılıb və zəruri bütün koordinatlar müəyyənləşdirilib. “3D mobil xəritə” sisteminin üstünlüyü ondan ibarətdir ki, ərazidə aparılmış çəkilişlər xüsusi proqram təminatına yerləşdirildiyindən daha mobil olmaqla, istənilən yerdən əlçatanlığı tam təmin edir, istənilən ərazinin bütün detalları haqqında ətraflı məlumatlar əldə etmək mümkün olur. Eyni zamanda, həmin sistemdə şəbəkələrin texniki xüsusiyyətləri hərtərəfli əks olunduğundan, proseslərdə şəffaflıq təmin edilir, texniki və təşkilati proseslərin sürətləndirilməsinə şərait yaranır. “3D mobil xəritə” sisteminin tətbiqi infrastrukturun yüksək dəqiqliklə qiymətləndirilməsinə və gələcək layihələrin məsafədən planlaşdırılmasına imkan verdiyindən, habelə yalnız bir prosedur nəticəsində şəbəkəyə qoşulmaq mümkün olduğundan, həmin sistemin tətbiqi “Azərişıq” ASC tərəfindən irəliyə atılmış növbəti uğurlu bir addımdır. Prezident İlham Əliyevin qarşıya məqsəd kimi qoyduğu “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun olaraq, Azərbaycanın bütün regionlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərində “Azərişıq” ASC tərəfindən bu texnologiyaların tətbiqi nəzərdə tutulur. “3D mobil xəritə” sistemi Azərbaycanın kommunal strukturlarında ilk dəfə olaraq “Azərişıq” ASC-də tətbiq edildiyindən, ərazilərin bu texnologiya ilə əldə olunmuş məlumatlarının gələcəkdə digər kommunal qurumlar üçün də istifadəsi əlverişli olacaq.