Bakıda çarəsiz insanların “BƏXT OYUNU": "POZ-QAZ(L)AN"

Qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” qanunlar ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” Qanuna dəyişiklik layihəsində əks olunub.

Qumar oyunları dedikdə, lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Qanuna uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Qanuna uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab edilir.

Gündəmdə olan yeni qanun layihəsindən sonra gözlər yenidən lotereyalara çevrildi. Çünki əhalinin çox böyük bir əksəriyəti lotereya oyunlarına maraqlıdır və bunu gəlir vasitəsi hesab edir. Hər gün istənilən satış məntəqəsində yüzlərlə lotereya biletlərinin satılması bunun əyani sübutudur.

Maraqlıdır, insanları bu qədər çox lotereya almağa sövq edən nədir? Ümumiyyətlə, lotereya sayəsində böyük uduşlar qazananlar olurmu?

Cebhe.info-nun əməkdaşı vəziyyəti öyrənmək üçün lotereya bazarını müşahidə edib.

Axşamlar alınan “ümid”

Səhər saaatlarında “28 May” metrostansiyasının qarşısına getdik. Burada hər tərəfdə lotereya satış məntəqələrini görmək mümkündür. Günün istənilən saatında müştəri qıtlığı olmur. Xüsusilə, axşam saatarında lotereya alanların qarmaqarışıq növbəsi yaranır. Nə sosial məsafəyə riayət edən var, nə maska taxan. Hətta hər gün iş vaxtı bitdikdən sonra satış məntəqələrinin qarşısında izdiham olduğu müşahidə olunur. Bəlkə də insanlar üçün bura həm də ümid məkanıdır, nəsə qazanacaqlarının ümidi…

Dözümsüz bəxt arayanlar…

İlk yaxınlaşdığımız satış məntəqəsində səhərin erkən saatları olmasına baxmayaraq, lotereya alıcılarını gördük. Biz də qiymətlərlərlə maraqlandıq. Satıcı 1 manatdan 5 manata qədər lotereya olduğunu dedi:

"Gördüyünüz kimi, lotereyalar çox münasib qiymətədir. Ona görə də həmişə böyük təlabat olur”.

Satıcıdan ümumi qaydalar barədə də maraqlandıq:

“Qaydalar olduqca sadədir. Hazırda televiziyada yayımlanan lotereyalardan daha çox “Poz Qazan” adlandan lotereyaların satışı yüksəkdir. Əslində, bunun səbəbi də çox sadədir. Çünki lotereyanı aldığın an pozaraq qazanıb-qazanmadığını öyrənə bilirsən. 1 manata aldığın “Qızıl 3” adlı lotereya ilə minimum 1 manat, maksimum isə 25 min manat qazanmaq mümkündür. Qazanmaq üçün biletin üzərindəki üç xanada eyni rəqəm çıxmalıdır. Hər üç xanada eyni anda çıxan məbləği qazanmış olursunuz. Həmçinin kartdakı “Bonus oyunu” xanasını pozaraq da, uduş qazanmaq mümkündür”.

Qaydaları öyrəndikdən sonra satıcının məlumat verdiyi lotereyadan alaraq, bəxtimizi sınadıq. Lakin nəsə qazanmaq bizə nəsib olmadı…

Söhbətimizi bu dəfə qazancdan saldıq:

-Böyük uduş qazananlar olubmu?

-Əlbəttə ki, çox sayda qazananlar var. Əgər uduşlar olmasaydı, bu lotereyalara belə təlabat olmazdı. Hər gün 1 manatla 100 manat arası mükafat qazananlar olur.

-Qazandıqları məbləği haradan alırlar?

-Əgər uduş 2000 manata qədər olarsa, elə biz nağd şəkildə veririk. 2000 manatdan yüksək olan uduşlar isə “Azərlotereya” tərəfindən ödənilir.

“Şirinlik” verənlər də var?

Bu satıcıya uğurlar arzulayıb, qarşısında çox sayda insan olan digər satış məntəqəsinə yaxınlaşdıq. Burada da davamlı lotereya alıb pozan insanlar vardı. Kimisi bəxtindən gileylənir, kimisi daha bir lotereya alıb bəxtini bir daha sınayırdı. Satıcıdan uduş qazananların ona “şirinlik” verib-vermədiyini soruşduq:

-Demək olar ki, belə hal heç vaxt baş vermir. Çox nadir hallarda kimsə böyük uduş qazananda 5-10 manat hörmət edir. Əslində biz heç belə bir jest də gözləmirik. Çünki hər uduşa görə “Azərlotereya” tərəfindən bizə faiz ödənilir.

Bu satıcı da “Poz Qazan” lotereyalarının çox satıldığını dedi. Bu dəfə də “Şans ulduzu 2” adlı lotereya ilə bəxtimizi sınadıq. Lakin ilk əvvəl qaydalarla maraqlandıq:

-Qaydalar olduqca sadədir. Bu kartda toplam 8 oyun mövcuddur. İlk 7 oyunda qazanmaq üçün oyun zonasındakı üfuqi xətt üzrə 3 ədəd eyni simvol əks olunmalıdır. Bunun qarşılığında isə 2 manatdan 50 min manata qədər pul qazanmaq mümkündür. Həmçinin, kartdakı “Bonus oyunu” xanasını pozaraq uduş qazana bilərsiniz. Bunun üçün xanada pul simvolu çıxmalıdır.

Qaydaları öyrəndikdən sonra lotereyanı alıb, şansımızı bir daha yoxlasaq da, yenə də qazana bilmədik.

Satıcı bildirdi ki, 100 və 1000 manata kimi uduşlar tez-tez olur.

“Son zamanlar Gəncədən və Zaqataladan 25 min manat uduş qazananlar olub. Eyni zamanda, siz aldığınız lotereya biletindən oynayan bir adam 50 minlik mükafata sahib olmuşdu”.

“Mənə pul lazımdır”

Bu dəfə həmsöhbətimiz satıcılar yox, alıcılar oldu. Adının Ənvər olduğunu deyən 23 yaşlı tələbə lotereya aludəçisi olduğunu etiraf etdi:

“İllərdir ki, lotereya oynayıram, artıq özümü aludəçi kimi hiss edirəm. Harada lotereya görsəm, çox sayda alıram. Tələbə adamam və təqaüd almıram. Ona görə mənə pul lazımdır. Dərsdən sonra ofisiantlıq edirəm. Əlimə pul keçən kimi də “Poz Qazan” lotereyaları alıram. Düşünürəm ki, bəlkə böyük qazanclar əldə edə bilərəm. Çünki ətrafımızda 1000 və hətta 25 min manat uduş qazananlar olub. Bunlar isə digər insanları oynamağa vadar edir”.

Ənvər 1000 ədəd lotereya alsa da, sadəcə 5-6-sında uduş qazanıb:

”İndiyə kimi 20, 50 və 100 manat kimi uduşlarım olub. Heç kimə tövsiyə etmirəm, çünki bu, siqaretdən betərdir”.

“Qumardır, 100 manat xərcləyib 10 manat qazanıram”

Digər alıcı isə lotereyanı qumara bənzətdi:

“Mən hər gün ən az 20 lotereya alıram. Əslində bunu “mədəni qumar” hesab etmək olar. Çünki insanlar qalib gəlmək üçün külli miqdarda pul xərcləyirlər, sonda qazandıqları isə itirdiklərinin yanında heç nə olur. Yəni mən həftəyə 100 manatlıq lotereya alıram, amma sadəcə 10 və ya 20 manat qazanıram. Buna rəğmən o qazanma hissi məni yenidən oynamağa vadar edir”.

Müşahidələrimizi axşam da davam etdirdik. Məlum oldu ki, insanlar işə gedəndə də, işdən qayıdanda da lotereya alırlar. Ümumiyyətlə, hər satış məntəqəsində qızğın alış-veriş gedir. Satıcılar da etiraf edirlər ki, yaşam şərtləri ağırlaşdıqca, lotereyaya maraq artır. Görünən odur ki, maddi vəziyyəti yaxşı olmayan insanlar lotereyaları son çıxış yolu olaraq görürlər…/cebhe.info






Fikirlər