Nərimanov rayonunda əldə edilən nailiyyətlər paytaxtın digər rayonlarına nümunə göstərilir...
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nərimanov rayonunda 3 il əvvəl başlamış yeni pilot layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsi uğurla icra olunub. Layihə Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə birgə hazırlanıb və həyata keçirilib. Layihəyə hazırlıq dövründə Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər, könüllülər fəal iştirakı ilə məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirilib, yeni layihə barədə vətəndaşlara ətraflı məlumat verilmişdi. İşlər çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılmış, sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılmış, bloklara, həyətlərə, binalara maarifləndirici reklamlar yapışdırılmışdı. Əraziyə cavabdehlər təyin olunmuş, könüllülər gündəlik maarifləndirmə işlərini davam etdirirdilər. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir. Layihənin həyata keçirilməsi öz müsbət nəticələrini verib. Rayondakı çeşidləmə mərkəzinə daxil olan təkrar emal tullantıların həcmi artmışdır. Bunu Konsepsiyanın müəllifi "Mott MacDonald" şirkətinin nümayəndələri də xüsusi qeyd edirlər.
Şəhərin təmiz saxlanılması, gözəlləşməsi, ətraf mühitin və sağlamlığınızın qorunması, yeni ekoloji, sanitar mədəniyyətin formalaşması və iqtisadi səmərə əldə olunmasına xidmət edən bu layihənin gerçəkləşməsində Nərimanov Rayon İcra Hakimiyyətinin Mənzil – Kommunal Təsərrüfatı Birliyinin də xüsusi xidməti vardır. Təbii ki, Rayon İcra Hakimiyyəti bu çərçivədə işlərin gedişini daim diqqət mərkəzində saxlamışdır. Nərimanov rayonunda əldə edilən nailiyyətlər paytaxtın digər rayonlarının da mərhələli şəkildə bu layihəyə qoşulmasına imkanlar yaradır. Artıq 4 rayon bu layihəyə qoşulub. Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər Kommunat Təsərrüfatı Xidmətləri üçün müasir tələblərə tam cavab verən 57 ədəd kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb, onlardan fəal istifadə edilir. Hazırda Nərimanov rayonu ərazisində genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma işləri həyata keçirilir. İstismar müddəti bitmiş, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qəzalı vəziyyətdə olan sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissi ilə qarşılanır. Bütün bunlar təbii ki,qısa vaxt ərzində rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayevin gərgin əməyi və yüksək təşkilatçılıq qabiliyyətinin nəticəsidir.
Rayon ərazisində ekoloji tarazlığın qorunması üçün genişmiqyaslı yaşıllaşdırma işləri aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” ictimai birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə rayonda “Bizim həyət” layihələri çərçivəsində və Rayon İcra Hakimiyyəti tərəfindən də “Abad Həyət” layihəsi çərçivəsində də işlər davam etdirilməkdədir. Azər Abdul,"AzerTaym.az"