DÜNYADA UCUZLAŞIR, AZƏRBAYCANDA SÜRƏTLƏ BAHALAŞIR... - Ətin qiymətindəki yüksəliş nə ilə bağlıdır?

Son günlər Azərbaycanda ətin qiyməti yenidən bahalaşıb. Belə ki, mal ətinin 1 kiloqramı Bakıda bəzi satış məntəqələrində 12 manatdan 14 (15) manata, rayonlarda isə 11 manatdan 13 manata yüksəlib. Bundan əvvəl də bu il ətin qiyməti bir neçə manat yüksəlib. Qoyun ətində də bahalaşma var. Bahalaşma ümumilikdə il ərzində 30 faiz civarında müşahidə edilir. Halbuki Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada son üç ayda ətin qiymətində azalmalar baş verir. FAO-nun Ət Qiymətləri İndeksi iyulda iyuna nisbətən 0.5, avqustda iyula nisbətən 1.5, sentyabrda isə avqusta nisbətən 0.5 faiz azalıb.

Rəsmi statistikaya görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda quş əti də daxil olmaqla, ət istehsalı 364.2 min ton olub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.9 faiz çoxdur. Ümumiyyətlə, artıq neçə illərdir Azərbaycanda ət istehsalında davamlı artım dinamikası qeydəm alınır. 2021-ci ildə ölkədə kəsilmiş çəkidə 145 min ton mal əti, 87,7 min ton qoyun-keçi əti, 124,4 min ton quş əti istehsal olunub. Hər üç növ ətin istehsalında artım var. Ötən il Azərbaycanda mal ətinin istehlakı 163 min 165 ton təşkil edib ki, bunun da 12 min 833 tonu idxal edilib. Mal əti idxalı son 2 ildə kəskin azalıb - 2019-cu ildəki 22,3 min tondan 2021-ci ildə 12,8 min tona düşüb. Qoyun-keçi əti istehlakı 91 min 734 ton olub, bunun da 1 627 tonu idxal məhsulu olub. Qoyun-keçi əti idxalı 2019-cu ildə 2105 ton təşkil etmişdi. Bu isə bu ət növü üzrə idxalın da azaldığını göstərir. Quş ətinin istehlakı isə 2021-ci ildə 162,624 ton təşkil edib, bunun 32 591 tonu idxal edilib. Quş əti idxalı 2019-cu ildə 38 990 ton olmuşdu. Bu rəqəmlərdən aydın olur ki, Azərbaycanda ət istehsalında artım dinamikası davam edir. Rəsmi statistikaya əsasən 2021-ci ilin yekununda mal əti üzrə özünütəminat səviyyəsi 87,4 faizə, qoyun-keçi əti üzrə 97,3 faizə, quş əti üzrə 79 faizə çatıb.

Cari ilin yanvar-avqust aylarında Azərbaycana 26 min 149 ton ət gətirilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1.8 faiz çoxdur. Ət və ət məhsullarının qiymətləri iyunda 0.2, iyulda 0.4, avqustda 2, sentyabrda isə yalnız mal ətinin qiyməti 14-17 faiz artıb. İyul ilə müqayisədə avqustda Azərbaycanda ət və ət məhsullarının idxal dəyəri 26.4 faiz artıb.

Kənd Təsərrüfatı Nazirliyindən “Turan”a bildirilib ki, qurum qiymət tənzimləməsində iştirak etmir: “Kənd Təsərrüfatı Nazirliyinin belə bir funksiyası yoxdur. Dövlət qiyməti heç bir formada tənzimləmirsə, bazarda qiymətlər tələb-təklif qanununa görə müəyyənləşir”.

Qeyd olunub ki, “bazarda qiymət qalxıb” deməzdən əvvəl ət satış nöqtələrinin neçə faizində bu bahalaşmanın baş verib-vermədiyini bilmək lazımdır: “Əgər hansısa bir satış nöqtəsində satıcı qiyməti qaldırıbsa, buna "bazarda qiymətlər qalxıb" demək olmaz".

 

Oxu.az - Vahid Əhmədov: “Azərbaycan Ermənistanı hərbi kapitulyasiyaya uğratdı və qələbə qazandı”

Vahid Əhmədov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə agentliyə deyib ki, bahalaşma tək ətin qiymətində müşahidə olunmur: “Azərbaycanda ət çatışmazlığı yoxdur. Amma deyirlər, yem bahadır, yemin bir hissəsi xaricdən gətirilir”.

Deputatın sözlərinə görə də, Azərbaycan iqtisadiyyatında ən narahatedici məsələ məhz qiymət artımıdır: “Qiymət artımını stabilləşdirmək üçün xaricdən gələn ərzaq məhsullarının Əlavə Dəyər Vergisini diferensiallaşdırmaq lazımdır. Yəni hamısına 18 faiz yox, 1-2 faiz tətbiq etmək lazımdır”.

O bildirib ki, baş nazirin rəhbərliyi altında iclaslar keçirilib, antiinhisar tədbirləri haqqında qərarlar qəbul olunub, amma yenə də qiymət artımı var: “Dövləti başa düşmək olar, bu məsələ ondan asılı deyil, çünki kifayət qədər çox məhsulu biz xaricdən idxal edirik. Xaricdə də qiymətlər bahalaşıb. Ona görə də bu qiymət artımı müəyyən vaxt davam edəcək”.

 

Musavat.com-un məlumatına görə, Azərbaycanda iribuynuzlu mal-qara sayı son illərdə gah azalıb, gah artmaqla 2 milyon 650 min baş civarındadır. Qoyun-keçilərin sayı isə davamlı azalma nümayiş etdirir - 2019-cu ildəki 8,3 milyon başdan 2022-ci ilin 1 yanvarına 7,9 milyon başa düşüb. Quşların sayında da azalma müşahidə olunur - 30 milyon 498 min başdan 29 milyon 623 min başa qədər.

Ekspertlərə görə, Azərbaycanda tələbat 2 milyon 500 min ton olduğu halda, cəmi 300 min ton qüvvəli yem istehsal olunur. Yəni heyvandarların heyvanın kökəltməsində istifadə etdikləri yemin kifayət qədər və keyfiyyətli olmadığı üçün xərcləri çoxalır, əldə etdikləri məhsulun həcmi isə az olur.

Rəsmi statistikadan aydın olur ki, ölkədə yemlik bitkilərin əkin sahəsi və istehsalı sürətlə azalır. Məsələn, silos və yaşıl yem üçün qarğıdalı əkinləri 2020-ci ildəki 2,6 min hektardan 2021-ci ildə 1,2 min hektara, istehsal isə 399,2 min tondan 308,9 min tona düşüb. Yaşıl kütlə ot istehsalı 2020-ci ildə 4 milyon 595,8 min ton, 2021-ci ildə isə 4 milyon 691,5 min ton təşkil edib. Ot istehsalının çox böyük hissəsi çoxillik otlardan əldə olunub - 2021-ci ildə 3 milyon 121 min ton. Ötən il təbii və yaxşılaşdırılmış biçənəklərdən 1 milyon 550,2 min ton ot əldə olunub.

 

 

Onu da qeyd edək ki, Azərbaycanda dövlət heyvandarlıq sektoruna yönəlik bir neçə dəstək mexanizmindən istifadə edir: cins mal-qaranın, müasir texnologiyaların idxalı subsidiyalaşdırılır. Bundan əlavə, heyvandarlıqda sığorta mexanizmində dövlət iştirak edir. Azərbaycanda aqrar sığorta mexanizmi 2020-ci ildən tətbiq olunmağa başlayıb. Aqrar Sığorta Fondunun açıqladığı məlumata görə, 2021-ci ildə toplanan sığorta haqlarının məbləği 11 milyon 261 min manata çatıb. Ötən il fond tərəfindən 18 836 baş heyvan sığortalanıb, toplanmış sığorta haqqının məbləği 5 milyon 89 min manat təşkil edib. Bu, 2020-ci illə müqayisədə 213 faiz artıqdır. Heyvandarlıq sığortası üzrə verilən sığorta təminatının həcmi 59 milyon manata yüksəlib. 2021-ci ildə aqrar sığorta üzrə 152 min manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin 29 min manatı bitkiçilik, 123 min manatı heyvandarlıq sığortası üzrə edilib.

Ukraynada başlayan müharibə üzündən qlobal bazarlardakı bahalaşmanın Azərbaycanda ərzaq qiymətlərinə mənfi təsirinin qarşısını almaq üçün hökumət bir sıra addımlar atıb. 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərarı ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin 30 iyun tarixli “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasən 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub.

Daha sonra Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb. Bu fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarıın idxalı da ƏDV-dən azad edilib.

Hesab olunurdu ki, bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malik olacaq. Belə ki, hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir. Lakin göründüyü kimi, mal və qoyun əti istehsalçıları dövlətin etdiyi güzəştlər fonunda qiymətləri artırmaqdan çəkinmirlər. Halbuki eyni güzəştləri alan quş əti istehsalçıları bu addıma getməyiblər.

Maraqlıdır ki, cari ildə iqlim şərtləri yerli yem istehsalında çətinliklərin keçən ilə nisbətən daha az olmasını şərtləndirəcək qədər əlverişli oldu. Ötənilki kəskin quraqlığa qarşı bu il yağıntıların miqdarı daha çox oldu.

Məlumat üçün qeyd edək ki, Prezidentin Fərmanına əsasən yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilə qədər, Nazirlər Kabinetinin yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunmasına dair qərarının müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilib. Əgər bu müddət artırılmasa, 2023-cü ilin 1 yanvarından yem əlavələri və yem məhsullarının idxalı yenidən ƏDV-yə və rüsuma cəlb olunacaq. Bu isə ölkədə yalnız mal və qoyun ətinin deyil, quş ətinin də bahalaşmasına gətirib çıxaracaq.






Fikirlər