Gəncə terrorunda atasını itirən şəxs: “Torpağın altında öldüyümü zənn etdim” – FOTO

Gəncə terrorunda atasını itirən şəxs: “Torpağın altında öldüyümü zənn etdim” – FOTO

“Həmin vaxt atamın şəhid olduğunu mənə bildirmədilər. Bütün xəstəxanaları axtardım. Dedilər ki, yoxdur. Sonradan dedilər ki, atan şəhid olub”.

Bu sözləri Oxu.Az-a açıqlamasında 2020-ci il 17 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində şəhid olan 1943-cü il təvəllüdlü Nurəddin Ağayevin oğlu Ramiz Ağayev deyib.

 

Arayış: Ağayev Nurəddin Polad oğlu 1943-cü il 10 aprel tarixində Yevlax şəhərinin Əlibayramlı kəndində doğulub. 1952-ci ildə Əlibayramlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 1960-cı ildə həmin məktəbin 8-ci sinfini bitirib, 1960-cı ildə Yevlax şəhərindəki gecə məktəbində təhsil alıb, 1962-1965-ci illərdə həqiqi hərbi xidmətdə olub, 1965-ci ildə peşə məktəbinə qəbul olub, 1967-ci ildə həmin təhsil müəssisəsini bitirib. 1969-cu ildə Ağayeva Cəvahir Yunis qızı ilə ailə həyatı qurub, 2007-ci ildən təqaüdə çıxıb. Beş övlad var.

2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olub.

Ramiz bəy, həmin gecə baş verənləri unuda bilmədiyini deyir:

“17 oktyabr saat 01:00-da hadisə baş verdi. Həmin vaxt mən də, qızım da oyaq idik. Yuxudan yeni oyanmışdım. Həyətə çıxmaq istəyirdim. Səs gəldi. İkinci səsi eşitmədik. Ev başımıza uçdu. Atam bizimlə yaşayırdı. O, şəhid oldu.

Həmin vaxt atam oğlumla ikinci mərtəbədə qalırdı. Qızlarım da öz otaqlarında idi. Bütün ailə üzvləri xəsarət aldılar. Mən və oğlum özümüz-özümüzü dağıntı altından çıxartdıq. Ev tamamilə uçulmuşdu”.

Uçqun nəticəsində Ramiz bəy və bütün ailəsi dağıntı altında qalıb. Bütün ailə üzvləri xəsarət alıblar.

Ramiz bəy, uçqun zamanı özünün vəfat etdiyini zənn edib:

“Nəfəs almaq mümkün deyildi. Hər şey üstümə tökülmüşdü. Nə danışa bilirdim, nə də ətrafı görürdüm. Heç nə, boşluq idi. Sonra birdən yerin altında özümü tərpətdim. Öldüyümü zənn etdim. Bir qədər hava gələndən sonra hiss etdim ki, kimsə yuxarıdan mənə dəydi. Əlimlə yoxladım. Bildim ki, atamdır. Nə qədər səsləsəm də, cavab vermədi. Ondan sonra oğlumun səsi gəldi. Qışqırırdı.

Oğlum da özü-özünü xilas etdi. Onlar ikinci mərtəbədə idilər. Üzərilərinə az dağıntı düşmüşdü. Hər şey mənim üstümdə idi. Hər birimiz ağır xəsarət almışdıq. Uşaqlar Bakıdaydılar. Sanki hiss etmişdilər. Həmin günü evə gəldilər”.

Ramiz bəy həmin günlə bağlı xatirələrini danışdıqca səsi titrəyirdi...

Onlara qarşı bu vəhşiliyi edənlərdən qisas almaq arzusu ilə yaşadığını söyləyir:

“Həmin günü heç vaxt unutmayacağam. Bu, dinc sakinlərə qarşı edilmiş cinayət idi. Biri var cəbhədə döyüşəsən, biri də var yatdığın yerdə ev başının üstünə uça.

Uşaqlarımı o vəziyyətdə görmək çox ağır idi. Cəbhə bölgəsi elədir ki, kimisə vurarsan, qisasın alınar. Mənim beynimdə intiqam hissi var. Onlar gözümün qabağından getmir. Uşaqların o vəziyyətdəki halını unuda bilmirəm. Hər şey bir saniyənin içərisində yox oldu. Evimiz hələ də bərpa olunmayıb. Hələ də tikinti işləri gedir. Kirayədə yaşayırıq”.

R.Ağayev atasının bu yaşda uca zirvəyə yüksəldiyini qeyd edib:

“Nə olsa belə yaşadığımız o günləri heç vaxt unutmayacağıq. İllərlə qurduğumuz hər şey bir anda məhv oldu. Qismət belə imiş. Təki hamısı onun yaşda olaydı. Bu yaşda o zirvəyə yüksəldi. Hər gün o günü xatırlayırıq”.

Qeyd edək ki, erməni terroristlər tərəfindən Gəncəyə ümumilikdə beş raket hücumu olub. 17 oktyabr tarixində döyüşlərin getdiyi ərazidən uzaqda, mülki şəxslərin yaşadığı Gəncə şəhərinə edilən hücum erməni xislətini aydın şəkildə tərənnüm etdi. Belə ki, həmin gün baş vermiş qanlı hadisə nəticəsində 15 nəfər həlak olub, 55 nəfər yaralanıb. 20 ev isə tamamilə dağıdılıb.






Fikirlər