İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - YENİLƏNİB...
Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib. Bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb. AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib. Namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb. Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub. Səsvermənin nəticəsi olaraq İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib. Qeyd edək ki, İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib. Oktyabrın 16-da onun 73 yaşı tamam olub. Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istafa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu. xxx AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib, daha sonra qurumun prezidentinin seçilməsi üçün səsvermə başlayıb. Bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb. Namizədlər arasında İsa Həbibbəyli tək olub. Hazırda səsvermə davam edir. İclasda həmçinin AMEA-nın yeni nizamnaməsi də təsdiq olunub. xxx "AMEA-nın bu gün keçirilən ümumi yığıncağında akademiyaya yeni prezidentin seçilməsi məsələsinə baxılacaq". Bunu AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov deyib. O bildirib ki, bugünkü iclasda həm də akademiyanın yeni Nizamnaməsi qəbul olunacaq: "Nizamnamə təsdiq olunması üçün Prezident Administrasiyasına təqdim olunacaq. Gündəlikdə yer alan təşkilati məsələyə gəlincə, bu, iclasın gedişatında məlum olacaq". Rəyasət Heyətinin binasının aqibətinə toxunan Arif Həşimov əlavə edib ki, hazırda bu məsələ gündəmdə deyil.