GÖMRÜKDƏ 95 MİNLİK MAL NECƏ “YOXA ÇIXIB”?... - Gömrük Komitəsi 2 ildir Ali Məhkəmənin qərarını icra etmir...
Azərbaycanda əhalinin, iş adamlarının, hətta xarici ölkə vətəndaşlarının narazı olduğu dövlət qurumlarının arasında Dövlət Gömrük Komitəsi ilk yerlərdən birində dayanır desək, yəqin səhv etmərik. Ötən illər ərzində Gömrük Komitəsinin rəhbərliyində bir neçə dəfə dəyişiklik olsa da gömrükdə baş verən qanunsuzluqlar, iş adamlarının, vətəndaşların incidilməsi halları azalmır. Təsadüfü deyil ki, son bir neçə ayda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Gömrük Komitəsində həyata keçirilən silsilə əməliyyatlar çərçivəsində bir sıra yüksək vəzifəli gömrük generalları vəzifələrindən azad edilib və həbs olunublar. Komitənin sədri dəyişdirilib, çoxsaylı kadr dəyişiklikləri aparılıb. Ancaq gömrüklə bağlı narazılıqlar, şikayətlər azalmır. Hətta keçmişdə baş verən qanunsuzluqların daha ifrat şəkildə davam etdirildiyini söyləməyə əsas verir. Rusiya Federasiyasının vətəndaşı Cantemirova Mərcan Usmanovna tərəfindən Ölkə Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanan, surəti hüquq-mühafizə orqanlarını rəhbərlərinə, Gömrük Komitəsinin sədrinə və saytımıza da göndərilən şikayət məktubu da qurumun fəaliyyətində ciddi problemlərin qaldığını təsdiqləyir. Mərcan Cantemirovanın etibarnamə üzrə nümayəndəsi Həmidova Sefiyat Həmidullayevna tərəfində redaksiyamıza təqdim olunan məktubda deyilir: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları və məhkəmə icraçılarının mənə qarşı qanunsuz əməlləri barədə Sizə məlumat verirəm. Belə ki, 23 il ərzində mən ticarətlə məşqul olmuşam və Azərbaycana tranzit yolu ilə satış üçün mal gətirmişəm. 2014-cü ilin sentyabr ayında ümumi dəyəri 95.000 ABŞ dolları olan malları (təbii xəzdən istehsal olunmuş xəz palto) Azərbaycana gətirərək Dövlət Gömrük Komitəsinin saxlanc yerinə təhvil vermişəm (Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun saxlanc yeri). Naməlum şəraitdə həmin mallar gömrük komitəsinin saxlanc yerindən oğurlanmış, hüquq mühafizə orqanlarına və Dövlət Gömrük Komitəsinə çoxsaylı müraciətlərim heç bir nəticə verməmişdir. Bununla bağlı məhkəmə orqanlarına müraciət etmişəm və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarı ilə iddia tələbim tam təmin edilərək, oğurlanan malların, həmin mallar olmadıqda onların dəyəri olan 95.000 ABŞ dolları pulun Dövlət Gömrük Komitəsindən alınaraq mənə verilməsi qət edilmişdir. Ali Məhkəmənin qərarı qüvvəyə minmiş və icra vərəqəsi icra edilməsi Yasamal rayon Məhkəmə İcraçılarına göndərilmiş və hal hazırda məhkəmə icraçısı Bəxtiyar Babayevin icraatındadır” . Şikayət məktubunad daha sonra qeyd edilir ki, Bəxtiyar Babayevə və Dövlət Gömrük Komitəsinə çoxsaylı müraciətləri heç bir nəticə verməyib, Ali Məhkəmənin qərarı bu günə kimi icra edilməyib: “Gömrük Komitəsinin əməkdaşları və məhkəmə icraçısı Bəxtiyar Babayev məhkəmə qərarının icra edilməməsini onunla əsaslandırmışlar ki, mənə ödənilməli olan məbləğ Gömrük Komitəsinin 2022-ci il üçün ayrılan büdcəsində nəzərdə tutulmayıb. Dövlət Gömrük Komitəsinə və Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinə rəsmi müraciətlərim və həmin təşkilatların rəhbərlərinin qəbuluna yazılmaq üçün müraciətlərim də heç bir nəticə verməyib. Ona görə də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciətim əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə rəsmi nota göndərilib. Yuxarıda adı çəkilən təşkilatların əməkdaşlarının qanunsuz və etinasız yanaşması nəticəsində mən müflis olmuşam, yeganə yaşayış yerim olan evimi sataraq gohumlarımın və tanışlarımın evində müvəqqəti yaşamaq məcburiyyətində qalmışam. Artıq bu haqsızlığa dözməyə gücüm qalmayıb, Sizlərdən xahiş edirəm mənə kömək edəsiniz və pozulmuş hüquqlarımın bərpasında mənə köməklik göstərəsiniz” Qeyd edək ki, saytımıza təqdim olunan sənədlərdən məlum olur ki, bürün məhkəmə instansiyalarında Mərcan Usmanovnanın iddiasının haqlı olduğu vurğulanıb, Dövlət Gömrük Komitəsinin (DGK) üzərinə ona dəymiş ziyanın ödənilməsi tələbi qoyulub. Ancaq Gömrük Komitəsinin rəhbərliyi bu tələbi yerinə yetirməmək üçün işi Ali Məhkəməyə qədər daşıyıb, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2019-cu il tarixdə Mərcan Cantemirovanın xeyrinə çıxardığı qətnaməsindən kassasiya şikayəti verib. Ali Məhkəmənin Mülki kollegiyası isə 2020-ci ilin iyun ayının 29-da çıxardığı qərarda BakıApellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi qüvvədə saxlanılıb, DGK-nin üzərinə Mərcan Cantemirovaya 95 min ödənilməsi öhdəliyi qoyulub. Qeyd edək ki, Ali Məhkəmənin Mülki kollegiyasının qərarında Mərcan Cantemirovanın 95000 dollar dəyərində olan mallarının necə yoxa çıxdığı da aydın təsvir edilib: “Cantemirova Mərcan (Marjan) Usmanovna (bundan sonra – iddiaçı) içərisində qadın xəz şubaları olan üç ədəd çanta ilə 23 sentyabr 2014-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna daxil olmuş, həmin bağlamalar Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna müvəqqəti saxlanca verilmişdir. Qeyd edilən malların müvəqqəti saxlanca verilməsi ilə əlaqədar Samur gömrük postunun əməkdaşları tərəfindən 23 sentyabr 2014-cü il tarixli 216 saylı protokol tərtib edilməklə imzalanmışdır. İddiaçı 29 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanladığı ərizəsində kommersiya fəaliyyəti ilə məşğul olduğundan, Çindən xəz şubaları gətirərək Azərbaycandan tranzit yolu ilə Dağıstana apardığını qeyd etmişdir. Gətirilən şubalardan 52 ədədi qüsurlu olduğundan həmin malların Çinə qaytarılması üçün Samur gömrük postunda saxlanca verildiyini, sonradan həmin malların qaytarılmadığını qeyd edərək, həmin malların qaytarılmasında köməklik olunmasını xahiş etmişdir...” Ancaq məhkəmə raşdırması ilə də müəyyən edilir ki, həmin mallar məhz gömrükçülərin günahı üzündən yoxa çıxıb. Buna görə də Ali Məhkəmə DGK-nin üzərinə Mərcan Cantemirovaya 95 min ödənilməsi öhdəliyi qoyub. Belə bir şəraitdə DGK-nin iki ildən artıqdır ki, müxtəlif bəhanələrlə məhkəmə qərarını yerinə yetirməkdən qaçması ən azı qanunlara hörmətsizlik, Azərbaycan dövlətinin imicinə zərbədir. Hər halda gömrük əməkdaşlarının məsuliyyətsizliyi, səhlənkarlığı və ya acgözlüyü üzündən baş vermiş bir hadisəni Rusiya səfirliyinin Azərbaycan XİN-ə nota verəcək səviyyə qədər davam etdirilməsini başqa cür izah etmək mümkün deyil. Belə görünür ki, hətta bu nota belə DGK rəhbərliyini Ali Məhkəmənin Azərbaycan dövlətinin adından çıxardığı qərarı, qurunun üzərinə qoyduğu öhdəliyi yerinə yetirməyə vadar etməyib. Buna görə də Mərcan Cantemirova son ümid yeri kimi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək könmək istəyir. Qeyd edək ki, Mərcan Cantemirovanın etibarnamə üzrə nümayəndəsi Sefiyat Həmidova bildirir ki, artıq onların nə gözləməyə səbrləri, nə də imkanları qalıb. Hətta intihar etməyi belə düşünüblər. “Ancaq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə problemin tezliklə həll ediləcəyinə, Gömrük Komitəsinə nəhayət ki, məhkəmənin qərarını yerinə yetirəcəyinə ümid edirik” –deyə, Sefiyat Həmidova bildirib. Gömrük Komitəsinin Ali Məhkəmənin qəratrını niyə yetirmədiyini öyrənməyə çalışsaq da, zəngələrimizi cavab ala bilmədik. Ancaq DGK-nin də mövqeyini dərc etməyə çalışacağıq. /“AzPolitika.info”