Azərbaycanın müasir tarixində görkəmli alim-mütəfəkkir, fəal ictimai xadim və dəyərli dövlət adamı, bu gün - noyabrın 5-də 70 yaşını sevinc və qürurla qeyd etdiyimiz professor Vilayət Quliyevin xüsusi rolu və mövqeyi var.
Çağdaş Azərbaycan elminin son 40 ilini Vilayət Quliyevin zəngin və çoxyönlü elmi yaradıcılığı, ictimai-siyasi həyatımızın isə yaxın 30 illik dövrünü isə onun bu sahədəki fəaliyyəti nəzərə alınmadan təsəvvür etmək çətindir. Vilayət Quliyev ədəbiyyat və milli düşüncə tariximizə dürüst elmi mövqedən və dərin fəlsəfi aspektdən yanaşan, bu istiqamətdə çox sayda qiymətli əsər yaradan nadir mütəfəkkir-alimlərimizdən biridir.
Tariximizdə müstəsna yer tutan neçə-neçə görkəmli şəxsiyyətin bioqrafiyası, həyat və yaradıcılıq yolu, xidmətləri, zəngin irsi, eləcə də Azərbaycan tarixinin bir sıra mühüm, lakin nədənsə kölgədə qalmış məqamları məhz Vilayət Quliyevin parlaq zəkası, ardıcıl zəhməti və alim-insan fədakarlığı sayəsində üzə çıxarılaraq geniş ictimaiyyətə çatdırılıb. İndiyə qədərki 70 illik ömrünün 50 ilə yaxınını bu sahələrdə gərgin araşdırmalara həsr etmiş Vilayət Quliyev, ürəkdən inanırıq ki, elmi ictimaiyyəti və oxucuları bundan sonra da qiymətli əsərləri ilə sevindirəcək.
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1999-2004), 2004 ildən 30 mart 2010-cü ilə qədər Polşada (2004-2010), Macarıstanda (2010-2021) və nəhayət, 2022-ci ildən Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindəki fəaliyyəti Vilayət Quliyevin həm də bacarıqlı diplomat, ölkəmizin və millətimizin maraqlarını hər şeydən yüksək tutan dövlət xadimi olduğunun aydın təzahürüdür.
“525” ailəsi üçün Vilayət müəllimin bir xüsusi cəhəti isə onun illərdən bəri qəzetimizin ən sadiq oxucularından, və ən əsası da, çox fəal, daima arzulanan, yazılarına ciddi ehtiyac duyulan müəlliflərindən biri olmasıdır. Bu mənada, o, “525-ci qəzet”in və ümumən milli mətbuatımızın böyük dostu, həqiqi təəssübkeşidir.
Əzizimiz Vilayət müəllim! Əlamətdar yubileyiniz – 70 yaşınızın tamam olması münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, könül rahatlığı arzulayır, misilsiz dəyərə və önəmə malik çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar diləyirik!
70 yaşınız mübarək olsun!
“525”-ci qəzet.