ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR ...

Şərəflə yaşanan ömür

Mən onu 2009- cu ildən, S.Vurğun adına Sumqayıt şəhər mərkəzi kitabxanasında işlədiyim zamandan tanımışam. Amiranə görkəmi, mərdanə duruşu, gur səsi olan Tohid müəllim kitabxananın ən fəal oxucusu idi. Kitabxanada keçirilən tədbirlərdə müntəzəm olaraq çıxış edir, maraqlı mülazələri ilə auditoriyanı özünə cəlb etməyi bacarırdı. Sonralar Tohid müəllimin Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin şəcərəsindən olduğunu biləndə əsla təəccüblənmədim. Çünki onun əsilzadə bir şəxsiyyətə malik olduğuna artıq bələd idim.

Tohid Dilən oğlu Məmmədov 1950-ci il sentyabrın 1- də ölməz Nizaminin gözəlliyini vəsf etdiyi qədim Bərdə torpağında anadan olmuşdur. Müharibədən yenicə çıxmış ölkənin ucqar Mollalı kəndində sadə bir kolxozçu ailəsində gələcəkdə mayor, polkovnik rütbəsi daşıyacaq, vətənpərvər ziyalı olacaq altı oğlan övladı böyüyürdü. Ailənin başçısı- Böyük Vətən müharibəsi iştirakçısl, II qrup əlil, böyük bir nəslin nüfuz sahibi, el ağsaqqalı Dilən kişi bütün çətinliklərə baxmayaraq oğullarına ali təhsil vermək arzusunda idi. Ətrafında baş verən haqsızlıqlar, cəmiyyətdə tüğyan edən neqativ hallar halal çörəklə böyüyən balaca Tohidin qəlbini üsyan hissi ilə doldurur,o, bütün qanunsuzluqlara qarşı mübarizə aparmagın yolunu qanun keşikçisi olmaqda görürdü.

Elə bu arzu onu hüquq  fakültəsinə gətirdi. O illərdə Azərbaycanda hüquq təhsili almaq çox çətin idi. Neqativ hallar üzündən sıravi vətəndaşların hüquq fakültəsinə daxil olması əlçatmaz məsələyə çevrilmişdi.

Orta məktəbi bitirdikdən sonra iki dəfə universitetə imtahan verib yüksək qiymətlər alsa da, məlum səbəblərdən tələbə ola bilməyən Tohid Məmmədov yalnız hərbi xidmətini başa vurduqdan sonra arzusunu reallaşdıra bildi.

Gənc Tohidin bəxti onda gətirdi ki, 1969-cu ildə respublika rəhbərliyinə gələn ulu öndər Heydər Əliyev fəhlə və kəndli balalarının hüquq fakültəsində təhsil almalarına şərait yaratdı, ali məktəblərə qəbul olunmağın yeganə meyarı bilik oldu. Məhz Heydər Əliyevin səyləri nəticəsində ali təhsil ocaqlarında xoşagəlməz stereotiplər aradan qaldırılmış, kadr hazırlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Tohid Məmmədov 1971-1977-ci illərdə Bakı Dövlət Universitetinin (o zamankı S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) hüquq fakültəsində təhsil almış və oranı hüquqşünas ixtisası üzrə bitirmişdir.

Gənc Tohidin əmək fəaliyyətinə qədəm qoyduğu yol heç də hamar olmamışdır. 1971-1972-ci illərdə Bakı şəhər Baş Tikinti İdarəsinin 13 saylı yol tikinti idarəsində fəhlə işləyən Tohid 1972- ci il aprelin 6-dan arzusunda olduğu işə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində polis əməkdaşlığına qəbul olunmuşdur.

Bu bir danılmaz faktdır ki, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, "...Polis peşəsi  agır, çətin peşədir. Polis peşəsinə öz həyatını sərf edən insan bir çox mühüm keyfiyyətlərə malik olmalıdır. Polis əməkdaşı birinci növbədə ölkəsinin dövlətinə, konstitusiyasına, qanunlarına tam layiq olmalıdır. Polis əməkdaşı bilikli, öz sahəsində yüksək təhsilə, yaxşı təcrübəyə malik, iradəli, cəsarətli, qorxmaz olmalıdır".

Bütün bu keyfiyyətləri özündə daşıyan Tohid Məmmədov 2003-cü ilədək Bakı və Sumqayıt şəhərlərində daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyərək polis mayoru rütbəsi almışdır. Polis əməkdaşı kimi fəaliyyət göstərdiyi dövrdə o, həmişə fədakar işi və səmimiyyəti ilə kollektivin rəğbətini qazanmaga müvəffəq olmuşdur. Respublika mətbuatının, o cümlədən " Mübariz keşikdə" qəzetinin (indiki "Polis" qəzeti) səhifələrində Tohid Məmmədov haqqında dərc olunan məqalələrdən oxuyuruq ki, o, illərlə bağlı qalan neçə- neçə cinayət hadisəsinin üstünü açmış, öz işinin peşəkarı kimi şöhrət qazanmışdır.

Tohid Məmmədov elə polis sistemində işlədiyi dövrdə - 1992-1994-cü illərdə Qarabagda Agdam ugrunda gedən döyüşlərdə iştirak etmişdir. Cəbhədən- cəbhəyə hünər göstərən qeyrətli Vətən oğlunun qardaşı Elxan Məmmədov da torpaqlarımız ugrunda gedən döyüşlərdə onunla çiyin-çiyinə idi.Qeyd etmək lazımdır ki,  polkovnik Elxan Məmmədov müharibə başlayan kimi öz arzusu ilə Rusiyadan Vətənə qayıdıb  Azərbaycanın Milli Qəhrəmanı, Fred Asif kimi tanınan Asif Məhərrəmovun dəstəsində döyüşmüş, onun ölümündən sonra elə həmin dəstənin komandiri olmuşdur.

Müharibədə iştirakına görə Tohid Məmmədov Qarabag müharibəsi veteranı və  zəfər medalı ilə, polis sistemində səmərəli fəaliyyətinə görə isə üç dəfə xüsusi xidmət medalı və "Polis əlaçısı" nişanı ilə təltif olunmuşdur.

2020-ci ilin 20  noyabr günü- Ağdamın erməni işgalından azad olunması bütün azərbaycanlılar kimi keçmiş döyüşçünün həyatında da ən unudulmaz gün idi.

2000-ci ildən Tohid müəllim pedaqoji fəaliyyətə başlamış, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında müəllim, baş müəllim vəzifəsində çalışmışdır. O, tələbələrə yalnız dərs deməklə kifayətlənməmiş, bütün bilik və bacarığını onlara aşılamaga çalışmış, gənc nəslin təlim-tərbiyə işində yaxından iştirak etmişdir. Əsas amalı Vətənimizi gələcəkdə layiqincə təmsil edəcək gənclər yetişdirmək olan Tohid müəllim məsləhətlərini onlardan əsirgəməmiş, onlara həmişə mənəvi dəstək olmuşdur.

Pedaqoji fəaliyyətlə kifayətlənməyən T. Məmmədov illərlə işlədiyi hüquq sahəsinə dair elmi araşdırmalara başlamışdır. Belə ki, o, 2003- cü il oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutunda "Azərbaycanın beynəlxalq əlaqələri tarixi" şöbəsi üzrə dissertantlığa qəbul edilmiş və ona tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Azərbaycan Respublikasının İnterpol sistemində fəaliyyət tarixi (1992-2002-ci illər)" adlı dissertasiya mövzusu verilmişdir.

T.Məmmədov dissertasiya işini 2016-cı ilin 30 noyabrında müvəffəqiyyətlə müdafiə etmişdir.

2020- ci ildə "Elm və təhsil" nəşriyyatı tərəfindən onun "Azərbaycan Respublikasının beynəlxalq polis təşkilatı və onun ""İnterpol" sistemində fəaliyyəti" adlı monoqrafiyası işıq üzü görmüşdür. Kitabda müəllifin əsas diqqət yetirdiyi məsələlər İnterpolun yaranmasının zəruriliyi və tarixi əsaslarl, struktur və vəzifələri, funksiya və əsas fəaliyyət metodları, digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, İnterpolun Azərbaycan Mərkəzi Bürosunun və fəaliyyətinin əsas istiqamətləri, kadr təminatı və beynəlxalq cinayətkarlığa qarşı mübarizəsidir. Müəllif öz əsərində yeri gəldikcə İnterpolun fəaliyyətinə dair tənqidi fikirlərə yer verməkdən çəkinməmiş, qərb və rus müəlliflərindən fərqli olaraq İnterpolun erməni terror təşkilatlarına qarşı tutduğu ikili münasibəti kəskin surətdə pisləmişdir.

Ciddi araşdırmalar nəticəsində ərsəyə gələn bu çox dəyərli monoqrafiya tarix və hüquq ixtisası üzrə təhsil alan tələbələr və müəllimlər üçün nəzərdə tutulmuşdur.

Elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan kitabın Polis Akademiyasında nəzərdə tutulan təqdimatı təəssüf ki,  məlum pandemiya səbəbindən baş tutmamışdır.

Çox təqdirəlayiq haldır ki, ömrünün 72-ci baharını yaşayan Tohid müəllim hələ də gənclik enerjisi ilə yorulmadan çalışır. Artlq yeni iki monoqrafiyanı çapa hazırlayan Tohid müəllim 90 elmi məqalənin müəllifidir. O, dəfələrlə bir çox beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

Vətənpərvər ziyalı, el ağsaqqalı, nümunəvi ailə başçısı Tohid Məmmədov artlq təqaüdə çıxsa da, yenə də qanunçuluğun keşiyində dayanıb inkişafımıza mane olan ünsürlərə cəsarətlə öz sözünü deyir.

Biz şərəfli ömür yolu keçən, öz əməlləri ilə gənclərə örnək olan Qarabagın igid oglu, gözəl insan Tohid Məmmədova möhkəm can saglığı və işlərində uğurlar arzulayırıq.

Var olun, Tohid müəllim! Çünki sizin kimi ziyalıların varlığına cəmiyyətimizdə həmişə ehtiyac var.

 Tərlanə ƏliyevaMilli kitabxananın əməkdaşı

 

 

 

 

 

 






Fikirlər