Milli Kitabxanada professor Qəzənfər Paşayevin yubileyinə həsr edilmiş tədbir keçirilib...
Dekabrın 1-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin 85 illik yubiley tədbiri və görkəmli alimin “Seçilmiş əsərləri”nin 11 və 12-ci cildlərinin, “Azərbaycanda və İraqda Bayatlar” və “Xilaskarlar” (fars dilində) kitablarının, habelə Sərvaz Hüseynoğlunun “Ömrün Qəzənfər Paşayev modeli” kitabının təqdimat mərasimi keçirilib. "AzerTaym.az" bildirir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Bildirib ki, bu gün biz Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən olan, tanınmış alim, gözəl insan, professor Qəzənfər Paşayevin 85 illik yubiley tədbirinə toplaşmışıq. Direktor vurğulayıb ki, Qəzənfər müəllim təkcə özü üçün yox, başqaları üçün də yaşamağı bacaran açıq ürəkli, səmimi və səxavətli bir şəxsiyyətdir. Onun ədəbiyyat sahəsində yazmadığı istiqamət demək olar ki, yoxdur. Çıxışının sonunda direktor Qəzənfər müəllimə uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, gözəl həyat arzulayıb. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Qəzənfər Paşayevi İraq türkmanlarının ölkəmizdəki təmsilçisi adlandırıb, qeyd edib ki, Qəzənfər müəllimin Azərbaycan qarşısında böyük xidmətləri ondan ibarətdir ki, o, bayatlar, Dərbənd və bütün Azərbaycanı əhatə edən çoxsaylı yazılar müəllifidir. Atası ilə alimin əlaqələrindən danışıb, ona yeni yaradıcılıq uğurları və cansağlığı arzu edib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək vurğulayıb ki, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Azərbaycan elmi-ictimai fikrinin görkəmli nümayəndələrindən biridir. AMEA adından Azərbaycan ədəbiyyatşünaslığının bir çox istiqamətlərinin tədqiqi ilə tanınan, son yüzilliyin ədəbiyyatının qiymətli dəyərləndirmələri olan əsərlər müəllifi olan professoru təbrik edən natiq Qəzənfər müəllimin 85 il şərəfli insan və alim ömrü yaşadığını söyləyib, bildirib ki, Kərkük mövzusunda yazanların hamısı Qəzənfər müəllimi özlərinə ustad hesab edirlər və onun bu istiqamətli əsərləri həm Kərkük türklərinin ədəbiyyatının, mənəvi aləminin dünyada tanıdılmasında böyük addım olub. Akademik Qəzənfər Paşayevin Kərkük tədqiqatlarının müəyyən çətinliklərlə üzləşən və milli varlığını qoruyub saxlamağa çalışan bu azsaylı xalqa dəstək olduğunu qeyd edib. Azərbaycan nəsimişünaslığının ən parlaq, ən zəhmətkeş nümayəndələrindən biri olan Qəzənfər müəllim onun İraq divanını ortaya qoyub və Nəsiminin faciəvi həyatına həsr olanmuş yeganə tədqiqat da məhz ona məxsusdur. Akademik İsa Həbibbəyli Qəzənfər Paşayevin əsərlərində ana xəttin aydın şəkildə verildiyini, oxucuya bələdçilik etdiyini söyləyib, fəaliyyətində həmçinin aşıq ədəbiyyatının da geniş yer tutduğunu, peşəkar folklorçu missiyasını yüksək səviyyədə yerinə yetirdiyini, tərcüməçilik fəaliyyətinin Azərbaycan oxucusunun baxışlarının açılmasında, dünyagörüşünün genişlənməsində mühüm rol oynadığını bildirib və alimi Azərbaycan ziyalılığının simvolu adlandırıb. Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli yubilyara Nazirin təbrikini çatdırıb, Azərbaycan Respublikası Mədəniyyət Naziriliyi tərəfindən təsis olunan “Şuşa-270” döş nişanı ilə təltif edilən alimə nişanı təqdim edib. Bildirib ki, sadə, təvazökar insan olan Qəzənfər müəllimlə söhbətdən hər zaman zövq almış, “Altı il Dəclə-Fərat sahillərində” əsərini sevərək mütaliə etmişdir. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Qənirə xanım Paşayeva hər kəsi salamlayıb, həm öz adından, həm də Milli Məclisin Mədəniyyət Komitəsi adından yubilyarı təbrik etmiş, burada çıxış etməyin həm qürurverici, həm də məsuliyyətli olduğunu söyləyib. Bildirib ki, insanın bu dünyadan apara biləcəyi xeyir-dua və sevgidir ki, Qəzənfər müəllim bunları qazanıb, onu tanımadan sevən yüz minlərlə insan var və o, ona görə xoşbəxtdir ki, milləti ona milli aydın adını verib. Bu sevgini illərlə ağır zəhmət və fədakarlıqlar sayəsində qazanan Qəzənfər müəllim hər zaman milləti millət edən dəyərlərə qiymət verib, ondan böyüyə-kiçiyə hörməti, yaxşı ağsaqqal olmağı öyrəndik. Qənirə xanım Paşayeva Mədəniyyət Komitəsinin adından Qəzənfər Paşayevə və yaxınlarda 70 illik yubileyi qeyd edilmiş professor Şirindil Alışanlıya təbrik və hədiyyəsini təqdim edib. Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında Qəzənfər Paşayevin çox keyfiyyətləri olduğunu, türkmanları özlərinə tanıtdıran əsərləri ilə sevildiyini, millətə xidmətinin çoxtərəfli olduğunu söyləyib, onun haqqında “Milli qeyrət” adlı məqalə yazdığını qeyd edib. Alimin professor Abbas Zamanovla dostluğunu, ona yaşlı vaxtında himayədarlıq etdiyini xatırlayaraq, Qəzənfər müəllimi işıqlı, xeyirxah insan adlandırıb, ədəbiyyatda sağlığında ölməzlik qazandığını vurğulayıb. “Altı il Dəclə-Fərat sahillərində” əsəri ilə gözümüzü açdığını, Azərbaycan bayatları haqqında ilk ciddi tədqiqat əsəri yazdığını bildirib. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda XX əsr Ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Şirindil Alışanlı çıxışında Qəzənfər Paşayevin bütün ədəbi hadisələrə ən cəld reaksiya verən alim olduğunu, İraq türkmanları ilə Azərbaycan arasında mənəvi körpü saldığını, ensiklopedik zəkaya malik olan alimin türkman folklorundan, ayrı-ayrı yazıçılardan əsərlər yazdığını, öz vəsaiti hesabına daim xeyirxah işlər gördüyünü söyləyib, ona uzun ömür, can sağlığı arzu edib. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Qəzənfər Paşayevin folklorşünaslıq, arxivşünaslıq, mətnşünaslıq, dialektologiya istiqamətlərində fəaliyyət göstərdiyini, yaradıcılığı haqqında çox sayda dissertasiyalar yazmağın mümkünlüyünü qeyd edib, vaxtilə başladığı Kərkük dialekti, Dərbənd dialektindən yazmasının onun folklorşünaslığa gəlməsinə təkan verdiyini, həmçinin aşıq sənətini dərindən bildiyini qeyd edib, onu Azərbaycan ədəbiyyatının uca qartalı adlandırıb. Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Adil Cəmil, Əməkdar İncəsənət xadimi, Azərbaycan Yazıçılar və Juralistlər Birliyinin üzvü, filologiya elmləri doktoru Yasif Nəsirli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Elman Quliyev çıxışlarında yubilyarı əsl böyük ziyalı, ustad adlandırıblar, ən böyük çıxışların məhz onun kitabları olduğunu, alim haqqında hər şeyi onların danışdığını söyləyiblər, can sağlığı arzu ediblər. Tədbirin gedişində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Professor Qəzənfər Paşayev” adlı Elektron məlumat bazası iştirakçılara təqdim olunub. Qeyd olunub ki, Elektron məlumat bazası “Rəsmi sənəd”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Qəzənfər Paşayev haqqında”, “Ziyalı fədakarlığına örnək”, “Professor Qəzənfər Paşayevin qələm dostları və ədəbiyyatımız haqqında düşüncələri”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Tədbirin sonunda Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək tədbirin təşkilatçılığına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, başda Kərim müəllim olmaqla, Milli Kitabxanaya və bütün iştirakçılara öz təşəkkürünü bildirib. Sonda iştirakçılar Milli Kitabxananın fondunda olan professor Qəzənfər Paşayevin yaradıcılığını əhatə edən kitabların sərgisi ilə tanış olublar.