İSA HƏBİBBƏYLİ NAXÇIVANDAKI DƏYİŞİKLİYİ ALQIŞLADI – “Ölkədə vahid rəhbərliyin həyata keçirilməsi...”

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Naxçıvandakı islahatlarla bağlı rəsmi açıqlaması yayımlanıb.

“AzPolitika.info” xəbər verir ki, İ.Həbibbəyli həmin açıqlamasında ölkə başçısının Naxçıvana səlahiyyətli nümayəndə təyin etməsini “əhəmiyyətli addım” adlandırıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə hərtərəfli surətdə inkişaf etmiş müasir dövlət və ədalətli cəmiyyət yaratmaq üçün geniş islahatlar aparır. Aparılan məqsədyönlü islahatlar və dəyişikliklər müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə uğurla xidmət edir.

Ölkəmizin bütün regionlarında həyata keçirilən islahatların Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi Prezident İlham Əliyevin davamlı olaraq inkişafına daim yüksək diqqət və qayğı göstərdiyi bu diyarın daha geniş miqyasda inkişaf etdirilməsinə təminat verir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi institutunun tətbiq olunması müasir mərhələdə ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, idarəetmədə vahid rəhbərliyin təmin olunması və səmərəli idarəetmənin həyata keçirilməsi baxımından əhəmiyyətli addımdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunması yeni idarəçilik sistemi şəraitində regionun inkişafında müasir vəzifələrin həllinə lazımi şərait yaradacaq.

 

Bütün bunlar nəticə etibarilə müstəqil Azərbaycan Respublikasının yeni tarixi epoxasında müasir çağırışlara cavab verən yeni cəmiyyət quruculuğuna öz töhfələrini verəcəkdir”.

 

Xatırladaq ki, DTX-nın Naxçıvanda keçirdiyi əməliyyat nəticəsində 100 milyonlarla dollar vəsaitin mənimsənilməsilə əlaqədar istintaqa cəlb edilənlər arasında İsa Həbibbəylinin oğlu, Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli də var.

 

 

Bununla yanaşı, İsa Həbibbəyli Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ən yaxın adamlarından biri kimi tanınıb. Onun oğlunun Naxçıvan gömrüyünə sədr təyin olunmasında da bu amilin əsas rol oynadığı şübhə doğurmur. Buna baxmayaraq, göründüyü kimi, İ.Həbibbəyli V.Talıbovun istefasını və Naxçıvandakı islahatları dəstəkləmək qərarına gəlib...

Onu da xatırladaq ki, İ.Həbibbəyli iki çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, ard-arda 4 dəfə isə Azərbaycan parlamentinin Naxçıvandan deputatı seçilib. Lakin bütün bu illər ərzində akademikin bircə dəfə də olsa Naxçıvanda islahatlara ehtiyac olduğu, yaxud oradakı idarəetmə üslubu, onun forma və məzmunu barədə tənqidi çıxışına, təklifinə rast gəlinməyib...






Fikirlər