“İmişlinin hansısa kəndində bir məktəbi tikib ortaya qoya bilmiriksə…” – Deputat Fazil Mustafa

İmişli rayon Aranlı kənd məktəbinin müəlliməsinin təhsil ocağında şəraitsiz vəziyyətlə bağlı çəkdiyi video qalmaqal yaradıb. Problemi ictimailəşdirən müəlliməyə töhmət verildiyi deyilir. Deputat Fazil Mustafa müəllimənin müdafiəsinə qalxıb.

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

Fazil Mustafa Globalinfo.az-a açıqlaması zamanı bildirib ki, bu məsələlər təhsildə nöqsanları gizlətmək üçün yerli səviyyədə atılan addımlardır:

“Yəqin ki, rəhbərlik səviyyəsində də bu məsələyə baxılıb münasibət bildiriləcək. Hesab edirəm ki, çox ciddi həyəcan siqnalı çalınıb. Bu, əslində rayon yerlərində bir çox məktəblərdə baş verən prosesdir, elementar infrastrukturun olmaması və sanitar qaydalarına əməl olunmaması çox böyük fəsadlar törədir.

Məktəbdə nəinki şagirdlər, müəllimlər üçün də bu şəraitin olmadığı göz önündədir. Biz gəlişi gözəl sözlər deyə, məktəblərin inkişafından danışa bilərik, amma təhsil alma şəraiti elə də arzuolunan deyil. Modul tipli məktəblər məsələsi çox da effekt vermədi. Əgər müsbət nəticələr varsa, onları istifadəyə vermək daha məqsədəuyğun olardı, nəinki köhnə məktəb binasında bu dərslərin keçirilməsi. Belə çıxır ki, yeni məktəb binası tikilənə qədər bir nəsil məhv olmalıdır. Bu anlaşılmaz bir şeydir”.

Deputatın sözlərinə görə, XXI əsrdə bu qədər imkanlarla biz dağın başında deyil, İmişlinin hansısa kəndində bir məktəbi tikib ortaya qoya bilmiriksə, bu utancverici hadisədir:

“Ona görə müəllimənin bu hərəkəti böyük bir fədakarlıq və qəhrəmanlıqdır. Ona töhmət verənlər utanmalıdır, onların tanıdılması lazımdır ki, hansı ağıl və düşüncə ilə problemi, şagirdin haqqına girilməsi məsələsini cəmiyyətə çatdıran müəlliməyə töhmət verirsən?! Bəlkə elə müəllim bu cür dürüst, anlayışlı davranışa sahib olmalıdır? Və onu da etdi. Onun bu hüququnun pozulmasına yol vermək olmaz! Şəxsən mən də bütün imkanlarımdan istifadə edərək bu müəllimənin hər hansı şəkildə cəzalandırılmasına qarşı öz mövqeyimi ortaya qoyacam. Əminəm ki, Elm və Təhsil Nazirliyinin rəhbərliyi də bu məsələyə çox ciddi yanaşacaq və problemin tezliklə həll olunması, uşaqların normal şəkildə məktəbə getməsi və müəllimin də haqqının qorunmasını təmin edəcəklər”.

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən Globalinfo.az-a bildirilib ki, İmişli rayonu Aranlı kənd tam orta məktəbində 3 sanitar qovşağı var:

“Məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq”.

İdarədən verilən məlumata görə, həmin məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “A” bəndinə uyğun olaraq töhmət verilib.

Qeyd edək ki, 2022-ci il ərzində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan 11 ümumi təhsil müəssisəsinin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib. Həmçinin 13 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb. Eyni zamanda İmişli rayonu üzrə 5 məktəbin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib, 2 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb”, – deyə məlumatda qeyd olunub.

 






Fikirlər