“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının təqdimatı keçirilib...
Xalq yazıçısı, akademik Kamal Abdullanın və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində nəşr etdiyi “Lütfi Zadə. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirib. "AzerTaym.az" bildirir ki, yanvarın 13-də Azərbaycan Milli Kitabxanasında reallaşan tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, Lütfi Zadənin yaradıcılığından bəhs edərək bildirib ki, Rafiq Əliyev və Kamal Abdulla Lütfi Zadə ideyalarını nəinki Azərbaycanda, eləcə də bütün dünyada təbliğ edən insanlardır. Tədbirin moderatoru, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov qeyd edib ki, qeyri-səlis məntiq nəzəriyyəsini ilk dəfə olaraq texnika sahəsində çalışanlar istifadə ediblər, Azərbaycanda bu elm ilk dəfə olaraq ədəbiyyat sahəsində tətbiq edilib. Bildirib ki, Lütfi Zadə məntiqi təsadüfən yaranmayıb, Şərq təhsili onun tədqiqatlarına böyük təsir edib. Lütfi Zadə informasiya nəzəriyyəsi sahəsində də böyük inqilablar yaradıb, Azərbaycan alimlərinin inkişafında böyük xidmətləri olub. Qorxmaz İmanov çıxışında Rafiq Əliyevin Zadə nəzəriyyəsinə gətirdiyi yeni fikirlərdən, əldə etdiyi mühüm nəticələrdən də bəhs edib. O, daha sonra Kamal Abdullanın yaradıcılığından bəhs edərək, onun ədəbiyyata olan sevgisindən, qorqudşünas alim kimi tədqiqatlarından, qeyri-səlis məntiqin qorqudşünaslığa tətbiqindən bəhs edib. Tədbirin davamında AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, kitabın aparıcı xəttini türk və yunan mifləri ilə müqayisə təşkil edir. Bu kitab həm qədim miflərin, həm də, müasir ədəbiyyatın strukturunu öyrənmək üçün böyük əhəmiyyətə malikdir. Xalq şairi Ramiz Rövşən söyləyib ki, bu kitab çox qiymətli bir kitabdır. Kitabda ya yaxşı, ya pis sistemi nə yaxşıdır nə pis sistemi ilə əvəz olunur. Qeyri-səlis məntiq nəzəriyyəsi bir növ ironiyaya yol açır, belə ki, atalar sözlərində də xeyli ironiya vardır. Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının mətninin 525-ci qəzetin 5 nömrəsində müzakirə məqsədilə dərc olunduğunu bildirərək qeyd edib ki, mütəxəssislərdən və geniş ictimaiyyətdən alınan müsbət rəylər belə qeyri-adi mövzuya həsr olunan kitabın çap olunması fikrini ortaya qoydu və bu gün söylənilən fikirlər də bir daha sübut etdi ki, biz müəlliflərlə birlikdə bu kitabı nəşr etməkdə yanılmamışıq və bu kitab çox əhəmiyyətli bir mövzuya həsr olunub, habelə gələcəkdə başqa elm sahələrində də qeyri-səlis məntiqin təzahürü ilə bağlı tədqiqatların aparılmasına yol açacaqdır. Kitabın müəlliflərindən biri olan AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev çıxış edərək Milli Kitabxanaya belə bir tədbir təşkil etdiyinə görə təşəkkür edib. O, öz çıxışında “Lütfi Zadə. Biblioqrafiya” kitabının əhəmiyyətindən bəhs edərək, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının ideya müəllifinin Kamal Abdulla olduğunu və hər iki kitabın Lütfi Zadə ideyalarının təbliğində böyük rol oynayacağı qənaətində olduğunu vurğulayıb. Kitabın digər müəllifi Xalq yazıçısı, akademik, ADU-nun rektoru Kamal Abdulla əsərin necə ərsəyə gəlməsindən bəhs edərək deyib ki, qeyri-səlis məntiq nəzəriyyəsi “Dədə Qorqud” dastanının öyrənilməsinə yeni ruh gətirib. O qeyd edib ki, kitab artıq ingilis və türk dillərinə tərcümə edilib. Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa, Vahid Əhmədov, Etibar Əliyev, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın İqtisadiyyat institutunun direktoru, professor Nazim İmanov və başqaları qeyri-səlis məntiq nəzəriyyəsindən, bu istiqamətdə Lütfi Zadənin gördüyü əvəzsiz işlərdən, 1965-ci ildə reallıqla fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini ərsəyə gətirməsindən, Rafiq Əliyevin Lütfi Zadə nəzəriyyəsinə qatdığı yeni ideyalardan, əldə etdiyi mühüm nəticələrdən, Kamal Abdullanın qorqudşünas alim kimi tədqiqatlarından, Dədə Qorquda qeyri-səlis məntiqi yanaşmadan bəhs ediblər. Qeyd edilib ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabında qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun (ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu) haqqında yazılıb. Bildirilib ki, bu kitabda ilk dəfə olaraq qeyri-səlis məntiq prinsipləri xalq dastanına tətbiq edilib və müəlliflər belə bir nəticəyə gəliblər ki, “Kitabi-Dədə Qorqud” bizə o imkanı verir ki, onun gizli dil qatlarında qədim əcdadlarımızın təfəkkürünə xas olan demokratik əhvaldan danışa bilək. Bu kitab həm qorqudşünaslar, həm də informasiya nəzəriyyəçiləri və məntiqçilər üçün eyni dərəcədə maraqlı olacaq. Təqdimat mərasimində Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi ilk fundamental biblioqrafiya olan “Lütfi Zadə” biblioqrafiyasından bəhs edilərək bildirilib ki, burada görkəmli alimin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri ayrıca bölmədə verilib. Biblioqrafiyada görkəmli elm xadimi Lütfi Zadənin kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, alimin həyat və yaradıcılığını əks etdirən zəngin ədəbiyyat öz əksini tapıb. Materiallar Azərbaycan, rus, ingilis və başqa xarici dillər üzrə verilib. Diqqətə çatdırılıb ki, 2500-dən artıq mənbəni əhatə edən bu biblioqrafiya həmyerlimiz, dünya şöhrətli alim Lütfi Zadə haqqında Azərbaycan oxucularına müfəssəl məlumat çatdırılması baxımından çox zəngin ədəbiyyatı əhatə edən ensiklopedik informasiya mənbəyi rolunu oynayacaq və onun elektron versiyasının Milli Kitabxananın saytı vasitəsilə bütün dünyaya yayımlanması biblioqrafiyanın əhəmiyyətini daha da artıracaqdır. Sonda tədbir iştirakçıları mövzu ilə bağlı geniş kitab sərgisi ilə tanış olublar.