“Vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətin sosial siyasətinin prioritetlərindəndir”
Eldar Quliyev: “Prezidentin imzaladığı sosial sərəncamlar bunun parlaq nümunəsidir” “Ölkəmizdə vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının 2023-cü ilin ilk iş günündə imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam son illərdə bu istiqamətdə ardıcıl və geniş miqyas alan sosial islahatlar çərçivəsində atılmış növbəti addımdır. Sərəncamda qeyd olunduğu kimi ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır”. Bu haqda "AzerTaym.az"-a açıqlamasında Milli Məclisin üzvü,Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev deyib. Deputat bildirib ki, dövlət Başçısının imzaladığı bu Sərəncam ilə əhalinin rifahının qorunması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 15 faiz artırılaraq 345 manat müəyyən edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair, eləcə də, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərin Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi tapşırılmışdır. Əlbəttə, bütün bunlar bir daha onu göstərir ki, dövlətin sosial siyasətinin mərkəzində vətəndaşın rifahının yüksəldilməsi, həyat şəraitinin daha da yaxşılaşdırılması prioritet istiqamətlərdən birini təşkil edir. Beləki, ötən 5 ildə 4-cü hesab olunan kompleks sosial islahat zərfinin icrasına strart verilmişdir. Dünən cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam da ötən illərdə icra olunan sosial islahatlar zərfi kimi özünün kompleks xarakteri ilə seçilir və bütün istiqamətlərdə sosial ödənişləri əhatə edir. Onu da qeyd etməliyik ki, Sərəncamın 1-ci hissəsi həm dövlət, həm də özəl sektoru əhatə edir və 2023-cü ilin yanvar ayının 1-dən nəzərə alınacaq.Ümumilikdə əmək haqqı artımlarına hesablamalara əsasən 440 milyon manata yaxın vəsaitin ayrılmaıs nəzərdə tutulmuşdur. Minimum əməkhaqqı artımının təsiri ümumilikdə 700 min şəxsi əhatə edəcək. Bunlardan təxmini 440-450 mini dövlət sektoru üzrə əməkhaqqı artımlarıdır. Beləliklə, son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. Bununla yanaşı,yeni Sərəncama əsasən minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılacaq. Bu isə, minimum aylıq pensiyanın məbləğinin 16,7 faiz artırılması deməkdir. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Ümumən, minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Qeyd etməliyik ki, bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək. E.Quliyev qeyd edib ki, bütün bunlar Azərbaycanda sosial islahatların növbəti mərhələsinin başlandığını deməyə əsas verir. Hazırda real maliyyə imkanlarının artması hesabına sosial siyasətin davam etdirilməsi üçün əsaslı zəmin yaranıb. Ölkəmizin maliyyə imkanları artır. Bütün bunları nəzərə alaraq cənab Prezident yenidən sosial paketlə bağlı artımları davam etdirmək barədə qərarlar verir. Fikirlərinin davamı olaraq millət vəkili qeyd edib ki, "bu istiqamətdə müntəzəm xarakter alan islahatların nəticələrini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Statistikaya nəzər salsaq, görərik ki, 2021-ci ildə orta aylıq nominal əməkhaqqı 2003-cü ilə nisbətən 9,5 dəfə və pensiyaların orta aylıq məbləği isə 13,9 dəfə artıb. Minimum əməkhaqqı 27,8 dəfə və əmək pensiyasının minimum məbləği 10,0 dəfə yüksəlib. Bu, onu göstəricisidir ki, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir”. Qeyd edək ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır ki, bu da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanmışdır. “İnsan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətin sosial siyasətinin prioritetlərindəndir. Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün görülən işlər, atılan əməli addımlar qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Onu da xüsusilə qeyd etməliyik ki, cənab Prezident İlham Əliyev Azərbaycan xalqının xoşbəxtliyi, dövlətimizin inkişafı və beynəlxalq aləmdə tanınması üçün bütün gücü ilə çalışır. İmzalanan sosial sərəncamlar və həyata keçirilən mühüm layihələr bunun parlaq nümunəsidir”- deyə millət vəkili E.Quliyev bildirib.