“Qərbi Azərbaycan” mövzusu xalqımızı bir məfkurə ətrafında yumruq kimi birləşdirəcək”

Eldar Quliyev Komissiya sədri seçildi

“Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına bir növ ənənə halını alan növbəti geniş müsahibəsini verdi. Artıq ölkə ictimaiyyəti, bütövlükdə xalqımız dünyada baş verən proseslərə, ölkəmizlə bağlı narahatlıq doğuran məqamlara münasibəti ən etibarlı mənbə kimi qəbul etdikləri birinci şəxsin dilindən eşitməyə vərdiş ediblər. Təbii ki, dövlət başçımız xarici kütləvi informasiya vasitələrinə olduğu kimi, yerli mediaya da tam açıqdır və gündəmi dəyişdirən siyasi, iqtisadi, mədəni hadisələri nəzərə alaraq tez-tez Azərbaycan ictimaiyyətinə müraciət edir, bütün vacib mövzularla bağlı rəy və fikrini bildirir, təkliflərini verir. Bütün vətəndaşlarımız dövlət başçısının geniş müsahibələrini intizarla gözləyir və diqqətlə dinləyirlər. Bu müsahibədə də xalqımızı haqlı narahat edən çox məsələlərə aydınlıq gətirildi, belə demək mümkündürsə, dostlara da, düşmənlərə də açıq mesajlar verildi”.

 Bu fikirləri "AzerTaym.az"-a Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən Milli Məclisin üzvü Milli Məclisin üzvü,Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev deyib.

 Fikirlərinin davamı olaraq deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi ölkənin gələcək inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirməklə yanaşı,  ölkəmizə qarşı anti-Azərbaycan mövqeyi nümayiş etdirənlərə qarşı açıq mesajları özündə ehtiva edirdi.  Dövlət Başçısının söylədiyi fikirlər dövlətin həyata keçirdiyi yüksək səviyyəli siyasi kursun keyfiyyət göstəricilərini Azərbaycan xalqının nəzərinə çatdırdı. Şübhəsiz ki, bütün bunlar vətəndaşın dövlətə inamının daha da güclənməsində və xalq-dövlət birliyinin, həmrəyliyinin möhkəmlənməsində mühüm amillərdən biridir.

 “Beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan tək regional geopolitik proseslərə deyil, həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahibdir. Beynəlxalq arenada siyasi, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda, şübhəsiz ki, bütün bu proseslərin dəqiq, doğru-düzgün analiz edilib, yönləndirilməsində şəxsiyyət və lider amili olduqca mühüm əhəmiyyət kəsb edir. Dünyada bu qədər mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış islahatların həyata keçirilməsində, ölkəmizin dünya siyasi səhnəsində nüfuzunun günü-gündən daha da artmasında Prezident İlham Əliyevin sarsılmaz şəxsiyyəti, Liderliyi mühüm əhəmiyyət kəsb edir”, deyə millət vəkili xüsusilə vurğulayıb.

Cənab Prezidentin müsahibəsində ilk qeyd edilən məsələ böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yarımçıq qalan bəzi məsələlərin tədricən yoluna qoyulması ilə bağlıdır. Cənab Prezident  xüsusi vurğuladı ki, müharibə bitsə də, mübarizəmiz başa çatmayıb və savaşdan sonra görülən işlər, atılan addımlar bu ali məqsədimizə çatmağa hesablanıb. Söhbət, təxminən, 20-25 minə yaxın erməni vətəndaşlarımızın toplum yaşadığı və Rusiya sülhməramlılarının yerləşdiyi Xankəndi və ona bitişik bir çox kənd və şəhərlərdə dövlət nəzarətimizin bərpa olunması, ərazilərimizin ermənilərin qanunsuz silahlı birləşmələri və revanş xülyası ilə yatıb-duran separatçılardan tamamilə təmizlənməsindən gedir. Ancaq görünən odur ki, post müharibə dövründə bir çox güc mərkəzlərinin, dövlətlərin Azərbaycanla bağlı oynadıqları ikili oyunlardan həvəsə düşən ermənilər imza atdıqları kapitulyasiya aktı ilə götürdükləri öhdəlikləri yerinə yetirmək istəmirlər. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan III Qarabağ müharibəsinin olmasını istəmir. Çünki biz döyüşlə işimizi tam bitmiş hesab edirik, bundan sonrakı məsələlər siyasi yolla həll olunmalıdır.

Deputat qeyd edib ki, yerli televiziya kanallarına müsahibəsində ölkə Başçısı bir çox mühüm məsələlərə toxunmuşdur. Dünyada getdikcə dərinləşməkdə olan iqtisadi böhrana və inflyasiyaya diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, “...İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın...”.  İnflyasiyanın təsirlərinin yumuşaldılması məqsədilə bu yaxınlarda ölkə Başçısının imzaladığı geniş əhatəli Sərəncam bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Hamıya bəllidir ki, dövlət büdcəsində əsas xərclər Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına, eləcə də, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, ardıcıl olaraq, sosial islahatlar paketinin icra olunması bir daha onu göstəriri ki, dövlətin siyasətinin mərkəzində vətəndaşı amili və onun rifah halının daha da yaxşılaşdırılması dayanır.

 Dövlət Başçısının müsahibəsində xüsusilə vurğuladığı məqamlardan biri də Zəngəzur dəhlizi ilə əlaqədar olmuşdur. Cənab Prezident bir daha vurğulamışdır ki, Zəngəzur dəhlizinin reallığa çevrilməsi tarixi zərurətdən irəli gəlir. Bu haqda ölkə Başısı qeyd edib: Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Artıq görülən və bundan sonra görüləcək işlər bizim mövqeyimizi daha da gücləndirəcək. Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.

 E.Quliyevin fikrincə, Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə əlaqədar söylədiyi fikirlər bir daha onu deməyə əsas verir ki, bu mövzu Azərbaycanın milli kimliyinin qorunması, tarixi ədalətin bərpa olunması istiqamətində görülən işlərin tərkib hissəsi və eləcə də növbəti mərhələnin başlanğıcıdır. Məlumdur ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Artıq  Qarabağ problemi tarixdə qaldığına görə, Azərbaycan  tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarıb. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb. Bu haqda cənab Prezident xüsusilə qeyd edib ki, “Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Biz bunu sülh yolu ilə etmək istəyirik və buna nail olacağıq. Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması Ermənistanın marağındadır. Bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün”.

Əminliklə deyə bilərik ki, bir vaxtlar Qarabağ mövzusu Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi və bu birlik sayəsində tarixi torpaqlarımız düşmən tapdağından azad olundu. İndi də “Qərbi Azərbaycan” mövzusu xalqımızı bir məfkurə, bir ideya ətrafında yumruq kimi birləşdirəcək və Qərbi Azərbaycandan olan soydaşlarımız da öz dədə-baba yurdlarına qayıdacaqlar.

 

 






Fikirlər