Bakıda hansı binalar zəlzələyə dözümlüdür? - Mühüm AÇIQLAMA...
Türkiyənin Kahramanmaraş vilayətində baş verən 7,6 bal gücündə zəlzələ əhali arasında təşvişə səbəb olub. Zəlzələnin baş verməsi binalarda və yaşayış obyektlərində dağıntılarla nəticələnib. Qonşu ölkədəki hadisə Bakıdakı binaların zəlzələyə davamlılıq məsələsini gündəmə gətirib. Çünki ölkəmizdə də zaman-zaman güclü və zəif zəlzələlər olub. Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, Bakıda istismar müddətini başa vurmuş binalar həddindən artıq çoxdur. Onun sözlərinə görə, Bakıda bu cür zəlzələ böyük faciə yarada bilər: “Demək olmaz ki, Bakıdakı binaların ucdantutma hamısı zəlzələyə davamsızdır, yaxud seysmik baxımdan göstəriciləri standartlara uyğun deyil. Belə deyil. Paytaxtda son illərdə inşa olunan bir çox keyfiyyətli binalar var. Sadəcə, Bakıda əsas problem keyfiyyətsiz binalarla yanaşı, istismar müddətini başa vurmuş köhnə yaşayış binalarıdır. Bakıda bu cür binalar həddindən artıq çoxdur. Eyni zamanda. Paytaxtda mərkəz hissələrdə çoxmənzilli, hündürmərtəbəli binalar mövcud tikinti standartlarından kənar inşa olunub, bir-birinə, sosial obyektlərə çox yaxındır. Yol infrastrukturuna çox yaxındır, demək olar ki səkilərin, yol keçiddlərinin üzərindədir. Allah uzaq eləsin, bu cür zəlzələnin Bakıda baş verməsi olduqca böyük fəsadlar yarada bilər. Ona görə də indiki halda yalnız dua etmək qalır ki, Bakıda belə bir şey olmasın”.