Veteran olmaq hələ unudulmaq demək deyil bunun yaxşı nümunəsini AHİK göstərir...

Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 30 illik yubileyi ərəfəsində uzun illər həmkarlar ittifaqı sahəsində çalışmış veteranlarla görüş keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin, Vətənimizin azadlığı və müdafiəsi naminə şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları AHİK-in 30 illik yubileyi münasibətilə təbrik edib, onlara cansağlığı və xoş günlər arzulayıb. Deyib ki, təşkilatımızın 30 illik yubileyi müasir Azərbaycan dövlətinin başçısı Heydər Əliyevin 100 illik yubileyinə təsadüf edir. Biz həmkarlar ittifaqlarının keçdiyi tarixi yoldan danışarkən bu dahi insanın xidmətlərini xüsusi qeyd etməyə bilmərik. S.Möhbalıyev deyib ki, həmkarlar ittifaqlarının təşkilat kimi formalaşması, cəmiyyətin aparıcı ictimai qüvvəsinə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ totalitar sovet rejimi mühitində onun dəstəyi ilə həmkarlar ittifaqları öz simasını qoruyub saxlaya bilmiş, cəmiyyətdə nüfuz sahibi olmuşdu. Ötən əsrin 90-cı illərində hakimiyyət boşluğundan istifadə edib iqtidara gəlmiş bir qrup tərəfindən təzyiqlərə məruz qalmış həmkarlar ittifaqının fəaliyyəti məhdudlaşdırılmış, maddi və mənəvi itkilərlə üzləşmişdi. Ulu Öndər xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra həmkarlar ittifaqları təməl prinsiplərinə yenidən dönməyə başladı. 15 dekabr 1993-cü il tarixli 42 saylı fərmana əsasən, əvvəlki hökumətin qeyri-qanuni sərəncamları ləğv edildi. Həmkarlar ittifaqlarının mülkiyyəti olan tikililər, o cümlədən kurort-turizm obyektləri geri qaytarıldı.

Ulu Öndərin prezident seçilməsindən cəmi bir il sonra - 1994-cü ildə keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu.

S.Möhbalıyev əlavə etdi ki, Ümummilli Liderimizin davamçısı, dövlət başçısı cənab İlham Əliyev də daim AHİK-in fəaliyyəti ilə maraqlanır, həyata keçirdiyi sosialyönümlü tədbirlərini təqdir edir, həmkarlar ittifaqı rəhbərlərini və fəallarını mükafatlandırır.

AHİK sədri uzun illər həmkarlar ittifaqları sistemində çalışmış işçilərin fəaliyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, əmək adamlarının sosial problemlərinin həlli, onlar üçün layiqli iş şəraitinin yaradılması, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində əldə olunmuş nailiyyətlərdə sizin zəngin təcrübəniz və peşəkar fəaliyyətiniz əhəmiyyətli rol oynayıb. Bunun üçün də həmkarlar ittifaqları hər zaman sizə dəstək olmağa borcludur.

Tədbirdə görüşə dəvət olunmuş veteranlar da çıxış etdilər. Daim həmkarlar ittifaqlarının diqqət mərkəzində olduqlarını vurğuladılar. Bildirdilər ki, doğma təşkilatın fəaliyyətini izləyir və uğurlarından qürur hissi keçirirlər. Veteranlar bir sıra təkliflər də verdilər.

Sonda veteranlara AHİK-in yubiley döş nişanları və hədiyyələr təqdim olundu.






Fikirlər