“Azərbaycan tarixi fənni bütün ixtisas qrupları və buraxılış imtahanlarına salınmalıdır” - SƏBƏB
“Azərbaycan tarixi fənni, ən azından, buraxılış imtahanına salınmalıdır”. Bunu Moderator.az-a açıqlamasında tarixçi alim, Dövlət İmtahan Mərkəzinin tarix fənni üzrə ekspertlər şurasının sədri Kərəm Məmmədli deyib. K.Məmmədli açıqlamasında bu məsələnin əhəmiyyətini xüsusilə qeyd etdi: “Azərbaycan tarixi fənni ən azından buraxılış imtahanına salınmalıdır. Əgər Azərbaycan dili fənni bütün ixtisas qruplarına salınırsa, Azərbaycan tarixi niyə salınmasın? Bunu tarixçi olduğum üçün demirəm. Riyaziyyat fənnini götürək. III ixtisas qrupunda buraxılış imtahanında riyaziyyatdan imtahan verən tələbələrə sonradan riyaziyyat tədris edilmir. Tarixdə isə, belə deyil. Bu gün orta məktəbi bitirən məzunlar ixtisas qrupları üzrə ali məktəblərə qəbul olunurlar. Hansı ixtisasa qəbul olunmalarından asılı olmayaraq, bütün universitetlərdə bir semestr Azərbaycan tarixi keçirlər. Əgər fənn üzrə onların alt bazası olmasa imtahanda yaxşı nəticə əldə edə bilmirlər. Nəticədə tələbənin diplomunda aşağı qiymətlər olur. Bu da öz növbəsində həmin ali məktəbin ümumi reytinqinə təsir göstərir”.