Kədəriniz kədərimizdir ...
Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi – Şuranın sədri, millət vəkili professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavini, millət vəkili, professor Eldar İbrahimov Türkiyə səfirliyində olublar və qardaş türk xalqına başsağlığı veriblər. Xəbər verildiyi kimi, son günlərdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev, həmçinin Şura sədrinin birinci müavini, Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Misir Ərəb Respublikasında və Cənubi Afrika Respublikasında rəsmi səfərdə olan parlamentin nümayəndə heyətinin tərkibində idilər. Səfər zamanı qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ barədə xəbəri eşidən Eldar Quliyev və Əhliman Əmiraslanov telefonla türk həmkarları ilə əlaqə saxlayaraq bu faciə ilə bağlı onlara və bütün Türkiyə xalqına başsağlığı veriblər, Milli Məclisin xətti ilə qardaş ölkəyə yardım ediblər. "AzerTaym.az"
Eldar müəllimin tapşırığı ilə Azərbaycan Ağsaqqallar Şurası da zəlzələdən zərər çəkənlər üçün Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyasına qoşulub və Türkiyəyə xeyli sayda yataq dəstləri, isti geyimlər və təbii fəlakətdən zərər çəkmiş bölgələrdə insanların ehtiyac duyduğu digər əşyalar göndərilib. Həmçinin Şuranın adından dəhşətli zəlzələ ilə bağlı Türkiyənin Bakıdakı səfirliyinin önündə yaradılmış guşənin qarşısına əklil qoyulub, həlak olanların xatirəsi ehtiramla yad edilib.
Dünən səfərdən qayıdan Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev və Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov sədr müavini, millət vəkili, professor Eldar İbrahimovla birlikdə bu gün səhər Türkiyə səfirliyində olublar, səfir Cahit Bağçı ilə görüşərək zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar bir daha böyük Türk xalqına başsağlığı verərək uca Allahdan ölənlərə rəhmət, xəsarət alanlara şəfa diləyiblər və matəm kitabına ürək sözlərini yazıblar.
Səfirlə söhbət zamanı qeyd olunub ki, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ xəbəri hər bir Azərbaycan vətəndaşı kimi ağsaqqalları da dərindən sarsıdıb və bu fəlakət nəticəsində Türkiyənin bir sıra bölgələrində böyük dağıntıların, çoxsaylı insan tələfatının və yaralıların olması hamımızı çox kədərləndirib. Həmçinin vurğulanıb ki, qardaş Türkiyənin kədərini kədərimiz bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına əsasən faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardım kampaniyası davam edir və bu yardım kampaniyasına qoşulan təşkilatların, vətəndaşların sayı durmadan artır. Ümid edirik ki, qardaş Türkiyə xalqı və dövləti bu çətinliyin də öhdəsindən gələcək, bu ağır zəlzələnin nəticələri tezliklə aradan qaldırılacaq, türk qardaş və bacılarımız normal həyatlarına davam edəcəklər.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ziyarətə görə minnətdarlığını ifadə edərək vurğulayıb ki, dərdimizə şərik olan, başsağlığı verən, yardım edən, maddi və mənəvi dəstəyini əsirgəməyən bütün qardaş Azərbaycan xalqına dərin təşəkkürümüzü bildiririk.