Ağdərədə nələr baş verir? - VİDEO
Ötən gün Rusiya sülhməramlı kontingenti keçmiş Ağdərə rayonu ərazisində “atəşkəs rejiminin pozulması” haqda məlumat yayıb. Bu gün isə Azərbaycan Müdafiə Nazirliyi Şuşa və Naxçıvanın atəşə tutulduğunu bildirib. Bildiyiniz kimi, uzun müddətdir Qarabağda, eləcə də sərhəddə atəşkəsin pozulması halları müşahidə olunmurdu. Hətta separatçı rejimdə Bakının diktə etdiyi məsələlərlə bağlı müsbət proseslərin getməsi – Vardanyanın göndərilməsi müzakirələri pozitiv atmosfer kimi qəbul edilirdi. Bununla yanaşı, separatçıların “rəhbər”i Araik Arutyunyan erməni əhali ilə görüşü zamanı çıxışında Bakı ilə münasibətlərin qurmağın onların lehinə olacağı haqda mesajlar vermişdi. Yəni ümumi götürəndə Qarabağda müharibədən sonra ilk dəfə yaxınlaşma müşahidə olunurdu. Eləcə də Münhen görüşündən sonra Prezident İlham Əliyev Ermənistanın mövqeyində müsbət dəyişikliklərin olduğuna eyham vurdu. Lakin yenə “kimlərsə” atəşkəsin pozulmasına nail olmaqla gərginlik yaradırlar. Təbii, “kimlərsə” deyəndə ağıla gələn ilk variant Rusiyadır. Çünki Qarabağda, Ermənistan-Azərbaycan sərhədində gərginliyin qalması yalnız və yalnız Kremlə sərf edir. Ermənistanı və Vardanyanı itirmə təhlükəsi ilə üzləşən Moskva üçüncü silahına – “gərginlik yaratmağa” əl atır. Qarabağda, Ermənistan-Azərbaycan sərhədində gərginliyin qalmasında Moskvanın iki əsas məqsəd güddüyünü ehtimal edə bilərik: 1. “Sərhəddə Aİ missiyası gətirilsə də, “qollarım” hələ də regiona uzanır və ehtiyac yarandıqda tətiyə kiplənmiş barmaqları darta bilərəm”; 2. “Azərbaycanla Ermənistan arasında sülh üçün təklif edilən “Qərb variantı”na asanlıqla imkan verməyəcəm”. Kremlin, Qərbin və Ermənistanın nə düşünməsindən asılı olmayaraq, rəsmi Bakının Xankəndi məsələsində mövqeyi qəti və aydındır: sülhməramlılar müvəqqətidirlər və onların nəzarətindəki ərazilər Azərbaycan torpaqlarıdır. Bu həqiqəti dəyişmək istəyənlər regionda növbəti lokal toqquşma və eskalasiyaya səbəb olacaqlar. Prosesin bu mərhələsində isə meydana Vətən müharibəsindən sonra xeyli güclənmiş, daha da peşəkarlaşmış və strateji mövqeləri nəzarətə götürmüş Azərbaycan Ordusu çıxacaq. Ümidimiz və arzumuz regionda sülhün təmin olunması yönündədir.