Sərsəngdə suyun səviyyəsi 20 metr endi? - Əkinlərimiz üçün problem yaranacaq?.. -VİDEO

Sərsəngdə suyun səviyyəsi 20 metr endi? - Əkinlərimiz üçün problem yaranacaq?..-VİDEO

Yuxarı Qarabağı "Ermənistandan təmin edən yeganə elektrik xəttinin sıradan çıxması səbəbindən yanvarın 9-dan" Qarabağdakı hayklar yalnız yerli istehsal olunan elektrik enerjisindən istifadə edir.  
 
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki qanunsuz "ictimai televiziya" məlumat yayıb.
 
İşğal altındakı Sərsəng su anbarı üzərində qurulmuş ermənilərin "Sarsanq" adlandırdıqları su elektrik stansiyası elektrik enerjisinin böyük hissəsini təmin edir və şəbəkə üçün şərait yaradır ki, kiçik su elektrik stansiyaları da işləyə və elektrik istehsal edə bilsin.
 
Məlumata görə, Sərsəng su anbarında suyun səviyyəsi görünməmiş şəkildə 20 metrdən çox azalıb.  Mövcud vəziyyətdə elektrik stansiyası rejimin enerji böhranına düşməməsi üçün tam istehsal gücündən istifadə edir.
 
Sərsəng üzərindəki SES-in qanunsuz baş mühəndisi Qriqor Qriqoryan bildirib ki, bu il çoxlu su yığılıb.
 
“Lakin heç kim ağlına da gətirmirdi ki, Ermənistan elektrik şəbəkəsindən ayrılma ola bilər. Və bu gün 47-ci gündür ki, biz  həmin şəbəkəsiz işləyirik, bu, çox çətin rejimdir, biz çox məşğuluq”, - Q.Qriqoryan bildirib.
 
Separatçı-terrorçu rejimin  qanunsuz "su komitəsi" sədri Georgi Ayriyanın sözlərinə görə, Gorus-Xankəndi elektrik xəttinin fasiləsiz fəaliyyəti bərpa olunmasa, yayda Sərsəngdən suyun axıdılması imkanı olmayacaq. Və su anbarını doldurmaq üçün bir neçə il lazım olacaq.
 
Erməni mütəxəssis iddia edib ki, yaranmış vəziyyət  Azərbaycanın yaşamadığı ərazisi üçün də problem yaradacaq. 
 
"Son iki ildə Sərsəng sularından kənd təsərrüfatı ehtiyacları üçün istifadə edən Azərbaycan əhalisinin 2023-cü ildən belə imkanı olmayacaq”- G.Ayriyan belə deyib.

Xatırladaq ki, 2022-ci il avqustun 23-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri yerli erməni mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirib.

Məqsəd Sərsəng su anbarında texniki monitorinqin aparılması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq idi. Görüşdə əsasən iki məsələ - su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlarına su verilməsinin bərpası müzakirə olunub. Təəssüf ki, bundan sonra əməkdaşlıq davam etməyib...

Onu da qeyd edək ki, Azərbaycanın Tərtər  və ətraf rayonlarının bir hissəsinin əkinləri  2020-ci ildə 44 günlük savaş zamanı azad edilmiş Suqovuşan su anbarı vasitəsilə suvarılır. Və həmin anbara su Sərsəng su anbarından keçməklə daxil olur...

Sultan Laçın






Fikirlər