İstehlak məhsullarının sertifikatlaşdırma orqanı olan "Azunisert" MMC-də pozuntular aşkarlanıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırmaları zamanı şirkət tərəfindən müxtəlif qurumlara verilmiş uyğunluq sertifikatlarının bir qismində akkreditasiya sahəsindən kənaraçıxma və akkreditasiya haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması halları müəyyən olunub.
"Azunisert" MMC tərəfindən verilmiş uyğunluq sertifikatlarının bir qismində aşkar edilmiş akkreditasiya sahəsindən kənaraçıxma halları inzibati xəta tərkibi yaratdığından, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə şirkət rəhbəri İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 4000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, şikrətin baş direktoru ləğv edilən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarət xidmətinin şöbə rəisi Mənsim Babayevdir. Şirkətin qanuni təmsilçisi isə Fərid Zakirli Qoxmaz oğludur./Qaynarinfo