Xəzər üzərindən körpü: Milyardlara başa gələcək layihə tıxacı aradan qaldıra bilər? - FOTO
Son zamanlar Bayıl ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən körpü salınacağı barədə məlumatlar yayılır. Bununla tıxacların qarşısının alınacağı qeyd edilir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mediaya açıqlamasında körpü ilə bağlı konkret qərarın olmadığını bildirib. Bəs Bayıl ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən körpü salınarsa, hansı dəyişikliklər ola bilər? O, tıxacın qarşısını ala bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, nəqliyyatın intensivliyini, sıxlığını aradan qaldırmaq üçün bir çox təkliflər irəli sürülür: “Bundan biri də Bayıl ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən körpü salınmasıdır. Körpü salınarsa, bu, milyardlar hesabına başa gələcək. Onun işlək olub-olmaması isə sual altındadır. Həmin istiqamətdə daşınmalar tıxacları tam azaltmayacaq. Bakıda olan adamlardan neçə faizi Bayıldan Əhmədliyə gedir ki? Onsuz da, 8 Noyabr prospekti genişzolaqlıdır, az işıqforla təmin olunub. Orada o qədər tıxac qeydə alınmır. Bu körpü, sadəcə, turistik məqsədli və şəhərə gözəllik vermək üçün ola bilər”. Y.Mustafayev vurğulayıb ki, tıxac məsələsini kompleks şəkildə həll etmək lazımdır: “Yəni bir körpü çəkməklə Bakı şəhərinin tıxac məsələsi həll olunmur. İctimai nəqliyyatı təkmilləşdirmək, velosiped, skuterlərə infrastruktur yaratmaq, bölgələrdə iş yerləri açmaq lazımdır”.
Ekspert əlavə edib ki, əvvəllər Bayıldan Neftçilər prospekti, Azneft dairəsi yaxınlığına, Bəhram Gur heykəli ərazisindən Badamdarda yerləşən avtomobil bazarının yanına tunel çəkmək təklif edilib: “Bir müddət gündəmdə qaldı, sonra ləğv edildi. Şəhərə giriş-çıxışda hər zaman problemlər yaranır. Bu tunelin tikilməsilə şəhər mərkəzindən kənara nəqliyyatın hərəkəti yaxşı təmin edilə bilər və problem həll olunar”. “İnsanyönümlü şəhərlər” layihəsinin təmsilçisi Arzu Süleymanov isə Oxu.Az-a bu layihə baş tutarsa, iqtisadi səmərəliyinə çox şübhə ilə yanaşdığını bildirib:
“Burada yanlış yanaşma mövcuddur. Səbəb odur ki, bu layihə haqqında fikir bildirənlərin əsas məqsədi nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini üstün tutmaqdır. Şəhərlərdə tıxacın qarşısını almaq üçün əsas diqqət insanların daşınmasına yönəlməlidir. Yəni bu körpüyə ayrılacaq vəsait çeşidli ictimai nəqliyyatın inkişafına yönəlməlidir. Xəzərin meteoroloji durumunu nəzərə alaraq, körpü və bərə daşınmaları Bakıda nəqliyyat sıxlığının aradan qaldırılmasında istənilən effekti verə bilməz”.