Jurnalist Namiq Həsənov tarix fənni üzrə hazırlıq kurslarında çalışması ilə bağlı öz "Facebook" hesabında paylaşım edib. N.Həsənov ictimaiyyətə daha çox mətbuat katibi kimi tanışdır. Belə ki, uzun müddət Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb.
Ziya Məmmədov nəqliyyat naziri olan dövrdə Namiq Həsənov nazirlikdə sözügedən vəzifəni tutub. Ondan əvvəl isə Namiq Həsənov keçmiş Vergilər Nazirliyinin mətbuat katibi olub. Müxtəlif dövrlərdə qəzetlərdə, televiziyalarda çalışıb. "Lider” Tv-də "167-ci saat” proqramının aparıcısı olub.
Xatırladaq ki, 2017-ci ilin 13 fevral tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilib. Prezidentin digər sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılıb. Ziya Məmmədov həmin tarixdən vəzifəsi ilə vidalaşıb.
Namiq Həsənov işi ilə bağlı sosial mediada açıqlama da verib:
"Əslində, 20 ildir ki, tarix müəllimi olaraq çalışıram. Sadəcə, kursla bağlı paylaşımı indi edirəm. Çox adam məni nədənsə mətbuat katibi kimi tanıyır. Özüm 1993-cü ildə Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsini qırmızı diplomla bitirmişəm. Daha sonra 53 və 192 nömrəli orta məktəblərdə tarix müəllimi olaraq çalışmışam. Hətta Nəqliyyat Nazirliyində mətbuat katibi vəzifəsini icra edən zaman da müəllimlik peşəsini davam edirdim. Tədris mərkəzlərində də dərs deyirəm, repetitorluqla da məşğul oluram”.
N.Həsənov bir vaxtlar dərs dediyi şagirdlər arasında hazırda nazirliklərdə çalışanların olduğunu bildirib:
"Mənim şagirdlərim çox yaxşı və bizzifədə çalışırlar. Hətta onlar arasında tanınmış simalar da var. Eləsi də var ki, adını çəkmək doğru olmaz. Amma sizə onu da deyim ki, mənim hazırlaşdırdığım şagirdlər arasında ali məktəbə qəbul olmayan yoxdur. Hər biri universitetə qəbul olub. Bu elə işdir ki, həm uşaq sənə taleyini bağlayır, həm də sən özün bacardıqlarını ortaya qoymalısan”.
P.S. "AzerTaym.az" olaraq biz də,keçmiş həmkarımız və tələbə yoldaşımıza bol-bol uğurlar diləyirik.
Fikirlər