İnam Kərimov media rəhbərlərini Ali Məhkəməyə niyə çağırmışdı? KİM NƏ DEDİ...
Mayın 25-də Azərbaycanın Ali Məhkəməsində "Femida dialoq platforması” çərçivəsində növbəti görüş keçirilib. Görüşdə media nümayəndələri, o cümlədən televiziya rəhbərləri və digər şəxslər iştirak ediblər. Bu tip tədbirlərin, konfransların keçirilməsində, hüquqi dövlət quruculuğunda medianın rolu nədən ibarətdir? Məsələ ilə bağlı "Yeni Müsavat" media qrupunun baş redaktoru Rauf Arifoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycanın məhkəmə hakimiyyətini təmsil edən Ali Məhkəmə ilə Azərbaycan media quruluşlarının görüşü bir ilkdir və çox önəmli hadisədir:
"Münasibətlər tarixində biz heç vaxt Ali Məhkəmənin binasında, demək olar ki, olmamışıq, yalnız o binanın yanından keçmişik. Məhkəmə hakimiyyətini təmsil edən Ali Məhkəmənin başına islahatçı məmur obrazı ilə tanınan İnam Kərimov gətirilib. O, işə başlar-başlamaz Ali Məhkəməni mediaya açdı və "Femida” dialoq platforması adlandırılan bir dialoq qurdu. O platforma vasitəsi ilə mətbuatla və KİV rəhbərləri ilə münasibətləri yaxşılaşdırmaq, normallaşdırmaq təşəbbüsü göstərdi. Bu, çox önəmli bir hadisədir və hesab edirəm ki, çox böyük faydası olacaq. Azərbaycanın məhkəmə hakimiyyəti ilə informasiya media qurumları arasında zaman-zaman anlaşılmaz problemləri olub. Media qurumları hər zaman məğlub vəziyyətdə qalıb Medianı kimin məhkəməyə verməsindən asılı olmayaraq indiyə qədər hakimlər iddiaçıların tərəfində olublar. Yenə də elə bir fakt yoxdur ki, məhkəmə çəkişməsində mediadan hər hansısa bir nəfər qazansın. Azərbaycan tarixində jurnalistlərə qarşı çoxsaylı cinayətlər baş verib. Qətl hadisəsi daxil olmaqla şantaj, təhdietmə, döyülmə və bir sıra hallar olub, lakin jurnalistlərə qarşı baş verən haqsızlığın üstü açılmayıb. Biz belə bir vəziyyətdə İnam Kərimovun rəhbərlik etdiyi məhkəmə sisteminə dəvət olunduq. Mən də dəvəti məmnuniyyətlə qarşıladım. Çox maraqlı diskussiyalar keçirildi, hətta kəskin mübahisələr oldu. Mən bunu demokratiyanın nümunəsi hesab edirəm. Bu cür görüşlər lazımdır, vacibdir. Məhkəmə hakimiyyəti Azərbaycan dövlətinin və hər hansısa bir dövlətin çox önəmli qollarından biridir. Ona olan inam və etimad cəmiyyətdə varsa, dövlətə olan inam və etibara təsir edir".
Tanınmış jurnalist bildirib ki, məhkəmə hakimiyyətinin cəmiyyətə açıq olması son dərəcə vacib hadisədir: "Bu baxımdan məhkəmə hakimiyyətində islahatlarının aparılması, eyni zamanda məhkəmə hakimiyyətinin cəmiyyətə açıq olması son dərəcə vacib hadisədir. Bu, media üçün də önəmlidir, nə qədər deyiriksə məhkəmələr, hakimlər bizim üçün əlçatan olmalıdır, o cümlədən media da hakimlər üçün əlçatan olmalıdır. Qarşılıqlı olaraq faydalanmalıyıq. Elə orada da qərara gəldik ki, davamlı olaraq bu görüşlər davam etsin. "Femida” dialoq platforması işlək vəziyyətə gətirilsin, seminarlar keçirilsin hakimlərə media qanunları və mətbuat azadlığı ilə bağlı bizim rəylərimiz çatdırılsın. Eyni zamanda hakimlərin rəyləri bizim nəzərimizə çatdırılsın. Orada görüşdə bunu da müşahidə etdik ki, hakimlər sosai medianın timsalında xəbər və informasiya məkanına neqativ münasibət bəsləyirlər və bir az da çəkinirlər, bu da münasibəti də aradan qaldırmaq üçün bu cür təmasların böyük əhəmiyyəti var". Siyasi şərhçi, əməkdar jurnalist Elçin Mirzəbəyli də mövzuya münasibət bildirib. O qeyd edib ki, müasir mediada bir çox problemlər var, hansı ki, bunlar hüquqi müstəvidə mətbuatın özü üçün də müəyyən maneələr yaradır: "Ali Məhkəmədə media nümayəndələri ilə keçirilən görüş, şübhəsiz ki, müsbət addımdır. Məlum olduğu kimi, ölkənin məhkəmə sistemində, həm də media sahəsində geniş islahatlar aparılıb. Bu islahatlar prosesində Ali Məhkəmə və onun ayrı-ayrı təsisatları, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və digər resursları ilə qarşılıqlı əlaqələrin inkişafına ehtiyac var. Mediada bir sıra problemlər var ki, hüquqi müstəvidə bu mətbuatın özü üçün də müəyyən maneələr yaradır. Texniki xarakterli problemlər var ki, onların qarşılıqlı şəkildə həllinə nail olmaq mümkündür. Eyni zamanda, mediada məhz məhkəmə işləri ilə bağlı daha peşəkar biliklərə malik olan mütəxəssislərin, ekspertlərin yetişməsinə zərurət var. Bu aspektdən də Ali Məhkəmə ilə birlikdə media resurslarının və təbii ki, ayrı-ayrı təsisatların əməkdaşlığı üçün geniş perspektiv var. Buna ehtiyac da böyükdür". Əməkdar jurnalist əlavə edib ki, məhkəmə orqanlarının cəmiyyətdəki etimadının yüksəldilməsinə də böyük ehtiyac var: "Düşünürəm ki, Ali Məhkəmədə yaradılan platforma əslində təkcə media ilə əlaqələrin inkişafına deyil, həmçinin bütövlükdə ictimaiyyətlə əlaqələrin tərəqqisinə xidmət edir. Prioritet olan vəzifələr bu gün ölkədə həm məhkəmə sisteminin inkişafını təmin etmək və mövcud olan boşluqları, həm də medianın yardımı ilə aradan qaldırmaqdan ibarətdir. Həm medianın məhkəmə orqanlarının cəmiyyətdəki etimadının yüksəldilməsinə də böyük ehtiyac var. Bu kontekstdən baxanda qarşılıqlı əməkdaşlıq yalnız ümumi fəaliyyətə fayda verə bilər və bütövlüklə ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi kifayət qədər böyük perspektiv vəd edir".