Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizin ctimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadın "Tərəqqi” medalı ilə təltif edilmişdir.
Prezidentin təltif etdiyi qadınlar sırasında Sumqayıt şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əhmədova Lətifə Tərlan qızı da var.
"AzerTaym.az" saytı sumqayıtlı iş adamı,xanım sahibkarla və onun fəaliyyəti ilə yaxından tanış olmaq üçün bir müsahibə almağa qərar verdi.
HAŞİYƏ: Əhmədova Lətifə Tərlan qızı 1962-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində dünyaya gəlib. Ali təhsillidir. Ailəlidir, 4 övladı, 12 nəvəsi var.
- İlk biznesinizə nə vaxt başladınız?
- Bu işə başlamağım 1996-cı illərin çətin dönəmlərinə təsadüf edir və bu işə başlamağımda başlıca səbəb ehtiyac olub. Çətin dövr idi, 4 uşağı saxlamaq o qədər də asan deyildi. Sırf uşaqlarımı böyüdə bilim deyə yoldaşımla ilk biznesimizə başlamağa qərar verdik. Evimizi satıb keçmiş "Rossiya” kinoteatrının qarşısındakı ərazidə ilk biznes addımlarımızı atanda cəmi 1 metr yerimiz var idi. Əziyyətlərimizə baxmayaraq ilk işimiz iflasa uğradı, qohumlardan da bizi qınayanlar çox oldu. Lakin mən yoldaşıma dedim ki, sən mənim yanımda ol, mən bu işə davam etmək istəyirəm. Yoldaşım da sağ olsun, hər zaman yanımda oldu, dəstəyini əsirgəmədi və beləliklə biz keçmiş "Şərq bazarı" adlanan ərazinin yaxınlığında 5 metr uzunluğunda bir dükan üçün çadır qurduq və orda işimizi davam etdirdik. Damla-damla işlərimiz qaydasına düşdü və artıq yerimizi artıraraq "palatka"nın uzunluğunu 30 metrə çatdırdıq. Gecə-gündüz demədən işlədim. Daha sonra ilk marketimiz tikildi.
- Sahibkar qadın olmaq çətindirmi?
- Bəli, çox.
- Çətinlikləri nədir?
- Bilirsiniz necədir, kişi evdən çıxır bir işin arxasınca və çörəyini qazanır. Qadın sahibkar olmağın çətinliyi isə ondadır ki, həm evinin xanımı olub, gözəl tərbiyəli övladlar yetişdirməlisən və həm də öz işininin arxasınca getməlisən. Milyonlarla pul qazansan da, vətənə xeyirli övladlar yetişdirə bilmədinsə, artıq qurduğun işin də heç bir mahiyyəti qalmır. Ən böyük var-dövlət tərbiyəli övladlar yetişdirməkdir. Bu, bir qadın üçün çətin olsa da, çox şükür övladlarımdan xeyli razıyam.
- Təltif olunduğunuz "Tərəqqi" medalı ilk mükafatınızdır, yoxsa mükafatların davamı hesab etmək olar?
-Bu illər ərzində çox diplomlarım, mükafatlarım olub. İstər dövlət tərəfindən, istərsə də komitə tərəfindən bir sıra mükafat almışam. Bir qisim ölkədə respublikamızı təmsil edən nümayəndə kimi iştirak etmişəm. Ən əsası isə, bir sahibkar qadın kimi hər zaman dövlətin dəstəyini hiss etmişəm.
- Ümumiyətlə bir qadının sahibkar olması üçün onda hansı keyfiyyətlərin olması vacibdir ?
– Qadın sahibkar olmaq üçün ilk növbədə pulu fikirləşmək lazım deyil. Birincisi, sahibkar-qadın gördüyü işi sevməlidir. Sevgi ilə qurulan işdən mütləq xeyir gəlir. Yəni bacarıq var, onun üstünə də ürəyi qoyursan, olur əla. Eyni zamanda liderlik qabiliyyətinin olması da mütləqdir. Lider oldunsa, deməli, sahibkar qadın olmağın açarı əlindədir.
– Bəs sərtlik, ciddilik necə?
– Mən təbiətən bir az sərt, hər işimdə ciddiyəm. Lakin işçilərimlə, iş verdiyim insanların problemləri ilə hər zaman yaxından tanış olmuşam. Kollektivimdə bir-birini bəyənib sevən neçə cütlüyün ailə qurmasına kömək etmişəm. Mentalitetimizə böyük önəm verirəm.
– Bəs mentalitet sizə nədəsə mane olub?
- Maraqlı sualdır. Bir sıra ölkədə işgüzar səfərlərdə olmuş, bir çox şəhəri gəzmişəm, lakin heç bir yerə yoldaşımdan ayrı getməmişəm.
Öz ailəmdə də çalışmışam hər zaman bu dəyərləri qoruyum. Çox şükür övladlarımı istədiyim tərbiyədə, mental dəyərləri qoruyaraq böyüdə bilmişəm. 3 qızım və bir oğlum var, hamısı da ailəlidir. Onların ailələrində də bu dəyərlər hər zaman qorunub və bu ənənənə hər zaman davam edəcək. Çətin zamanlara gəldik çıxdıq, ailə dəyərlərinin, ağsaqqal sözünün eşidilmədiyi bir dövrdə mən bütün bu dəyərləri öz ailəmdə qoruya bilmişəmsə, bu mənim uğurumdur.
- Sahibkar qadın olaraq sahibkar kişilərlə aranızda problemləriniz olubmu?
- Hər zaman sahibkar kişilərdən hörmət görmüşəm. Sumqayıtdan və onun sakinlərindən çox razıyam. Qadın sahibkar kimi harda olsam, hörmətim saxlanılıb. Tərəqqi medalı alanda isə o adam qalmayıb ki, məni təbrik etməsin. Hətta eləsi var ki, heç tanımıram, amma məni təbrik edir, xoş sözlər deyir. Yoldaşım hər zaman deyirdi ki, bu hörməti sən özün qazanmısan.
- Övladlarınızdan necə, biznesinizin davamçısı varmı?
-Xeyr, qızlarımın hər üçü ali təhsillidir, hətta kiçik qızım hazırda 2-ci ali təhsilini alır və hamısının öz işi, öz ixtisasları var. Oğlum da həmçinin ali təhsillidir və dövlət qulluğunda işləyir.
- Dediniz ki, hər zaman həyat yoldaşınız yanınızda olub və bütün işlərinizi onunla birgə etmisiniz, artıq yoldaşınız rəhmətə gedib, tək çətin deyil sizə?
- Xeyr, çətin deyil. İşlərimi davam etdirə bilirəm, lakin yoldaşımı itirməyim mənə çox pis təsir etdi, çox böyük sarsıntı keçirdim. Mən 2 ilə yaxın xəstəxanada müalicələr aldım. Artıq işlərimin başındayam və bildiyiniz kimi "Hüseynoğlu” MMC və "Ayla” MMC kimi şirkətlərim var. Allah nə qədər ömür verib işlərimin başındayam.