Deputat dərsliklərdəki qəlizlikdən danışdı: “Uşaqlar əziyyət çəkirlər“
Orta məktəblərdə olan ən böyük problemlərdən biri də dərsliklərin qəliz yazılması məsələsidir. Xüsusilə valideynlər arasında bu məsələ narazılıqlar doğurur ki, dərsliklərin dili qəlizdir, nəinki uşaq, heç ali təhsilli valideyn belə rahat başa düşə bilmir. Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədovun sözlərinə görə, dərsliklərin heç də hamısı qəliz yazılmır. “Ümumiyyətlə, dərsliklərlə bağlı bu gün müəyyən problemlər var və bununla bağlı Elm və Təhsil Nazirliyi addımlar atmağa çalışır. Sovet dövründə bu kitabları müəlliflər yazandan sonra onların redaktəsi, korrektəsi həyata keçirilirdi. Kitabları bir, iki şəxs yox, komissiya yazırdı və dəfələrlə yoxlanılırdı. İndi bu şikayətlər kifayət qədər var, çoxdur, zaman-zaman da müraciət olunur. Biz gələcəkdə bu məsələlərdə daha diqqətli və həssas olmalıyıq. Bəzi kitabların dilində qəlizliklər var. Bu qəlizliklərin aradan qaldırılması üçün addımlar atılmalıdır. Çünki, aşağı sinifdəki uşaqlar bu kitabları oxuyarkən əziyyət çəkirlər. O baxımdan biz bu kimi məsələri nəzərə almalıyıq. Dərsliklər hansısa bir məttbəə, qurum tərəfindən yox, komissiya tərəfindən dəfələrlə yoxlanılmalı, baxılmalıdır. Həm də bu kitabların dilinin asanlığına xüsusi önəm verməliyik ki, bu məsələlər gələcəkdə bizi narahat etməsin. Bu gün xüsusilə də, aşağı yaşlı uşaqlarda bu özünü daha çox göstərir və biz buna xüsusi diqqət yetirməliyik", - deyə millət vəkili bildirdi.