"Prezident İlham Əliyevin Qarabağa hər səfəri ictimaiyyətdə rəğbətlə qarşılanır, ciddi müzakirə edilir. Ölkə başçısının xüsusilə Xocalı rayonunun işğaldan azad edilən Çanaqçı və Sığnaq kəndlərinə gedişi indiyə kimi olan səfərlərdən çox fərqlənir”.
AzerTaym.az bildirir ki, bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini, YAP Nəsimi rayonu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ərazi üzrə ilk partiya təşkilatının sədri Əvəz Qocayev deyib.
O bildirib ki, Xocalı Azərbaycan xalqının həssas nöqtəsidir. Ə.Qocayev deyib ki, bu şəhərin 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldurları tərəfindən işğal edilməsi, əhalinin soyqırıma məruz qalması hələ də yaddaşlardan silinməyib:
"Xocalının tam olaraq işğaldan azad ediləcəyi günün uzaqda olmadığını hamımız yaxşı bilirik. Prezidentin səfəri bunun müjdəsidir. Ona görə də həmin səfər çox mühümdür, əhəmiyyətlidir. Bu, ya hərb yolu ilə baş verəcək, ya da diplomatik yolla Xocalıya qovuşacağıq. Amma mütləq baş verəcək. Azərbaycanın 1 qarış ərazisi belə düşmən tapdağında qalmayacaq. Cənab Prezidentin hazırkı şəraitdə Xocalıya gedişi dostları, xalqımızı sevindirdi, düşmənlərə isə dərs oldu”.
Əvəz Qocayevin sözlərinə görə, Prezidentin Daşaltı kəndinə və Şuşa şəhərinə getməsi də önəmli hadisələrlə yadda qaldı:
"Cənab Prezident Daşaltı kəndində təməlqoyma mərasimlərində iştirak etdi. Bildiyiniz kimi, Daşaltı da Azərbaycanın yaralı yerlərindəndir. 1992-ci ilin yanvar ayının 25-26-da bu kəndin azad edilməsi üçün planlaşdırılan əməliyyat uğursuz olub. Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Bir müharibə veteranı olaraq bunun necə ağır olduğunu yaxşı bilirəm. Ölkə başçısı işğaldan azad edilən rayonları, qəsəbələri, kəndləri yenidən qurur. Erməni barbarlarının viran qoyduqları o məntəqələrə həyat qayıdır. Bərpa-quruculuq işləri sürətlə gedir. Qayıdış proqramının icrasına başlanıb. Bu mənada Daşaltının bərpası, orada tikintinin başlaması 30 ildir qanayan yaramızın sağaldılması istiqamətində ciddi addımdır. Bu həm də gələcəyə, sülhə, əmin-amanlığa ümidimizi artırır”.
Ə.Qocayev deyib ki, Şuşada gedən bərpa-quruculuq işləri də Prezidentin hər zaman diqqət mərkəzindədir:
"Artıq Şuşa Azərbaycanın mədəni və siyasi mərkəzinə çevrilir. Orada beynəlxalq tədbirlər keçirilir. İyulun 21-də başlayan və iki gün davam edəcək "Qlobal Media Forumu” buna bariz nümunədir. Cənab Prezidentin Forumda çıxışı, orada səsləndirdiyi fikirlər Azərbaycanın mövqeyini bir daha dünyaya çatdırmış oldu”.
Əvəz Qocayev bildirib ki, Qarabağa çəkilən yollar, aparılan abadlıq dünyaya sübut etdi ki, bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır:
"Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımızda daşı daş üstə qoymadılar. Əksinə, Qarabağı, ətraf rayonları, kəndləri xarabazarlığa çevirdilər. Layihələrimizlə əlaqədaq olaraq tez-tez Qarabağın müəyyən ərazilərinə gedir və hər səfərdə ərazilərdə quruculuq-abadlıq sahəsində yeniliklərlə rastlaşırıq. Azərbaycan işğaldan azad etdiyi bütün yaşayış məntəqələrinə yenidən həyat verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa-quruculuq işləri aparılır. İndi dünya baxsın, nəticə çıxarsın. Bizim də, ermənilərin də fərqini görsün”.
O, deyib ki, Xocalı, Xankəndi də çox çəkməz Azərbaycanın yurisdiksiyasına keçər:
"Hər iki şəhərdə Azərbaycan bayrağının dalğalanacğı gün uzaqda deyil. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman Ordumuzun iştirakı, xalqın dəstəyi ilə ərazi bütövlüyümüz tam mənası ilə bərpa ediləcək”.
Fikirlər