Dördüncü doğuşun şəkli ...

dorduncu-dogusun-sekli

Bax elə bu şəkildə gördüyünüz kimi, “Xarı bülbül” hotelinin qabağındakı bağda oturub telefonuyla (daha doğrusu canıyla) əlləşirdi. Qəfil başını qaldırıb qızarmış gözlərini bərəltdi, qəhərdən boğulmuş səsiylə “yaxın gəlmə, yaxın gəlmə... yaxşı keç, tez keç” dedi. Heç yanına getmək fikrim yoxuydu və niyə yolum oradan düşmüşdü də bilmirəm. Sonra özünü toparlayıb “nəsə lazımam?” söylədi.

Başımı yelləyib uzaqlaşdım. Göydə tutdum ki, canıyla əlləşir. Şuşayla bağlı dördüncü yazısını dünyaya gətirməyin sancısından qovrulur. Yalnız yaradıcı adamların yaşaya və anlaya biləcəyi bu əzablı, fərqli, qarmaqarışıq hisslərdən kiminsə duyuq düşməsini istəmir. Bütöv, mükəmməl, hətta onu dünyaya gətirən anadan da çox yaşayacaq bir yazı işıq üzü görməyə hazırlaşırdı.

Paparassilik mənlik deyil, lakin bu anı da buraxmaq insafsızlıq olardı. Uzaqdan, ağacların arasından bulanıq da düşsə, köhnə telefonumla şəklini çəkdim. “Bilirdim ki, Şuşadan yazırsan”, - bu sözlərini yazını ilk dəfə mənə oxuyandan və birlikdə redaktəsini bitirəndən sonra deyəcəkdim. 

Kim bilir, bəlkə nə vaxtsa qoca Nəvvabın ayaq saxlayıb nəfəs dərdiyi yerdə oturmuşdu? Bəlkə də Üzeyir bəyin dayandığı yerdə dayanmışdı? Bəlkə Ağaoğlunun bu bağdan aşağıda, “Realni məktəbə” gedərkən gələcək haqqında düşüncələrə daldığı yer idi burası? Bəlkə əlbəyaxa döyüşlə qalaya girən bir əsgərin kürəyini söykəyib “şükür çatdıq” dediyi ağacın altı idi? Bilmirəm. Hardan gəlirdi bu güc? Bilmirəm. Amma əminəm ki, Qarabağın bütün müqəddəsləri orda idi, heç vaxt tərk etmədikləri doğma qalada bir nəfərin sözləri yanbayan düzüb cümlə qurmasına tamaşa edirdilər. 

Mən açıq havada, özü də günün günorta çağı heç vaxt yazmaram, yazmamışam da. Yazmaq yaratmaqdır! Bu sirdir, bu gizlindir! İnsanlar onu yalnız hazır olanda görə bilərlər. Elə-belə demirlər ki, filankəsin kitabı işıq üzü gördü. İşıq üzü görmək texniki prosesin adıdı. İşıq üzü görənə qədərki əzab və fərəhsə bizimdi. Bu adamsa gün işığında, özü də bağın ortasında yazırdı. Mənə elə gəlir, o, yazmırdı, onun qulağına pıçıldayırdılar, o da həyəcandan titrəyən barmaqları ilə bunu telefonun yaddaşına köçürürdü. Məni görəndə ona görə “yaxın gəlmə” deyirdi ki, birdən pıçıltılar kəsilər, ilahi təmas dayanar, fikir yarıda qalar. Yəni bir növ söz boğazında qalar. Məhz həmən məqamda, cümlənin həmən yerində işlədilməli olan söz tapılmayanda adamın başına hava da gələr. 

O, Şuşanın möhtəşəm Qlobal Foruma evsahibliyi etməsindən yazırdı. Azərbaycan Prezidentinin dünyanın dörd bir yanından gəlmiş jurnalistlərin suallarına verdiyi mükəmməl cavablardan hamımız qürur duyduq. Ali Baş Komandanın mürəkkəb siyasi proseslərin mahiyyətini açıqlayan, Azərbaycanın regionda və dünyada yerini, mövqeyini göstərən fikirləri, dəmir məntiqi peşəkar şəxslərin, menecerlərin, ekspertlərin cəmləşdiyi mötəbər auditoriyanın diqqətində oldu. Cənab Prezidentin media mesajları isə hələ bundan sonra öyrənilməli və sanballı təhlillərin mövzusu olacaq qədər mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan mediasının müstəqilliyi cəmiyyətimizin inkişafı üçün başlıca şərtdir” fikri Azərbaycan jurnalistikasının gələcək inkişafının ana xəttini müəyyənləşdirir, dövlətin ciddi sözə, ictimai əhəmiyyətli fikrə sağlam münasibətinin göstəricisidir. 

Bir sözlə, Qlobal Forumun gedişində dünya mediası bir daha Şuşadan yazdı, Şuşa bir daha dünya mediasının gündəmi oldu. 
İndi o yazının doğulduğu yerə qayıdıram. Elə həmən ağacın altında onu birlikdə oxuduq, dünyaya göz açmış kövrək sətirlərə ad qoyduq: “Bir nəfər Şuşada qaldı...”. Qəribə heç nə yoxdu. Biz hamımız Şuşada qaldıq! Özü də daimi, özü də əbədi! 

Natiq Məmmədli

 






Fikirlər