ELDAR QULİYEV – 72
Bu gün iyul ayının 26-da Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, professor Eldar Quliyevin 72 yaşı tamam olur.
Gənc yaşlarından prinsipiallığı, əzmkarlığı, elmə həvəsi, yüksək idarəçilik bacarığı və insanlara örnək ola biləcək ictimai-siyasi mövqeyi ilə fərqlənən Eldar Quliyev nümunəvi Azərbaycan vətəndaşı üçün səciyyəvi olan bütün müsbət xüsusiyyətləri xarakterində cəmləşdirmişdir. Həyatını və fəaliyyətini Azərbaycan dövlətinin və xalqının inkişafına, tərəqqisinə həsr etmiş Eldar Quliyevin çox az insana nəsib olan bu ali keyfiyyətləri ona həm elmdə, həm də ictimai-siyasi və təşkilati işlərdə uğurlu nəticələr əldə etməyə imkan vermişdir. Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışması, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi və Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini vəzifələrində işləməsi, daha sonra İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarla həmin təşkilata rəhbərlik etməsi Eldar müəllimin yüksək təşkilatçılıq qabiliyyətini sübut edir. İqtisad elmləri doktoru və professor adına layiq görülməsi isə onun elmə olan böyük marağının real nəticəsidir. Geniş elmi fəaliyyətinə və iqtisadiyyat elminə verdiyi töhfələrə görə bir çox xarici ölkələrin Elmlər Akademiyalarının həqiqi üzvü və fəxri doktoru seçilməsi, bu elm ocaqlarının orden və medalları ilə təltif edilməsi, Avropa ölkələrində çoxsaylı elmi əsərlərinin və kitablarının nəşr edilməsi, Almaniyada çap olunmuş “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilməsi və bir çox digər elmi uğurları bütün dünya azərbaycanlılarının və Türk dünyasının qəlbində böyük fərəh və qürur hissi oyatmışdır.
Fəaliyyəti dövründə daha bir məsuliyyətli missiyanı öz üzərinə götürən və seçicilərin böyük etimadı ilə II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Eldar Quliyev hər zaman vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq bir millət vəkili kimi böyük nüfuz qazanmışdır. Parlamentin işində yaxından iştirak edərək iqtisadi məsələlərlə bağlı uğurla həyata keçirilən bir çox qanunların qəbul edilməsinin təşəbbüskarı olmuşdur. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri kim bu gün də fəaliyyətini uğurla davam etdirən Eldar müəllim Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq bu vəzifəni yüksək səviyyədə həyata keçirir.
Eldar Quliyevin Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi gördüyü işlər isə böyük təqdirə layiqdir. Qısa müddətdə təşkilatın işinin müasir çağırışlara uyğun yenidən təşkil olunması və nəticədə qurumun fəaliyyətində nəzərəçarpacaq canlanmanın yaranması, 77 şəhər və rayon Ağsaqqallar Şurasının öz işlərini yüksək səviyyədə qurması, Şuranın beynəlxalq əlaqələrinin genişləndirilməsi, xüsusilə də Türk Dövlətləri Təşkilatının fəaliyyətində yaxından iştirak etməsi və əldə olunan bir sıra digər nailiyyətlər onun adı ilə bağlıdır.
Fəaliyyəti boyunca daim Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini dəstəkləyən Eldar Quliyevin səmərəli ictimai-siyasi fəaliyyətinə görə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunması dövlətimiz tərəfindən onun əməyinə verilən yüksək qiymətdir. Şərəfli və məhsuldar ömür yolu keçən Eldar müəllim həyatının bu kamillik çağında da müstəqil dövlətçiliyimizin inkişafına xidmət edən çoxşaxəli fəaliyyətini böyük ruh yüksəkliyi və uğurla davam etdirir.
Bu xoş fürsətdən istifadə edərək Eldar Quliyevi – Azərbaycan Ağsaqqallar Şurasının sədrini, vətənpərvər millət vəkilini, görkəmli elm xadimini, müdrik ağsaqqalı və dəyərli ziyalını şərəflə yaşadığı həyatının 72-ci İldönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, ölkəmizin və xalqımızın tərəqqisi naminə gərəkli ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından
AzerTaym İnformasiya Portalı.