FƏTTAH Heydərov yenidən AĞSAQQALLAR ŞURASININ sədri seçildi - YENİLƏNDİ (FOTO)
Bu gün Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib. Fəttah Heydərov qurultayda yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib. AzerTaym.az Azərtac-a istinadən xəbər verir ki, qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər. Qurultayda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, Ağsaqqallar Şurası ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən, onlara yol göstərən ağsaqqallardır. Təsadüfi deyil ki, Ağsaqqallar Şurası bir qurum kimi Azərbaycanda gərgin vəziyyətin hökm sürdüyü vaxtda yaranıb. Bu, təqdirəlayiq və məntiqli idi. Ulu öndər Heydər Əliyev ağsaqqallara xüsusi ehtiramla yanaşır, onlara güvənirdi. Azərbaycan ağsaqqalları ölkəmizə ictimai-siyasi sabitliyin bərqərar olunmasında böyük rol oynayıblar. Bu gün də ölkəmizin həyatında Azərbaycan ağsaqqallarının mühüm rolu var. Onlar ölkəmizin ictimai-siyasi, elmi, mədəni həyatında fəal iştirak edirlər. Prezident İlham Əliyev müvafiq sərəncamları ilə Ağsaqqallar Şurasının üzvlərini xidmətlərinə görə mükafatlandırıb. Ərəstun Mehdiyev əmin olduğunu bildirib ki, Azərbaycan ağsaqqalları bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətlərini uğurla davam etdirəcəklər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Xalid Qurbanov və digər çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycanda ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Xüsusən gənc nəslin tərbiyəsində onların rolu böyükdür. Çıxışlarda Ağsaqqallar Şurasının beş illik fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, Şura ictimai-siyasi hadisələrə diqqətlə yanaşır, bu proseslərdə fəal iştirak edir. Daha sonra Şuranın rəhbər orqanları seçilib. Fəttah Heydərov açıq səsvermə yolu ilə yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib. Sonra qurultayın qətnaməsi oxunub. Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayının nümayəndələri Prezident İlham Əliyevə müraciət qəbul ediblər. Bununla da Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı işini başa çatdırıb. *** Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı başlayıb. Qurultaydan əvvəl Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Qurultayda Heydər Əliyev, habelə müstəqillik uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların ruhu yad edilib. Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, 203 qurultay iştirakçısından 198-i toplantıya qatılıb. Qurultay işini gündəliyə uyğun davam etdirir. (apa)