Şuşaya köç nə vaxt olacaq? – “Ola bilər ki...”
“Birdən-birə işğaldan azad olunan ərazilərə insanlarımızın köçürülməsi mümkün deyil”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib. Müsahibimiz Laçın, Ağdam, Füzuli və Cəbrayıla köçlərin başlamasından sonra Şuşa, Kəlbəcər, Qubadlı və Zəngilandan olan keçmiş məcburi köçkünlərin öz torpaqlarına hələ də qayıda bilməməsinin səbəblərini izah edib. “Coğrafi və iqlim baxımından götürsək, Kəlbəcərin gediş-gəliş yolları olduqca çətindir. Əvvəllər Ağdərə-Kəlbəcər yolu var idi, lakin hələlik o yol müvəqqəti bağlıdır. Bu gün Kəlbəcərə Ömər aşırımından gedib-gəlmək olur. Bu gün oradan keçən tunel yolunda fasiləsiz işləyir və çalışırlar ki, yol nəzərdə tutulmuş vaxtdan tez təhvil verilsin. Beləliklə, o yol məsafə baxımından qısalacaq, eləcə də rahat gediş-gəliş təmin olunacaq”, – A. Məmmədov əlavə edib. Millət vəkili xatırladıb ki, bu gün Kəlbəcərdə təmir-bərpa işləri aparılır: “Artıq Kəlbəcərdə yaşayış, məktəb və xəstəxana binalarının, digər sosial obyektlərinin tikilməsi, o cümlədən infrastrukturun qurulmasına start verilib. Bu yaxında cənab Prezidentin Sərəncamı ilə Kəlbəcərə 80 milyon manat pul ayrıldı. Bu işlər davam edir. Bununla bərabər, Kəlbəcərdə yol sistemi, elektrik xəttinin çəkilişi davam edir. Hətta Zar və Ağqaya kəndləri istiqamətində yüksəkgərginlikli elektrik xətləri çəkilir. Atıq bölgədə köçə hazırlıq başlayıb. Əgər sadaladığım infrastrukturlar qurulmasa, bölgədə tikintinin və köçlərin olması mümkünsüzdür”. “O ki qaldı Şuşa, Zəngilan və Qubadlıya olan köçlərə, bu gün Şuşada da işlər gedir. Lakin müəyyən ərazilər ola bilər ki, oralar dövlət qoruğu kimi qəbul olunacaq. Burada sakinlərin məskunlaşma prosesi planlı şəkildə həyata keçiriləcək. İnanmıram ki, Şuşaya köç olmasın və sadəcə qoruq kimi qalsın. Mənə elə gəlir ki, orada yaşayış binaları tikiləndən sonra sakinlər köçürüləcək”, – deputat söyləyib. “Artıq Füzuli, Laçın, Ağdam və digər bölgələrimizə köç başlayıb və proses mərhələli şəkildə davam edəcək. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar olaraq I dövlət proqramı qəbul olunub. Yəni proqramda nəzərdə tutulmuş vaxt çərçivəsində köçlər və tikintilər mərhələli şəkildə həyata keçiriləcək”, – yekunlaşdırıb.