Azərbaycanlı hüquqşünas niyə Arayikə vəkil oldu?
"Hüquqdan və ədalət mühakiməsindən məlumatı az olan bəzi insanlar Alov Səfərəliyevin separatçı-terrorçu rejimin keçmiş rəhbəri olmuş Arayikin vəkili olmasını qılıncla qarşılayıb, onu az qala xəyanətdə suçlamaq istəyirlər". "Ölkə.Az" xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynli deyib. O bildirib ki, Arayik Arutyunyanın vəkili olmazsa onun barəsindəki məhkəmə hökmü etibarsız olar: "Siz heç bilirsiniz ki, belə bir qatı cinayətkarın vəkilinin olmaması nə demək olar? Bilirsinizmi ki, bu işdə vəkil olmasa, həmin əli qanlı terrorçu, uşaq qatili barəsində bütün cinayət təqibi materialları, onun barəsindəki məhkəmə hökmü etibarsız olar? Bəs bilirsinizmi ki, bütün bunlar həmin gədənin beynəlxalq məhkəmədə çox asanlıqla bəraət almasına gətirib çıxarar? Əminəm ki, heç biriniz qətiyyən belə arzulamırsınız. Ona görə də, ədalət mühakiməsindən, cinayət prosesindən anlayışı olan birisindən soruşun, sonra fikir bildirin, zəhmət olmasa. "Alov müəllim iliyindən saçının tükünədək vətənpərvər qardaşımızdır, I Qarabağ müharibəsində cəsarətlə döyüşüb. Həm də peşəkar vəkildir, nə etdiyini çox gözəl bilir. Bu cəsarətli işini də “uğurla” başa vuracaq", - deyə Ə. Hüseynli əlavə edib.
Minnətdar olmalıyıq ki, Alov bəy, belə bir cəsarətli addım atıb. Mən əminəm ki, onun da sayəsində bu cani tam qanuni və daşdan keçən məhkəmə hökmü ilə layiqli cəzasını alacaq. Siz də əmin olun. Onu heç kəs müdafiə edən deyil. Bu, sadəcə bir formallıqdır, qaçılmaz formallıq. Vəssalam".